Benzinin qiyməti ilə bağlı ÖNƏMLİ AÇIQLAMA - Gələn ildən...

Gələn il Azərbaycanda premium markalı “Aİ-95” və super markalı “Aİ-98” benzinin qiymətinin artması gözlənilir.
 
Bəzi iqtisadçılar hesab edirlər ki, aksizlər üzrə daxilolmalar artırsa, bu, ölkədə “Aİ-95” və “Aİ-98” markalı benzinlərin qiymətlərinin yüksələcəyindən xəbər verir.
 
Bildirilir ki, sonuncu dəfə “Aİ-95” və “Aİ-98” benzinində bahalaşması 2022-ci ilin iyulunda baş verib. O zaman “Aİ-95”-in litri 1.6 manatdan 2 manata, “Aİ-98” isə 1.9 manatdan 2.3 manata qaldırılıb.
 
Azərbaycanda “Aİ-95” və “Aİ-98”-in qiymətləri qalxacağı təqdirdə “Aİ-92” də bahalaşacaq. 
 
İqtisadçı Razi Abbasbəyli Cebhe.info-ya açıqlamasında qeyd edib ki, “Aİ-95” və  “Aİ-98” markalı benzinin qiyməti Tarif (Qiymət) Şurası tərəfindən tənzimlənmir:
 
“Belə ki, “Aİ-95” və “Aİ-98” markalı benzin əsasən xarici ölkələrdən idxal olunur. Ona görə də bu markalı benzinlərin qiymətləri Tarif Şurası tərəfindən tənzimlənməsi mümkün deyil. 
 
Ölkədə “Aİ-95” və “Aİ-98” markalı benzinin qiymətinin bahalaşması dünya bazarında baş verəcək dəyişikliklərdən asılıdır. Azərbaycanda peremium markalı benzinin qiymətində artım və ya azalma dünya bazarında qarşılıqlı iqtisadi münasibətlər, eyni zamanda logistik daşımalar və neftin qiymətinin artıb-artmaması məsələlərindəki proseslər müəyyən edəcək.
 
Bildirim ki, 2021-ci ildən bu günə qədər “Aİ-95” və “Aİ-98” markalı benzinin qiymələrində ardıcıl artımlar əsasən, Rusiya-Ukrayna müharibəsi və logistik daşımalarda yaranan problemlərdən irəli gəlir. Nəticə etibarı ilə Azərbaycan idxalçı ölkə olduğuna görə ölkədə peremium markalı benzinin qiymətinin bahalaşması təəccüb doğurmur. 
 
O ki qaldı “Aİ-92” markalı benzinin  qiyməti ilə bağlı proqnozlara, bəzən bu məsələyə aid müəyyən ehtimallar irəli sürülür. Hətta ötən ilin ortalarında Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun təmiri və yenidənqurulması üçün ayrılan dövlət xərclərinin artdığını əsas gətirilərək “Aİ-92” markalı benzinin qiymətinin bahalaşacağı iddia edilirdi.
 
Hələlik Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya işləri yekunlaşmadığından, həmçinin emal prosesində xərclərin nə qədər olacağı ilə bağlı proqnozlar müəyyən edilmədiyindən “Aİ-92” markalı benzinin qiymətinin bahalaşacağını şərtləndirən səbəb yoxdur. Qeyd edim ki, “Aİ-92” markalı benzinin qiymətində artım yalnız Tarif Şurasının qərarından asılıdır”. 
 
Ekspert “Aİ-95” və “Aİ-98” markalı benzinin qiymətində bahalaşma ehtimalına bu cür münasibət bildirib:
 
“İndiki halda bunu proqnozlaşdırmaq mümkün deyil. Çünki bu, qlobal birjalarda dəyişikliklərdən asılıdır. Bunun üçün yalnız bir həftəlik fyuçersləri nəzərdən keçirə bilərik. Məsələn, yanvar-fevral fyuçerslərində neftin qiymətinin bahalaşması ilə bağlı fundamental dəyişiklik görmürük. Yəni, indidən proqnoz vermək məntiqi cəhətdən qeri-peşəkarlıq olar”. 
 
Razi Abbasbəyli hesab edir ki, Azərbaycanda “Aİ-92” markalı benzinin qiyməti sabit saxlanıla və ya ucuzlaşdırıla bilər:
 
“Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun istehsal gücü üçün hasilatın iki-üç milyon tona qədər yüksəlməsi nəzərdə tutulub. Zavodun istehal gücü 7.5 milyard tondur. Bu baxımdan zavodda “Aİ-92” markalı benzinə olan ehtiyacın “Avro 5” standartlarına keçidin təminatı mümkün olarsa, istehlakçıların tələbləri tam olaraq qarşılanarsa, o zaman ölkə daxilində bu markalı benzinin qiyməti ən azından sabit saxlamaq mümkün olacaq. Ancaq bunun üçün yenə də bir çox sahələrdə dotasiya tələb olunur. Çünki Azərbaycan bazarı böyük bazar deyil və kiçik istehsal adətən ziyanla üzləşir. 
 
Ekspert Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yenidənqurma və bərpa-təmir işlərinə də münasibət bildirib:
 
“Məqsəd ondan ibarətdir ki, Azərbaycanda təkcə “Aİ-95” və “Aİ-98” markalı benzin yox, hətta avro standarlara cavab verən dizel yanacağı da istehsal olunsun. Bununla bağlı ətraflı müzakirələr aparılıb və ilkin hədəflər müəyyən edilib. Amma bu hədəflərə nə zaman nail olacağıq, bunu zaman göstərəcək”. 
21.11.2023 10:04
13671