BƏƏ Ermənistana Rusiyadan daha çox yatırım etdi - nonsens, yoxsa...

ABŞ 15 Birləşmiş Ərəb Əmirlikləri şirkətini qara siyahıya saldı, onların Ermənistandakı tərəfdaşları isə “unuduldu”

“Ermənistan tarixində ilk dəfədir ki, ölkə iqtisadiyyatına birbaşa investisiya qoyuluşunda birinci yerə Rusiya yox, Birləşmiş Ərəb Əmirlikləri çıxır”. Bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan parlamentdə 2024-cü il büdcə layihəsinin müzakirəsi zamanı deyib.

Nazir qeyd edib ki, Rusiya 2023-cü ilin doqquz ayında 250 milyon dollar birbaşa investisiya ilə BƏƏ-dən sonra ikinci yerdədir. Eyni zamanda o əlavə edib ki, bu ilin doqquz ayında Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ilə investisiyaların ümumi həcmi 305 milyon dollar təşkil edib. Aİİ ölkələrindən transferlər 31,3 faiz artaraq 3,8 milyard dollara, Rusiya Federasiyasından isə 42 faiz artaraq 2,7 milyard dollara çatıb.

Kerobyan deyir ki, BƏƏ ilə ticarət dövriyyəsinin artmasının əsası 2020-ci ildə Dubayda keçirilən ixrac sərgisində yaradılan əlaqələr, imzalanan sazişlərlə qoyulub. Bu halda sual yaranır ki, əsas bu sərgidirsə, niyə dəfələrlə artım 2021-ci ildə deyil, 2022-ci ildə - Rusiyaya sanksiyalar tətbiq olunandan sonra baş verdi?

Kerobyanın verdiyi məlumata görə, ərəblər yaxın vaxtlarda daşınmaz əmlak, turizm və səhiyyə sahəsində yeni investisiya layihələrinin  icrasına başlayacaqlar.

BƏƏ-dən Qərb tərəfindən ixracı qadağan olunan malların Rusiyaya reixracı üçün istifadə məsələsinə gəlincə, Kerobyan arxayınlıqla bildirir ki, Ermənistan hökuməti şirkətlərin sanksiya altına düşməməsi üçün əlindən gələni edir.

Qeyd edək ki, Ermənistanın BƏƏ ilə ticarət əlaqələri son onillikdə xeyli genişlənib. Bu proses əsasən Ermənistanın Rusiyadan emal olunmamış brilyantı, qızılı idxal edərək, onlardan  hazırlanan zinət əşyalarını BƏƏ-yə ixracını, həmçinin ərəb dövlətinin azad iqtisadi zonalarından avtomobil idxalını artırması hesabına sürətlənib. Ermənistan hökuməti ölkədə brilyant emalı və zərgərliyin inkişafını təmin etmək üçün emal olunmamış qızıl və brilyantın idxalını vergi və rüsumlardan azad edib. Amma hər iki məhsulun emal olunmuş formalarına, onlardan hazırlanan qiymətli zinət əşyalarının idxalına 10 faizlik əlavə rüsum tətbiq olunub.

Kerobyan bu ilin martında ölkədən işlənmiş brilyant ixracının sürətlə artdığını elan edib. Onun sözlərinə görə, 2020-ci ildə bu ixrac 75 milyon dollar, 2021-ci ildə 175 milyon dollar, 2022-ci ildə isə 417 milyon dollardan yuxarı olub. Nazirin bu açıqlaması Ermənistan parlamentində çox ciddi müzakirələrə, hətta araşdırmaların başlanmasına səbəb olub. Çünki Ermənistanda brilyant emalı sahəsində çalışanların bu qədər daşı emal etməsi fiziki baxımdan mümkün deyil. Parlamentdə sahənin ekspertləri ilə geniş müzakirələr aparılıb, yekunda bu qənaətə gəlinib ki, ermənilər yenə hiyləgərliyə əl atıblar: Rusiyadan emal olunmuş brilyantı emal olunmamış adı altında gətirib, reixracını təşkil edirlər. Bundan əlavə, bir çox ekspertlər ölkəyə brilyant idxalının xeyli hissəsinin uçotdan yayındırıldığını bildirirlər. Onların araşdırmasına görə, özü brilyant hasilatçısı olmayan ölkəyə keçən il brilyant idxalında cəmi 266 milyon dollar, ixracında isə 312 milyon dollarlıq artım qeydə alınıb. Emal olunmuş və ya yarımemal olunmuş qızıl idxalı 143 milyon dollar artsa da, onun ixracında 280 milyon dollar artım olub.

