BƏƏ ABŞ-la F-35 söhbəti etməyəcək

Birləşmiş Ərəb Əmirlikləri prezident seçkilərinin nəticəsindən asılı olmayaraq, ABŞ-dan beşinci nəsil F-35 qırıcılarının alınması ilə bağlı danışıqları bərpa etmək niyyətində deyil.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" BƏƏ hökumət rəsmisinə istinadən məlumat yayıb.

Rəsmi bildirib ki, ölkəsi ABŞ-la F-35 söhbətinə qayıtmayacaq:

"Mövqeyimiz dəyişməz olaraq qalır və ABŞ-da keçiriləcək seçkilərin nəticəsindən asılı olmayaraq, yaxın gələcəkdə F-35 ilə bağlı müzakirələrin davam edəcəyini gözləmirik".

BƏƏ rəsmisi "Reuters"ə qeyd edib ki, F-35-in istismarı ilə bağlı texniki tələblər, milli əməliyyat məhdudiyyətləri və mənfəət-xərc təhlili BƏƏ-nin o zamankı mövqeyinin yenidən qiymətləndirilməsinə səbəb olub, Əbu-Dabinin hazırkı mövqeyinin əsasını məhz bu amillər təşkil edir.

Sentyabrın 13-də "Reuters" öz mənbələrinə istinadən bəyan edib ki, noyabrın 5-də keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp qalib gələrsə, BƏƏ F-35-lərin alınması ilə bağlı danışıqları bərpa edə bilər.

2020-ci ilin sonunda, Trampın prezidentliyi dövründə Dövlət Departamenti Konqresə BƏƏ-yə 50-yə qədər "Lockheed Martin" şirkətinin istehsalı olan F-35 qırıcı təyyarəsinin, həmçinin 18 MQ-9B kəşfiyyat aparatının və digər qabaqcıl silah sistemlərinin satışına icazə vermək niyyəti barədə müraciət göndərib. Ümumi dəyəri 23,37 milyard dollar olan sövdələşmə BƏƏ və Bəhreyn arasında ABŞ vasitəçiliyi ilə İsraillə münasibətlərin normallaşdırılmasına dair razılaşmalardan sonra elan edilib.

Bununla belə, Co Baydenin başçılıq etdiyi yeni Vaşinqton administrasiyası satışı dayandırıb, bildirilib ki, Səudiyyə Ərəbistanı və BƏƏ ilə Tramp dövründə təsdiqlənmiş milyarlarla dollarlıq silah əməliyyatları üzrə qiymətləndirmə aparılacaq.

"Financial Times"ın qeyd etdiyi kimi, Bayden administrasiyası həssas texnologiyaların Çinə ötürülməsi ehtimalından narahat idi və bu səbəbdən F-35-lərin satışı ilə bağlı danışıqlar dalana dirəndi.

Musavat.com

14.09.2024 22:44
1036