Baydenin oğlu bütün günahlarını ETİRAF ETDİ 

ABŞ prezidenti Cozef Baydenin oğlu Hunter Bayden 9 vergi cinayətinin hamısında təqsirli olduğunu etiraf edib.

Musavat.com ABŞ mediasına istinadən xəbər verir ki, Hunter Bayden bir dəfə vergidən yayındığını, iki dəfə saxta vergi bəyannaməsi təqdim etdiyini, dörd dəfə vergi ödəmədiyini və iki vergi bəyannaməsini təqdim etmədiyini boynuna alıb.

Los-Anceles məhkəməsinin hakimi Mark Skarsi onun vəsatətini qəbul edib. Hökm dekabrın 16-na təyin edilib.

KİV-in məlumatına görə, bu ittihamlar 17 ilə qədər həbs cəzası nəzərdə tutur. Günahı etiraf etmək prokurorlarla əvvəlcədən etiraf razılaşması olmadan edildiyi üçün "açıq iddia" adlanan birtərəfli hərəkət hesab olunur.

Bu ilin əvvəlində Hunter Bayden Delaver ştatının Vilminqton şəhərində üç federal silahsaxlama ittihamı ilə artıq məhkum edilmişdi. Bu işdə mümkün olan ən ağır cəza 25 il həbs və 750 min dollar cərimədir. Lakin Ağ Ev rəhbərinin oğlu əvvəllər bu cür qanun pozuntularına görə məhkum olunmadığından cəzanın daha yumşaq olacağı gözlənilir.

Bu iş üzrə hökm noyabrın 13-də verilməlidir.

Prezident Co Bayden dəfələrlə oğlunu heç bir iş üzrə əfv etməyəcəyini və "hüquqi prosesə hörmət etməyə davam edəcəyini" açıqlayıb.

Musavat.com

06.09.2024 12:43
422