Daha maraqlı bir fakt budur ki, 2023-ci ildə Ermənistanın idxalını üstələyən brilyant ixracının həcmi 500 kq təşkil edib. Ermənilərin özləri belə təəccüblənirlər ki, il ərzində idxal olunan xammal formasında brilyant ixraca yönələndə necə yarım ton artım göstərib...

Rusiya mətbuatı Kerobyanın BƏƏ investisiyaları barədə açıqlamasını qəzəblə qarşılayıb. Rusiyalı ekspertlər bildirirlər ki, Rusiya investisiyaları Ermənistan iqtisadiyyatının ən çox ehtiyac duyulan sektorlarına yönəldiyi halda, BƏƏ sərmayələri yalnız filiz emalına yönəlib. Onların yazdığına görə, bu ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 56 dəfə artaraq 101 milyarddan çox dram təşkil edən ərəb investisiyalarının 101milyard dramı metal filizi emalı sahəsinə yönəlib. Bundan kənarda 105 milyon dram elektrik avadanlıqlarının istehsalına, 34 milyon dollar pərakəndə ticarət sektoruna yatırılıb.

Rusiyalı ekspertlər bildirirlər ki, bu ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artıb 118 milyard drama çatan Rusiya investisiyaları isə iqtisadiyyatın kənd təsərrüfatı, ərzaq məhsullarının istehsalı, enerji təsərrüfatının inkişafı və digər sahələrinə yönəldiyi üçün Ermənistana BƏƏ investisiyalarından daha böyük xeyir gətirəcək.

Erməni ekspertlərin rəsmi statistikaya istinadən yaydığı məlumata görə, son aylarda Ermənistandan Rusiyaya “boz ixrac” - yəni qeydiyyatsız ixrac sürətlə artır. Məsələn, bu ilin yanvar-avqustunda 1,6 milyard dollardan yuxarı “maşın, avadanlıq və mexanizm” idxalı qeydə alınsa da, bu qrup məhsulların ixracı cəmi 800 milyon dollar təşkil edib. “Yerüstü, hava və su nəqliyyat vasitələri” idxalı 1,4 milyard dollar, ixracı isə cəmi 460 milyon dollar olub. Ötən il ərzində, hətta bu ilin mayına qədər bu məhsulların idxal həcmi ilə ixrac həcmi arasında çox cüzi fərq olub. Üstəlik, avqust ayında Rusiyaya ixracın rəsmi açıqlanan həcmində ciddi azalma baş verib. Bu isə ondan xəbər verir ki, ermənilər Qərbin Rusiyaya sanksiyalı malların reixracına nəzarəti gücləndirməsi fonunda “böyük qardaş”a ixracı gizlətməyə başlayıblar.

Onu da bildirək ki, Ermənistan yalnız BƏƏ deyil, Səudiyyə Ərəbistanı, Qətər və digər ərəb dövlətləri ilə də əlaqələrini sürətlə dərinləşdirir. Azərbaycanın Qarabağ bölgəsini separatizmdən tam təmizlədikdən sonra ərəb ölkələrinin Ermənistanla münasibətləri genişləndirməsində hər hansı problem yoxdur bəlkə də. Amma nəzərə alsaq ki, Ermənistanın sanksiyalı malların Rusiyaya reixrac mərkəzinə çevrilməsinə göz yuman Qərb bu prosesdə İrəvanla tərəfdaş olanları cəzalandırır, onda yalnız ərəb dövlətlərinin deyil, digər ölkələrin də ehtiyatlı davranmasında fayda var.

