İosif Stalin 1950-ci ildən sonra öz komandasında köklü kadr islahatları aparmağı planlaşdırıb. Hətta o, yaxın silahdaşlarının bəzilərini də siyasi elitadan uzaqlaşdırmağı düşünüb. Son çıxışlarında Stalin bu haqda fikirlərini də bildirib. Sovet lideri o cümlədən hərbi cameəyə də əl gəzdirməyi vacib sayıb. Belə ki, o, 1952-ci ildə keçirdiyi müşavirənin sonunda gözlənilməyən bir qərar verir.
Heç bir müzakirəsiz və səbəb göstərilmədən Stalin ordu generalı Sergey Ştemenko haqqında müşavirə iştirakçılarına fikrini bildirib:
- Biz belə qərara gəldik ki, Ştemenkonu Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsindən azad edək və onu başqa işə keçirək. Yoldaş Vasilevski (müdafiə naziri), məsələ ilə bağlı müvafiq sənədləri təcili hazırlayıb bu gün mənə təqdim edərsiniz.
Ştemenko bu qərarı sakitliklə qarşılayıb və əsl hərbçilərə məxsus istənilən əmrə müzakirəsiz müntəzir olduğunu nümayiş etdirib.
Müşavirə sona çatdıqdan sonra Stalin marşal Vasilevskini saxlayıb:
- Yoldaş Vasilevski, siz gözləyin.
Müşavirə zalı boşaldıqdan sonra Stalin marşaldan soruşub:
- Siz bildiniz mən nəyə görə Ştemenkonu vəzifəsindən azad etdim?
- Yoldaş Stalin, sizin qərarlarınız müzakirə olunmur.
- Amma indi mən bunun səbəbini sizə deyəcəm. Ştemenko sizin haqqınızda gecə-gündüz yazmaqdan yorulmur, amma mən yoruldum bu yazılardan, odur ki, onu vəzifəsindən azad etdim.
Maraqlıdır, Baş Qərargah rəisinin vəzifədən azad olunmasının əsl səbəbi nə olub?
Əslində səbəb heç də Stalinin Vasilevskiyə söylədiyi olmayıb. Sadəcə, Stalin əsl səbəbi gizlətmək üçün Ştemenkonun Vasilevski haqqında yazdıqlarını bəhanə gətirib. Digər bir tərəfdən marşal və generalların arasında həmişə bir gərginlik yaşanıb və onlardan çoxu da qarşı tərəfi “yıxmaq” üçün Stalinə haqlı-haqsız məktublar ünvanlayıblar. Amma bu “yazışmalar”a görə Stalin heç vaxt kadr dəyişikliyinə yol verməyib, o, bunu ciddi səbəb hesab etməyib və bu qeyri-ciddi səbəblərə görə əlini hərbi elitaya uzatmayıb. Çünki ali hərbi strukturda dəyişiklik ciddi məsələ sayılıb, xüsusilə də Stalinin hakimiyyəti illərində.
Ştemenkonun baş qərargah rəisi vəzifəsindən azad edilməsi isə Lavrenti Beriya ilə bağlı olub. Beriya ilə Ştemenko arasındakı isti münasibətlər Stalini narahat edib və o, istəməyib ki, Beriyanın Ştemenkonun vasitəsi ilə orduya təsir qüvvəsi artsın. Stalin yaxşı anlayıb ki, Beriyanın Silahlı Qüvvələrdə söz sahibi olması istənilən vaxt onun üçün təhlükəyə çevrilə bilər.
Amma bir faktı da qeyd edək ki, Beriya ilə Ştemenkonun arasında məxfi münasibət olmayıb. 1942-1943-cü illərdə Beriya Qafqaz və Şimali Qafqaz hərbi dairələrində olarkən onu müşayiət edənlərin arasında Ştemenkonun olması, Beriyanın bəzi tədbirlərdə Ştemenko haqqında yüksək fikir söyləməsi Kreml məmurlarında belə bir fikir formalaşdırıb ki, onların arasında gizli bir əlaqə var. Sonralar bu “gizli” əlaqə, daha dəqiqi, onun olmasına dair şübhələr Ştemenko üçün böyük problemlər yaradıb.
