“Batka”nın müstəqilliyi itirmək təşvişi - Belarusu nə gözləyir?

Politoloq: “Qərb koalisiyasının Ukraynadan sonrakı hədəfi Belarusdur”

Son vaxtlar Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin taleyi ilə bağlı həyəcanlı açıqlamalar verir, çağırışlar verir. O, avqustun 27-də növbəti dəfə belə bəyanat verib. Qeyd edib ki, Belarus ətrafında vəziyyət heç vaxt belə mürəkkəb olmayıb: “İndi əsas məsələ belə bir şəraitdə ölkənin müstəqilliyini qorumaqdan ibarətdir”.

APA-nın BELTA-ya istinadən xəbərinə görə, bunu adıçəkilən ölkənin prezidenti Aleksandr Lukaşenko deyib. O bildirib ki, ölkənin hər bir vətəndaşı bu barədə fikirləşməlidir: “Mən sizin hamınızdan daha məlumatlıyam. Buna görə də hər bir istiqamət üzrə doğru yolu göstərə bilərəm. Hamımız eyni qayığın sərnişinləriyik və gedəcəyimiz başqa yer yoxdur. Ətrafda daha öncə qarşılaşmadığımız çox mürəkkəb vəziyyət hökm sürür. Bu şəraitdə ölkəni ayaqda saxlamaq lazımdır. Hər kəs müstəqilliyimizi qorumaq haqqında düşünməlidir”. “Batka”nın narahatlığının arxasında dayanan səbəblər nədir? Belarusu kim işğal etmək istəyir? Yoxsa Lukaşenko növbəti seçkilər ərəfəsində onun iqtidarının yıxılacağından narahatdır?

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva Belarusun Rusiya-Ukrayna savaşına sürüklənmək cəhdlərinin olduğuna işarə etdi: “Qərb koalisiyasının Ukraynadan sonrakı hədəfi Belarusdur. Bunu adıçəkilən ölkənin rəhbəri Aleksandr Lukaşenko da yaxşı başa düşür. Qərb hər vəchlə Belarusu Ukrayna-Rusiya savaşına sürükləməyə çalışır. Üstəlik, Minsklə Moskva arasındakı münasibətlərdə son həftələrdə sərinləşmə hiss olunur. Səbəb isə "Batka"nın Putinin əmrlərindən müəyyən mənada sapması, Qərb və Kreml qarşısında uğursuz manevrlər etməsidir. Eyni zamanda Belarus xalqı da Lukaşenko diktaturasından təngə gəlib və əhali siyasi dəyişiklik istəyir. Bütün bunları təhlil edən Aleksandr Lukaşenko bu qənaətə gəlib ki, özünün və dövlətinin ayaqda qalması üçün ciddi təhlükələr mövcuddur. Hətta kiçik bir qığılcım Belarusu vətəndaş müharibəsi məngənəsinə qədər sürükləyə bilər. İndi “Batka” Rusiya ilə soyumaqda olan münasibətləri istiləşdirməyə çalışır. Bu soyuqluq Ukraynanın Kurska daxil olduğu ilk günlərdə baş vermişdi. Belarus ruslara öz sərhədindən Ukrayna ərazisinə daxil olmağa imkan tanımamışdı. Yəni Lukaşenko həmin hadisələr zamanı bir növ Ukraynanın əlinə oynamışdı. Ukraynalıların ona qarşı olan soyuq münasibətini düzəltmək istəyirdi. Amma hər şeyin əksi baş vermişdi. Kiyevin Minskə münasibəti dəyişmədi. Üstəlik, Belarus-Rusiya əlaqələri də ciddi şəkildə silkələndi. Görünən odur ki, payız-qış kampaniyasında Aleksandrı və ölkəsini ciddi sınaq gözləyir. Qərb rusları Avropadan tamamilə silib-süpürmək niyyətindədir. Deməli, yeni genişmiqyaslı hədəfin hazırkı ana xəttini Belarus təşkil edir. Bu baxımdan, Avropanın sonuncu diktatoru sayılan Lukaşenkonun hakimiyyəti və ölkəsi ilə bağlı narahatlığı başadüşüləndir".