Xüsusilə bugünlərdə çoxsaylı şirkətləri ABŞ Maliyyə Nazirliyinin sanksiyalarına məruz qalan BƏƏ rəsmiləri bu amili nəzərə almalıdırlar. Xatırladaq ki, ABŞ BƏƏ-də qeydiyyatdan keçmiş və Rusiyaya sanksiyalardan yayınmaqda kömək edən 15 şirkəti sanksiya siyahısına daxil edib. Nazirliyin saytında yerləşdirilən məlumata görə, sanksiyalar 365 "Days Freight Services FZCO", "Alcotech International Trading, Alfa Logistics FZCO", "ARX Financial Engineering Limited", "Bliksem Computers and Requisites Trading Company MMC", "Dream Lite Trading MMC", "Dubai Sea Breeze", "Flavic FZE", "Globe Trekkers MMC", "Hyperel FZCO", "Kobolt Trading FZ LLC", "Mobitronix MMC", "SM Distribution Inc FZCO", "Solinvest LTD" (Əbu-Dabi), "TCH Consultancy" şirkətlərini əhatə edir.

Qara siyahıya düşən şirkətlərin əksəriyyəti Dubayda, ikisi - "Solinvest LTD" və "TCH Consultancy" Əbu-Dabidə, daha ikisi - "Flavic FZE" və "Kobolt Trading FZ LLC" müvafiq olaraq Şarja və Ras Əl-Xaymədə qeydiyyatdan keçib.

Bundan başqa, BƏƏ-nin rezidenti olan bir neçə şəxsə də sanksiya tətbiq edilib. Onların arasında iki Rusiya vətəndaşı - VTB-nin keçmiş vitse-prezidenti Natalya Solozentseva və Beyşen İsayev də var. ABŞ Maliyyə Nazirliyi onların qara siyahıya salınması üçün əsas kimi "ARX Financial Engineering Limited"in fəaliyyətlərində iştirakını göstərir. Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) dəqiqləşdirməsində qeyd edilirki,  Solozentsevanın funksiyası ARX-in biznesini “gücləndirmək və inkişaf etdirmək” idi.

Departamentin məlumatına görə, ARX rusiyalı investorlara investisiya xidmətləri, o cümlədən Rusiya maliyyə aktivlərinin köçürülməsi, BƏƏ-də broker və bank hesablarının yerləşdirilməsi imkanı təklif edir: “ARX sanksiyaya məruz qalan VTB Bankdan Rusiya rublunun köçürülməsi və ABŞ dollarına çevrilməsi yollarının tapılmasında iştirak edib. ARX həmçinin sanksiyalara məruz qaldığı halda müştəri aktivlərinin müəyyən edilməsi riskini azaltmaq yollarını tapıb”.

Ümumilikdə Rusiyaya yardıma görə 200-ə yaxın hüquqi şəxs qara siyahıya salınıb. Sanksiyalar siyahısına daxil edilmək həmin hüquqi şəxslərin ABŞ-dakı aktivlərinin dondurulması və Amerika vətəndaşlarının və şirkətlərinin onlarla əməkdaşlığının qadağan edilməsi deməkdir.

Qeyd edək ki, bundan əvvəl bir neçə dəfə BƏƏ-yə həm ABŞ, həm də Avropa İttifaqından Rusiyaya sanksiyalı malların ikili idxalında yardımla bağlı xəbərdarlıq olunub. ABŞ Maliyyə Nazirliyindən sonra Avropa İttifaqının da analoji addım atacağı gözlənilir.

Göründüyü kimi, BƏƏ-dəki şirkətlərin Ermənistandakı tərəfdaşları ABŞ Maliyyə Nazirliyinin “diqqətindən yayınmağı” bacarıblar. Eyni halın Avropa İttifaqının sanksiya siyasətində də qeydə alınacağı şübhə doğurmur. Bu baxımdan, Ermənistanla ticarət əlaqələrini genişləndirən hər bir ölkə, hər bir şirkət Qərbin sanksiya siyahısına düşmək ehtimalını nəzərə almalıdır.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

 

07.11.2023 14:11
3163