Bayram həftəsi girdi - Qurban kəsəcək tanınmışlar

Onların arasında deputatlar da, partiya sədrləri də var

Ramazandan sonra İslam aləmində ikinci böyük dini bayram olan Qurban bayramına sayılı günlər qalır. İyunun 5-6-da müsəlman ölkəsi olan Azərbaycan da əziz bayramı qeyd edəcək. Qurban bayramı təkcə bir dini ənənə deyil, həm də paylaşmaq, yardımlaşmaq və Allahın rizasını qazanmaq üçün mühüm bir vasitədir.

Qurban bayramı İslam peyğəmbəri Həzrət İbrahimin oğlunu - bəzi rəvayətlərdə İsmayılı - Allah yolunda qurban verməyə hazır olması ilə bağlı hadisəyə əsaslanır.

Bayram Həcc ziyarəti ilə də üst-üstə düşür və bu günlərdə Məkkədə minlərlə zəvvar eyni zamanda qurban kəsir. Digər müsəlman ölkələrində isə bu ibadət fərdi şəkildə və ya təşkilatlanmış formada həyata keçirilir. Şəriətə görə qurban kəsmək müəyyən şərtləri daşıyan şəxslər üçün vacib sayılır. Bu şərtlərə büluğ yaşına çatmış (yəni yetkinlik yaşında), ağıllı (ruhi sağlamlığı yerində olan), səfərdə olmayan və nisab miqdarında mal-dövləti olan (bu miqdar əsasən zəkat üçün tətbiq olunan həddir - təxminən 85 qram qızıl və ya dəyərində pul və ya mal-mülk) şəxslər daxildir. İslam alimlərinin bir çoxu bu ibadətin vacib yox, müstəhəb (yəni çox tövsiyə edilən) olduğunu da bildirirlər. Lakin icma arasında bu ənənəyə çox böyük önəm verilir və geniş şəkildə yerinə yetirilir.

Qurban edilən heyvanlar xüsusi şərtlərə cavab verməlidir. Qurani-Kərimdə və hədislərdə bu şərtlər aydın şəkildə göstərilir:

  1. Qoyun və ya keçi (ən azı 1 yaşında olmalıdır, ancaq 6 ayını doldurub fiziki cəhətdən inkişaf etmiş qoyun da kəsilə bilər);
  2. İnək və ya camış (ən azı 2 yaşında);
  3. Dəvə (ən azı 5 yaşında).

Qurbanlıqlar yalnız şəriətə uyğun yaş və sağlamlıq göstəricilərinə cavab verən heyvanlar olmalıdır. Xəstə, zəif, əzalarının bir hissəsi olmayan və ya əzab çəkərək öləcək vəziyyətdə olan heyvanların kəsilməsi şəriətə ziddir. Heyvanların əzab verilmədən, təmiz və insani şəkildə kəsilməsi tövsiyə olunur. Qurban ətinin bölüşdürülməsi də dini baxımdan əhəmiyyətlidir və müəyyən qaydalara tabedir. Üç bərabər hissəyə bölünməsi tövsiyə olunur. Bir hissəsi ailə və özünə saxlanılır, ikinci hissəsi qohum və tanışlara, üçüncü hissəsi isə ehtiyac sahiblərinə və kasıblara verilir. Bu bölgü həm ehtiyaclıların ətə olan tələbatını ödəməyə kömək edir, həm də cəmiyyət daxilində yardımlaşma və sosial həmrəyliyi gücləndirir.

Qurbanlıq heyvanın əti, dərisi və heç bir hissəsi satıla bilməz. Əgər dərisi istifadə olunmayacaqsa, kasıblara və ya məscidə bağışlanmalıdır. Qurban kəsən şəxsin bu əməldən maddi gəlir götürməsi şəriətə ziddir. Son illərdə xüsusilə şəhər mühitində fərdi şəkildə heyvan kəsmək çətinləşdiyindən, bələdiyyələr, dini icmalar və xeyriyyə təşkilatları tərəfindən təşkil olunmuş qurban aksiyaları geniş yayılıb. Bu aksiyalar vasitəsilə vətəndaşlar qurban payını ehtiyac sahiblərinə çatdırmaq üçün ianələr edir və bu ibadəti səliqəli, təmiz və şəriətə uyğun şəkildə yerinə yetirirlər.

Heyvanların məscidlərin həyətində və ya küçələrdə kəsilməsi yolverilməzdir. Qurban kəsmə prosesi yalnız müvafiq icra hakimiyyətləri tərəfindən müəyyən olunmuş məkanlarda həyata keçirilməlidir. Gigiyenik normalara və sanitar-gigiyena qaydalarına riayət edilməlidir.

