“Benzinin ucuzlaşacağı gözlənilmir. Bizdə yanacaq qiymətləri bazar şərtləri ilə formalaşmır ki, xərcin artması qiymətə təsir etsin”.
Bu fikirləri Musavat.com-a iqtisadçı-ekspert Xalid Kərimli bildirib.
O əlavə edib ki, qiymətləri Tarif Şurası təyin edir:
“Tarif Şurası da müəyyən məqamları nəzərə alaraq qiyməti təyin edir. İndiki məqamda təxmin etmirəm ki, qiymətlər bir faiz belə aşağı düşsün. Xüsusilə də, dizel yanacağının qiymətinin aşağı düşməsi gözlənilmir. “Aİ-95” və “Aİ-98”lə bağlı gözləntimiz var idi. Amma endirilmədi. Bəs bu dəyişikliyin səbəbi nədir? Belə ki, Azərbaycanda neftayırma zavodu qurulur. 2022-ci ildən proses başlayıb. Hələ ki, istismara verilməyib, amma gözlənilir. Hətta dizeli də xaricdən gətiririk. Xaricdən gətiriləndə də təbii ki, onların satış qiyməti ilə gətirilir.
Yəni atılan bu addım mövcud qiymətləri saxlamaq üçündür, ikincisi, bu, dəyər zəncirində iştirak edən şirkətlərin ziyana uğramaması üçündür. Ona görə qiymətlərin azalması gözlənilmir. Bu qərar yeni deyil, vaxtı bitib, sadəcə bu müddəti uzadırlar”.
Qeyd edək ki, Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bu gündən ölkəyə idxal olunan benzin gömrük rüsumundan azad edilib. Bundan başqa, Nazirlər Kabineti 19 yanvar 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş ölkə ərazisinə gətirilən aksizli malların aksiz dərəcələrində dəyişiklik edib. Yeni qərara əsasən, bu ilin sonuna qədər aviasiya benzinləri istisna olmaqla mühərrik benzinlərinin hər tonu üçün üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib, eləcə də emalın spesifik prosesləri üçün qazoylların və proseslərdə kimyəvi çevrilmələr üçün qazoylların hər tonu üçün aksiz vergisi 80 manat müəyyən edilib, həmçinin bu ilin sonuna qədər digər qazoylların hər tonu üçün aksiz vergisi 80 manatdan 1 manata endirilib.
Afaq Mirayiq,
Musavat.com