Bayden Çin elektromobillərinin idxal rüsumunu 4 dəfə artırır

ABŞ prezidenti Co Bayden administrasiyası gələn həftə Çindən gələn təmiz enerji məhsullarına tarifləri artırmağı planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, tarif artımı Çinin kritik minerallarına, günəş panellərinə və batareyalarına təsir edəcək. Elektrikli avtomobillərin idxal tariflərinin 100 faizə qədər artacağı gözlənilir. Qərar mayın 14-də elan edilə bilər.

Hazırkı 25 faiz tarif Çindən gələn ucuz elektrik avtomobillərinin Amerika bazarına daxil olmasına mane olub. Mənbələrə görə, Bayden administrasiyası, avtomobil istehsalçıları və bəzi Konqres üzvləri Çin istehsalı genişləndikcə tarif dərəcəsinin kifayət etməyəcəyindən narahatdırlar.

Aprel ayında Bayden Çindən polad və alüminium idxalına tarifləri üç dəfə artırmağı planlaşdırdığını açıqlayıb. Reuters mənbələrə istinadən xəbər verir ki, Bayden elektrik avtomobilləri də daxil olmaqla, strateji sektorları hədəf alan Çin mallarına yeni tarifləri tezliklə elan etməyi planlaşdırır.

ABŞ-ın keçmiş prezidenti Donald Trampın administrasiyası 370 milyard dollar dəyərində Çin mallarına rüsum tətbiq etməklə faktiki olaraq ticarət müharibəsinə başlayıb.

Musavat.com

11.05.2024 17:30
782