Başsağlığı verməyə getdi, samovar oğurladı

Cəlilabadda vəfat edən şəxsin yaxınlarına başsağlığı verməyə gedən şəxs evin samovarını oğurlayıb. 

“Qaynarinfo”nun məlumatına görə, 1979-cu ildə Cəlilabad şəhərində doğulmuş Akşin Cəfərov (ad-soyad şərti) bu səbəbdən saxlanılıb.

Saxlanılan şəxs məhkəmə ifadəsində bildirib ki, Gülnarə İbayevanın vəfat etmiş ərinin yas mərasimində iştirak edə bilmədiyi üçün axşam saatlarında onların yaşadığı ünvana gedib. Ev sahibinə yas mərasiminə gələ bilmədiyini deyərək, üzr istəyib. Zərərçəkmiş şəxsin evindən gedən zaman isə həyətdəki olan samovarı oğurlayıb.

Daha sonra samovarı Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən ticarət mərkəzinin yaxınlığında tanımadığı şəxsə 150 manat satıb. 

Məhkəmənin qərarı ilə Akşin Cəfərov İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 30 gün müddətində inzibati qaydada həbs edilib.

07.01.2024 18:40
1137