Belarus Qazaxıstan neftinin öz ərazisindən nəql tarifini artırır  

 

Belarus öz ərazisindən Avropaya neft nəqli tariflərinin indeksləşdirilməsi üçün yeni variant təklif edib.

Musavat.com "Kommersant"a istinadən xəbər verir ki, hazırda yalnız Qazaxıstan neftini daşıyan “Drujba” neft kəmərinin şimal qolu üçün Minsk tarifin 43 faiz, Rusiyadan tədarükün davam etdiyi cənub qolu üçün isə 14,5 faiz artırılmasını təklif edir.

Nəşrin məlumatına görə, Belarusun neft nəqli sisteminin operatoru “Gomeltransneft Drujba” noyabrın 17-də “Transneft”ə 2024-cü il fevralın 1-dən onun ərazisindən neft tranziti üçün tariflərin artırılması təklifi ilə məktub göndərib. Plana əsasən, Uneça-Adamovo (Belarus vasitəsilə Almaniyaya gedən) şimal istiqaməti boyunca neft ötürmənin dəyəri 43,4 faiz artırılaraq 1 ton üçün 653,8 rubla, Uneça-Brodının cənub qolu boyunca (Belarus və Ukraynadan Macarıstana, Slovakiyaya və Çexiyaya) - 14,5 faiz artırılmaqla 1 ton üçün 195,8 rubla qədər. Belarus tərəfinin əsaslandırmasına görə, bu, cənub xəttində nəql hesabına şimal xəttində daşıma xərclərinin çarpaz maliyyələşdirilməsini aradan qaldırmaq üçün lazımdır. Beləliklə, sistem üçün xüsusi tarif 100 km üçün 104,3 rubl təşkil edəcək.

Qəzetin yazdığına görə, məktubda tranzit marşrutlarında yük dövriyyəsinin 2022-ci illə müqayisədə təxminən beş dəfə, o cümlədən Adamovoda 17 dəfə azalmasına səbəb olan “gözlənilməz hallar”dan bəhs edilir. Söhbət Polşa və Almaniyanın sanksiyaların tətbiqi fonunda Rusiya neftini almaqdan imtina etməsindən gedir. Hazırda “Drujba”nın şimal qolu ilə Avropaya yalnız Qazaxıstandan xammal daşınır, bu il üçün proqnoz həcmi 1,2 milyon tondur.

Bundan əvvəl “Gomeltransneft Drujba” ASC “Transneft”i tarifləri 1,8 dəfə artırmaq istəyi barədə məlumatlandırıb. "Belarus ərazisindən tranzit daşımaların azalması kontekstində "Gomeltransneft Drujba" "Transneft" PJSC-yə neftin respublika ərazisindən tranzit nəqli tariflərini 84 faiz artırmağı təklif edib. Bildirilib ki, Polşa istiqamətində neft daşımalarının xüsusi tarifinin artırılması, Almaniya istiqamətində 100 ton-kilometrə 0,91 dollardan 1,67 dollara, Ukrayna istiqamətində isə 100 ton kilometrə (tkm) 1,14 dollardan 2,09 dollaradək qaldırılması planlaşdırılıb. Şirkət vurğulayır ki, Belarus operatoru tərəfindən neftin Belarus ərazisindən tranzit daşınması üçün təklif olunan tariflər Ukrayna və Qazaxıstan operatorları tərəfindən müəyyən edilən tariflərdən aşağıdır. Bu təklifi Rusiya tərəfi qəbul etməyib.

 “Gomeltransneft Drujba” Belarus ərazisindən neft nəqlinin 2023-cü ildə iki dəfə azalacağını gözləyir. 2022-ci ildə Belarusun magistral neft kəməri sistemi ilə nəqli 7,3 faiz azalaraq 49,6 milyon tona düşüb. Müəssisə 2021-ci ildə 53,5 milyon ton, 2019-cu ildəki 63 milyon tona qarşı 2020-ci ildə 61,5 milyon ton neft nəql edib.

 

Musavat.com

15.12.2023 12:04
428