Bərdədə yaşayan kəlbəcərlilər təbiətin qorunması layihəsinə cəlb edildi

İyulun 30-da Bərdə rayonunda məskunlaşan Kəlbəcər rayonu, o cümlədən rayonun Başlıbel kəndindən olan sakinlərin iştirakı ilə təbiətin qorunması üçün maarifləndirici tədbir keçirilib.

“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin icra etdiyi “Təbiətin qorunması üçün icmalarla iş” layihəsi çərçivəsində təşkil olunan tədbirə 30-nəfərdən yuxarı iştirakçı qatılıb. Birlikdən Musavat.com-a verilən məlumata görə, həyata keçirilən layihə ilə bağlı iştirakçılara məlumat verən layihə rəhbəri Vüqar Həşimov bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan layihənin Bərdə, Gəncə və Mingəçevir şəhərlərində həyata keçirilməsi nəzərdə tutulub. Birinci maarifləndirici tədbir iyunun 9-da Bərdə şəhərində, ikinci maarifləndirici tədbir iyunun 28-də Gəncədə, üçüncü tədbir Mingəçevirdə keçirilib. İyulun 30-da Bərdədə keçirilən tədbir isə layihə üzrə nəzərdə tutulan sonuncu-dördüncü tədbirdir. Üç ay müddətində icra olunması nəzərdə tutulan layihənin əsas məqsədi Kəlbəcərdə fəaliyyət göstərən arıçılıq və fermer təsərrüfatlarının rəhbərləri, işçiləri, həmçinin rayona ziyarətə gedən sakinlərə təbiətin, ətraf mühitin qorunmasının zəruriliyi barədə, flora və faunaya, ətraf mühitə zərər vurmağın qanunvericilikdə hansı cəzaları nəzərdə tutduğu barədə maarifləndirməkdir.V.Həşimov qeyd edib ki, inkişafa nail olmağın yollarından biri maariflənmək, bilgi əldə etməkdir.

Birliyin fəaliyyət istiqamətlərindən biri də əhalinin   maarifləndirilməsidir. Əhalinin pulsuz maarifləndirmə xidmətlərinə əlçatanlığının təmini üçün təşkilatın 2022-ci ildən Bashlibel.az saytı, təşkilatın “Facebook” səhifəsi fəaliyyət göstərir. Təşklat fəaliyyətə başladığı vaxtdan etibarən həm maarifləndirici, həm də təbliğat işləri istiqamətində fəaliyyət göstərir. 2022 - 2023-cü illərdə təşkilata Kəlbəcər rayonu ərazisində flora və faunaya, ətraf mühitə ziyan vurulması hallarına yol verildiyi haqqında müraciətlər olub. Bu səbəbdən həmin rayonda müvəqqəti və daimi işləyən, təsərrüfat fəaliyyəti göstərən fermerler və ziyarətə gedən şəxslər arasında maarifləndirmə işlərinin həyata keçirilməsinə ehtiyac yaranıb. İcrasına başlanan Layihənin əsas məqsədi işğaldan azad edilən Kəlbəcər rayon sakinlərinin maarifləndirilməsi ilə həmin rayonun zəngin flora və faunasının mühafizəsi, bütövlükdə təbiətinin, ekologiyanın qorunmasına dəstək verməkdir. Bu layihə həmçinin Prezident İlham Əlliyevin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsinə, ölkəmizdə noyabr ayında keçiriləcək COP29 beynəlxalq tədbirinə töhfə də hesab oluna bilər. Layihə rəhbəri qeyd edib ki, hədəf qrupu kimi seçilən şəxslər ilin müəyyən dövrlərində xüsusi icazə əsasında həmin ərazilərə gedib-gəlir, orada işləyir, təsərrüfatla məşğul olur, 30 ildir ayrı düşdükləri yurdlarını ziyarət edirlər. İşğaldan azad olunan ərazilərdə təbiətə zərər vurulması, ərazidə əhalinin məskunlaşmaması səbəbindən qanunsuz ov etmə, elektrik və ya qadağan olunan başqa üsullarla balıq ovlama halları barədə həm mediada, həm də rəsmi orqanlar tərəfindən məlumat yayılır. Bu halların qarşısının alınması isə təkcə inzibati tədbirlər görməklə mümkün deyil. Layihənin icrası çərçivəsində işğaldan azad olunan ərazilərdə flora və fauna, ətraf mühitin mühafizəsinin vacibliyi, ekoloji cinayətlərin yaratdığı məsuliyyət barədə təbliğat həyata keçirilir.

4 maarifləndirici görüşdə iştirak edən 120 nəfərdən artıq sakin təbiətin və ətraf mühitin qorunmasının vacibliyi və bu hallara yol verənlərin daşıdığı məsuliyyətlə bağlı maariflənəcəklər. Eyni zamanda layihə çərçivəsində təbətin qorunması üçün 10 maarifləndirici, həmçinin məlumat xarakterli yazı dərc edilib. Sonra layihənin eksperti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov Kəlbəcər rayonunun, həmçinin Başlıbel kəndinin flora və faunası haqqında, təbii sərvətləri haqqında məlumatlandırma, rayon ərazisində təbiətin qorunması zərurəti, təbiətə vurulan ziyanın qanunvericilikdə yaratdığı məsuliyyətlər barədə maarifləndirici məruzəni təqdim edib. Ekspert iştirakçılara bildirib ki, 30 ilə yaxın erməni işğalında olan torpaqlarımız, o cümlədən Kəlbəcər Ali Baş Komandan İlham Əliyevin uğurlu strategiyası, orduzumun qüdrəti sayəsində azad edildikdən sonra bu ərazilərimizin təbətinin qorunması məsələsi də aktual mövzu olaraq meydana gəlib. Ermənilərin ekosid həyata keçirdiyi bu ərazilərimizin təbiətini qorumaq dövlətin müvafiq rəsmi orqanlarının işi olmaqla yanaşı, hər bir Kəlbəcər sakininin, oraya səfər edən, orada işləyən vətəndaşların ictimai vəzifəsi, vətəndaşlıq borcudur. Hər kəs bu ictimai vəzifəsinin məsuiyyətini dərk etməlidir. Təbiəti qorumaq həm də bölgənin gələcək inkişafına ən ciddi töhfəni verməkdir. A.Məmmədov qeyd edib ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi verdiyi, “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin həyata keçirməyə başladığı “Təbiətin qorunması üçün icmalarla iş” layihəsinin hədəf qrupu Kəlbəcərdə arıçılıqla, maldarlıq və qoyunçuluq təsərrüfatları ilə məşğul olan şəxslər, doğma yurdlarına ziyarətə gedən Kəlbəcər rayon sakinləridir. Bu layihə həmin şəxslərin təbiətin qorunması kimi vacib ictimai işdə bilgilərinin və aktivliyin artmasına töhfəsini verəcək.

Sonda tədbirdə iştirak edən şəxslərin sualları və təklifləri dinlənilib, fikir mübadiləsi aparılıb.

Musavat.com

30.07.2024 15:40
710