Baymuradovanı İrəvanda kim öldürüb? - Şok detallar ÜZƏ ÇIXDI

İrəvanda itkin düşən və sonradan cəsədi tapılan 23 yaşlı Ayşat Baymuradovanın ölümü ilə bağlı yeni görüntülər yayılıb. 

Musavat.com xəbər verir ki, meyiti tapılan gənc qızın mənzilindən Çeçenistan əsilli şəxs çıxarkən görüntülənib. Qeyd olunur ki, bu şəxs əvvəllər soyğunçuluq və İŞİD-ə maliyyə dəstəyi göstərməkdə ittiham olunub.

Məlumata görə, 15 oktyabrda İrəvanda itkin düşən Baymuradova məişət zorakılığı və döyülmə halları səbəbindən insan haqları təşkilatının köməyi ilə respublikadan qaçıb. 19 oktyabrda Ermənistan polisi onun cəsədinin Dəmirçyan küçəsindəki mənzildə tapıldığını açıqlayıb.

“Anasız Qafqaz” layihəsinin təsisçisi Lidiya Mixalçenko Ayşatın boğularaq öldürüldüyünü iddia edib. Mərhumun yaxınları bildirirlər ki, həmin gün mənzildən çıxan iki nəfər müşahidə kamerası tərəfindən qeydə alınıb. Ölümündən bir gün əvvəl Baymuradova əvvəllər İnstaqramda tanış olduğu Karina İminova adlı qadınla görüşməyə gedib.

Rusiya telegram kanallarında yayılan məlumatlara görə, Baymuradovanın cəsədinin tapıldığı mənzildən həmin gün İminova ilə yanaşı başqa bir gənc də çıxıb. Bu şəxs 30 yaşlı Çeçenistan əsilli Said-Həmzət Baysarovdur. 2018-ci ildə ona İŞİD terror təşkilatını maliyyələşdirmək ittihamı irəli sürülüb, lakin ittihamlar sonda Çeremuşkinski Məhkəməsi tərəfindən bəraət qazanıb.

Baysarovun atası Qroznıda iş adamıdır. Ermənistan hüquq-mühafizə orqanları kameralar vasitəsilə Baysarovun şəxsiyyətini müəyyən edib və qonşularından sorğu aparıblar. Lakin həm İminova, həm də Baysarov ölkəni rahatlıqla tərk edə biliblər.

Rusiya hüquq müdafiəçilərinin açıqlamasında deyilir:

“İstintaq bu şəxslərin adlarını bilir, lakin rəsmi olaraq onlar şübhəli qismində qeyd olunmayıb və axtarışa verilməyib. Bu, işin ört-basdır edilə biləcəyi barədə narahatlıq yaradır. Qətl işi açılıb, şahid ifadələri və kameraların görüntüləri mövcuddur. Hadisə yerində iki nəfər olub və sonradan sürətlə oradan çıxıblar. Adi cinayət işində onlar dərhal axtarışa verilərdi”.

Musavat.com

 

 

04.11.2025 13:50
583