Türkiyənin pilotsuz təyyarə istehsalçısı olan Baykar şirkəti reaktiv mühərriklərin hazırlanmasına 300 milyon dollar sərmayə yatırır.
Musavat.com xəbər verir ki, bu barədə “Reuters” şirkətin baş direktoru Haluk Bayraktara istinadən məlumat yayıb.
Bayraktar İstanbulda keçirilən SAHA müdafiə sərgisində verdiyi müsahibədə bildirib ki, Baykar indi mümkün qədər çox komponenti öz daxilində istehsal etməyə fokuslanıb: “Təchizat zəncirinin davamlılığı bütün dünyada əsas məsələ olduğundan, biz əsas diqqəti daxili istehsala yönəldirik. Çatışmayan hissə mühərrikdir və biz indi öz inkişaf layihəmizə başlayırıq”.
Onun sözlərinə görə, qarşıdakı beş il ərzində Baykar Akıncı pilotsuz təyyarəsi üçün turbovintli mühərrikin yaradılmasına 300 milyon dollar sərmayə qoyacaq. Bunun ardınca hazırda uçuş sınaqlarından keçən “Qızılelma” pilotsuz “hava-hava” döyüş maşını üçün turbofan mühərrikinin yaradılması nəzərdə tutulur.
Hazırda Akıncı və Qızılelma Ukrayna istehsalı olan mühərriklərdən istifadə edir. Bayraktarın sözlərinə görə, şirkət həmçinin bu yaxınlarda Ukraynanın “İvçenko-Progress” şirkəti ilə turbofan mühərrikinin birgə hazırlanması ilə bağlı müqavilə imzalayıb. Uzunmüddətli perspektivdə şirkət döyüş təyyarələri əvəzinə döyüşə bilən avtonom havadan havaya pilotsuz uçuş aparatlarına üstünlük verəcək.
Musavat.com