Qeyd edək ki, 1907-ci ildə Volqoqrad vilayətinin Uryupinck şəhərində anadan olan Ştemenko natamam orta təhsil aldıqdan sonra Moskvaya işləməyə gedib. Mərkəzi teleqraf binasının tikintisində fəhlə işləyib. 1926-cı ildə hərbi xidmətə yollanıb. Xidmətdən sonra Moskva Artilleriya Məktəbində, daha sonra isə Hərbi Akademiyada təhsil alıb. Müharibəyə qədər ayrı-ayrı hərbi hissələrdə kiçik hərbi vəzifələr daşıyan Ştemenko müharibə dövründə xidmətini döyüş bölgələrində davam etdirib. Peşəkarlığı və hərbi nəzəri bilikləri ilə fərqlənən Ştemenko 1943-cü ildə əvvəlcə Baş Qərargahda əməliyyat idarəsinin rəis müavini, daha sonra isə rəisi təyin edilib. Həmin dövrdə cəbhənin ayrı-ayrı istiqamətlərində Ştemenko hazırladığı uğurlu əməliyyatlarla yadda qalıb.
Ordu generalı rütbəsinə qədər yüksələn Ştemenko 1948-ci ildə Baş Qəraragah rəisi, müdafiə nazirinin müavini təyin edilib.
Yuxarıda qeyd etdiyimiz kimi, Ştemenko bu vəzifəsindən 1952-ci ildə azad edilib və Almaniyada sovet qoşunlarının qərargah rəisi vəzifəsinə göndərilib.
1953-cü ilin iyul ayında Lavrenti Beriyanın həbsindən sonra Ştemenko vəzifəsindən azad olunaraq nazirliyin sərəncamına göndərilib. Ancaq məsələ təkcə vəzifədən azad olunmaqla bitməyib. Ştemenkonun istintaqa cəlb edilməsi məsələsi gündəmə gəlib. Ştemenko həbs olunacağı ilə bağlı real təhlükəni hiss edərək Nikita Xruşşova məktub yazıb, Beriya ilə heç bir gizli əlaqəsinin olmadığını qeyd edib. Əslində, Ştemenko bu məktubun heç bir nəticəsi olmayacağını düşünüb. Amma Xruşşov məktuba reaksiya verib. Ştemenko məhkəmədə ittiham olunan kimi deyil, şahid qismində iştirak edib. Amma general cəzasız da qalmayıb. Onun rütbəsi iki pillə aşağıya, general-leytenant rütbəsinə salınıb və Qərbi Sibir Hərbi Dairəsinə qərargah rəisi vəzifəsinə təyin edilib.
1955-ci ildə Georgi Jukov SSRİ müdafiə naziri təyin olunanda Ştemenkonu Sibirdən Moskvaya qaytarıb və onu Baş Qərargahın kəşfiyyat idarəsinə rəis təyin edib, Ştemenkonun rütbəsi bir ulduz artaraq general-polkovnik olub.
Nikita Xruşşov 1957-ci ildə Jukovu nazir kürsüsündən uzaqlaşdıranda qara buludlar növbəti dəfə Ştemenkonun başının üstündə görünüb.
Xruşşov həmin ilin oktyabr plenumunda Ştemenko haqqında bu fikirləri səsləndirib:
“Ştemenko Sibirdən Moskvaya elə-belə gətirilməyib. Jukov onu Baş Qərargahın kəşfiyyat idarəsinə də elə-belə təyin etməyib. Bütün bunlar məqsədli olub və heç də xoş niyyətlə edilməyib...”
Ştemenko yenidən uzaqlara “sürgün” edilib. Bir müddət Volqoqrad və Qafqaz hərbi dairələrində xidmət etdikdən sonra nəhayət, 1964-cü ildə Breynevin təşəbbüsü ilə Baş Qərargah rəisinin müavini vəzifəsinə təyinat alıb və 1968-ci ildə o, yenidən ordu generalı rütbəsinə sahib olub. Beləliklə, Brejnev Ştemenkonun porlemlərinə son qoyub.
Başından qara buludlar əskik olmayan ordu generalı istefaya çıxdıqdan sonra memuarlarını yazıb. Ştemenko “Baş qərargah müharibə illərində” kitabı ilə məşhurlaşıb.
Sergey Ştemenko 1976-cı ildə, 69 yaşında vəfat edib.
İlham Cəmiloğlu,
Musavat.com