ABŞ prezidenti Co Baydenin administrasiyası Rusiyanın dondurulmuş 300 milyard dollara yaxın aktivlərinin müsadirəsinə icazə verən qanun layihəsini dəstəkləyir.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının (MTŞ) Senatın Xarici Əlaqələr Komitəsinə təqdim etdiyi noyabr sənədini əldə edən Bloomberg Agentliyi məlumat yayıb.
Sənəddən aydın olur ki, indiki ABŞ hakimiyyəti Rusiya vəsaitlərinin müsadirəsini alqışlayıb: “Qanun layihəsi icra hakimiyyətinə Ukraynanın maraqları naminə Rusiyanın suveren aktivlərini müsadirə etmək üçün lazım olan səlahiyyətləri verəcək”.
Qeyd olunur ki, bu aktivlər Ukraynanın “bərpası üçün” istifadə olunacaq.
Bloomberg yazır ki, Ağ Ev bu addımı G7 müttəfiqləri ilə, xüsusən də Rusiyanın təxminən 200 milyard dollarlıq dondurulmuş aktivlərinin saxlandığı Avropada koordinasiya etmək istəyir.
Agentlik aydınlaşdırır ki, Bayden bu addımı ABŞ Konqresindəki respublikaçıların Ukraynaya 60 milyard dollardan çox maliyyə vəsaitinin ayrılmasını yubatmasından sonra aktiv dəstəkləməyə başlayıb.
Yeri gəlmişkən, Co Bayden respublikaçıların üstünlük təşkil etdiyi Nümayəndələr Palatasının spikeri Mayk Consonun tələbini qəbul edərək, onunla ölkənin cənub sərhədlərinin möhkəmləndirilməsi məsələsini müzakirə edib. Conson Ukraynaya yardımın ayrılmasına dair layihənin Nümayəndələr Palatasından keçməsi üçün Baydenlə birbaşa danışıqlar şərtini irəli sürmüşdü.
Musavat.com