Qurban bayramı yalnız bir ibadət deyil, İslamın sosial ədalət və paylaşma prinsipinin canlı təcəssümüdür. Bu bayramın mahiyyəti təkcə bir heyvanın kəsilməsində deyil, Allaha yaxınlaşmaq, ictimai həmrəylik yaratmaq və ehtiyaclı insanlara yardım əli uzatmaq kimi dəyərlərdədir.

Azərbaycan cəmiyyətində də Qurban bayramı bu anlamda yüksək şüur və məsuliyyətlə qarşılanır. Təmiz niyyət, düzgün niyyətlə edilən hər bir qurban - dini, mənəvi və sosial baxımdan böyük savab gətirir. Bəs tanınmışlardan kimlər qurban kəsəcək?

Fazil Mustafa: “Ən yüksək bal toplayanlar müsahibədə müqaviləli şəxslərə  uduzur”

Fazil Mustafa

Deputat Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında bildirib ki, hər il olduğu kimi bu il də qurban kəsməyi nəzərdə tutur: “Bu qurbanları imkanı olmayan insanlara paylayacağıq. Söhbət təkcə qurbandan getmir. Başqa formada da yardım həyata keçirəcəyik. Bu, insanın mənəvi borcudur. Qurban bayramında da imkanı çatan şəxslər bunu etməlidir. Biz də hər il olduğu kimi, eyni qaydada bu proseduru gerçəkləşdirəcəyik”.

Deputat Aqil Abbas deyib ki, iki yerdə qurban kəsdirəcək: “Qurbanlıq heyvanlardan birini hər il həyətimdə kəsdirirəm. Onu qonşuluğumuzdakı fəhlələrə və qarovulçulara paylayıram. Digərini isə kəndimizdə kəsdirib imkansız ailələrə paylayıram. Bəzən iki heyvanı qurbanlıq üçün ayırıram”.

Ceyhun Məmmədov: "Dünya yeni iqtisadi böhranın astanasındadır"

Ceyhun Məmmədov

Deputat Ceyhun Məmmədov hər il olduğu kimi bu il də ənənəyə sadiq qalaraq qurban kəsdirəcək: “Bunu dini qayda və tövsiyələrə əsasən edirəm. Bir hissəsi qonşulara, digər hissəsi qohumlara verilir. Üçüncü hissə isə özümüzdə qalır. Bu qaydada icra edirik”.     

Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam” – Azlogos

  Tural Abbaslı 

Ağ Partiya lideri Tural Abbaslı isə söyləyib ki, imkanı olan hər şəxs qurban kəsməlidir: “Mən də hər il Qurban bayramı ərəfəsindəki vəziyyətimə uyğun olaraq bunu edirəm. Son 2-3 ildə qurban kəsdirmək imkanım olur. Bu il də kəndimizdə qurban kəsdirməyi fikirləşirəm. Qurbanı məsləhət bilinən ailələrə paylayacağıq. Nə qədər mümkündürsə, çalışıram ki, dinin tələblərinə əməl edim. Hələ bir heyvandan o tərəfə keçə bilməmişik. Maddi durumum buna imkan vermir.  Son zamanlar Azərbaycanda ətin qiyməti kifayət qədər bahalaşıb. Bu da qurbanlıq heyvanın qiymətinə birbaşa təsir edir. Bəzi işbazlar isə bu məqamdan istifadə edirlər. Ona görə də bir heyvandan artıq qurban kəsmək imkanım olmur. Orta çəkili bir qoç alıb kəsdirirəm. Allah qismət etsə, daha çox qurban kəsdirərik. Əvvəlki kimi dövlət yarmarkaları olsaydı, daha rahat olardı. Onda qeydiyyatdan keçib uyğun qiymətə heyvan almaq mümkün idi. Son zamanlar nədənsə etmirlər. Belə olan halda işbazlara meydan verilir. Əgər yarmarka olsa, kasıbın boğazından keçməli olan ət hansısa oliqarxın cibinə getməz”. 

Pənah Hüseyn AXP-ni lağa qoyanlara belə CAVAB VERDİ

Pənah Hüseyn

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn də bu il qurban kəsəcək: “Bir neçə adam birləşib qurbanlar kəsdiririk. Adətən rayonda bu işi görürlər və biz də gedib iştirak edirik”.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

 

03.06.2025 08:38
552