“Bələdiyyələrə öz ayaqları üzərində dayanmağı öyrətməliyik”

Milli Məclisdə “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə − “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunub.

Musavat.com-un xəbərinə görə, layihə barədə komitə sədri Siyavuş Novruzov ətraflı məlumat verib. 

O, bələdiyyələrin sayının 684-dək azaldılacağını söyləyib.

Deputat Razi Nurullayev çıxışında bildirib ki, bələdiyyələrin birləşdirilməsini bəyənir:

“Çoxdan gözlədiyim və arzusunda olduğum bir qanun layihəsidir. Bələdiyyələrin inkişafı və fəaliyyət göstərdikləri ərazilərdə insanların həyatında daha müsbət rol oynaması üçün təkliflərimi səsləndirirəm. Bələdiyyələrin bilik və bacarıqlarının artırılması üçün konkret işlərin görülməsinə ehtiyac var. Bura bələdiyyələrin idarə edilməsi, layihələrin həyata keçirilməsi və biznes fəaliyyətinin qurulması daxildir. Hər il Ədliyyə Nazirliyi belə təlimlər keçib, amma o təlim və seminarların faydası gözləntilərimiz qədər deyil”.

Bununla yanaşı, R.Nurullayev qeyd edib ki, bələdiyyə iş yeri yaratmalıdır, biznes layihəsi həyata keçirib pul qazanaraq yerli inkişafa töhfə verməlidir:

“Amma bu gün görürük ki, bir çox bələdiyyələrin gözlə görünən qazancı əsasən torpaqların satışı və icarəyə verilməsidir. Demək olar ki, əksər kənd bələdiyyələri dotasiya alır. Dotasiya alan bələdiyyələr nə inkişaf layihələri həyata keçirəcək? Əgər bir bələdiyyə özünü saxlaya bilmirsə, sakinlərə necə xidmət edə bilər? Məhz bunu əsas gətirərək təklif edirəm ki, yaradılacaq 684 bələdiyyələrin hər biri ilə bağlı ayrı-ayrılıqda inkişaf strategiyası hazırlansın. Bələdiyyələrin biznes bacarıqlarının inkişaf etdirilməsi üçün onların banklarla əlaqələri gücləndirilsin və banklar birbaşa onların inkişaf strategiyasında iştirakçı olsunlar. İkincisi, bələdiyyələrin biznes bacarıqlarının inkişaf etdirilməsi üçün xarici tərəfdaşlar cəlb edilsin. Dünyada xeyli yerli inkişaf üzrə təşkilatlar var ki, onlar bu sahədə bizə ciddi köməklik göstərə bilərlər. Biz bələdiyyələrə öz ayaqları üzərində dayanmağı və sonra da xidmət etdiyi əraziləri qaldırmağı öyrətməliyik. Üçüncüsü, bələdiyyələrin tez-tez, ən azı ildə bir dəfə ümumrespublika yığıncağı keçirilsin və hər bir bələdiyyənin ən azı iki üzvü orada iştirak etsin. Ekspertlər çıxış etsin, təcrübə bölüşsünlər, dünya təcrübəsindən nümunələr gətirsinlər.

Bələdiyyə üzvləri daim müxtəlif analoji toplantılarda olmalıdırlar ki, dünyagörüşləri artsın, təcrübə toplasınlar. Toplantılar da sadəcə üstəgəl işarəsi qoymaq xatirinə keçirilməsin. Çünki həm yerli, həm də xaricdə keçirilən belə tədbirlərdə olmuşam və onların effektiv olması məndə inam yaratmayıb”.

Deputat digər təklifindən də bəhs edib:

“Hər bir seçki dairəsindən deputatlar iki nəfər bələdiyyə üzvünü dəvət etsin və birlikdə onlarla birlikdə toplantı keçirək. Onlar problemlərini sadalasınlar və məhz o nöqtədən yanaşaraq işlər aparaq. Onların əmlak, torpaq, sənədləşmə ilə bağlı o qədər çətinlikləri var ki, heç onların xeyli hissəsi burada səsləndirilməyib, amma onlar üçün ciddi maneələr yaradır. Ümid edirəm ki, bələdiyyələrin birləşməsindən sonra biz artıq onların verdiyi gözəl töhfələr haqqında danışacağıq”.

E.Paşasoy,
Musavat.com

18.10.2024 13:52
269