Əhəd Məmmədli: “Bu qətliam Rusiya tarixinə bir qara ləkə kimi düşdü”

Əhəd Məmmədli 

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli “Batka”nın narahatlığını bu cür ifadə etdi: “Fikrimcə, Lukaşenko haqlıdır. İkinci Dünya müharibəsindən sonra Belarus ən çətin vəziyyətə düşüb. İki daha böyük qardaşı bir-birilərinin qırtlağından yapışıb, bir-biriləri ilə ölümcül savaşa girib. Belarus hələlik bu davaya girməsə də, davanın içindədir, qardaşlardan birinin yanındadır. Rusiya-Ukrayna müharibəsi qızışdıqca bu alov Belarusa da sıçraya bilər. Lukaşenkonun da ən qorxacağı məhz budur. Üstəlik, gələn növbəti prezident seçkisində də ölkənin qarışmaq təhlükəsi həmişə var. Baxmayaraq ki, siyasi opponentlər sıradan çıxarılıb, ölkə nəzarət altındadır, lakin yenə də narazı kütlədən bu və digər şəkildə istifadə etmək olar. Narazı kütlə, etirazçı qüvvə isə sabit, nəzarət altında olan ölkədə belə var. Lukaşenkonun son narahat dolu açıqlamalarını yuxarıda qeyd edilənlərlə əlaqələndirirəm”.

Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli  Orucov

Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov fərqli düşünür. O, Belarusa qarşı heç bir xarici təhlükə görmür: “Belarus prezidenti Aleksandr Lukaşenkonun ölkəsinin müstəqilliyinin itirilmə təhlükəsi ilə bağlı əndişəsi əsassızdır. Heç kim Belarusu nə işğal, nə də suverenliyinə qəsd etmək istəyir. Lukaşenkonun narahatlığı hakimiyyəti ilə bağlıdır. Məlum olduğu kimi, Lukaşenko Putinin sadiq dostu və müttəfiqidir. Hər iki ölkə prezidentini birləşdirən ortaq maraqlar ön planda olduğundan Minsk və Moskva eyni cəbhədə dayanıb. Qərbin avtoritar rejim yaratmış Lukaşenkoya münasibəti getdikcə daha da sərtləşir. Belarus prezidenti yaxşı anlayır ki, Putinin Ukrayna savaşını uduzması və Rusiyanın məğlubiyyəti Kremlə sığınan bütün avtoritar ölkə liderləri kimi Lukaşenkonun da sonunu gətirəcək. Adətən avtoritar ölkə liderləri özlərinə olan təhlükəni ümummilli təhlükə kimi təqdim edərək, cəmiyyəti də bu təhlükə imitasiyası ilə səfərbərliyə cəlb etməyə çalışırlar. Həmişə də xəyali daxili və xarici düşmən obrazı yaradaraq repressiyaları və təzyiqləri cəmiyyət üzərində artırırlar. Belarusun ayaqda olması üçün aid olduğu Qərb dəyərlərinə üstünlük verilməlidir. Avroatlantik məkana inteqrasiya xətti götürülməlidir. Qərbin Belarus xalqı ilə heç bir problemi yoxdur. Həm Belarusa, həm də Avropaya problem yaradan Lukaşenko hakimiyyəti və onun ölkəsinin Rusiyanın vassalına çevrilməsidir. Hesab edirəm ki, Lukaşenko Qərblə münasibətlərini normallaşdırmalı, Putinin ambissiyalarına uymamalıdır. Azərbaycanın yaxın dostu və mütərəqqi olan Belarusun möhkəmlənməsi və beynəlxalq nüfuzunun artması bizim üçün də xeyirdir. 1994-cü ildən hakimiyyətdə olan Lukaşenko 30 ildir ki, ölkəni sərt idarəçilik altında saxlayır. Keçmiş sovetdən qalan idarəçilik sistemi qalır. Hətta ölkənin gerbi də demək olar ki, dəyişməz qalıb. Məncə, prezident Lukaşenko hakimiyyətinə qarşı təhlükənin getdikcə artdığını və ciddiliyini anlayaraq, çıxış yollarını axtarır. Bu çıxış yollarından biri də xalqı Belarusun müstəqilliyinin və suverenliyinin itirilməsi, işğala məruz qalması kimi klassik üsullardan istifadə etməklə qorxu yaratmaq istəyir. Mən Belarusa heç bir xarici təhlükə görmürəm. Təhlükə o zaman baş verəcək ki, hazırkı prezident dünyada gedən sürətli proseslərə, demokratikləşməyə, həmçinin Belarus xalqının istək və tələblərinə açıq şəkildə qarşı getsin və aqressiyasını artırmış olsun. Bu isə arzuolunan deyil”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

29.08.2024 09:03
815