Rusiyada casusluqda təqsirli bilinərək mühakimə olunan "Wall Street Journal" qəzetinin jurnalisti Evan Gerşkoviçin geri qaytarılması ABŞ hökuməti üçün prioritet məsələdir.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Cozef Bayden deyib.
O, söz verib ki, Birləşmiş Ştatlar jurnalistin azadlığa buraxılması üçün səylərini davam etdirəcək.
İyulun 19-da Sverdlovsk Vilayət Məhkəməsi amerikalı jurnalisti casusluqla bağlı cinayət işi üzrə 16 il müddətinə azadlıqdan məhrum edib.
Müstəntiqlərin fikrincə, 2023-cü ilin martında Gerşkoviç Mərkəzi Kəşfiyyat İdarəsinin göstərişi ilə Yekaterinburqa “Uralvaqonzavod” müdafiə müəssisəsinin fəaliyyəti haqqında məxfi məlumat toplamaq üçün gəlib. O, hərbi texnikanın istehsalı və təmiri ilə bağlı məlumatlarla maraqlanıb.