Başlıbel qətliamının tanınması üçün beynəlxalq təşkilatlara müraciət edildi  

Ermənistan silahlı qüvvələri birləşmələrinin 18 aprel 1993-cü ildə Kəlbəcər rayonunun Başlıbel kəndində dinc sakinlərə qarşı həyata keçirdiyi qətliamdan 32 il ötdü.

Musavat.com xəbər verir ki, Ermənistan silahlı birləşmələrinin Başlıbel kəndində dinc əhaliyə qarşı törətdiyi qətliamın 32-ci ildönümü ilə bağlı “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığıyla “Başlıbel qətliamı-32 il” adlı anım anım tədbiri keçirilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən anım tədbirində şəhid ailələri, Başlıbel qətliamının şahidləri, rayon ağsaqqalları, ziyalılar, deputatlar, rəsmi şəxslər, jurnalistlər iştirak ediblər. Anım tədbiri Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlanıb.

Başlıbel qətliamı ilə bağlı slayd nümayiş etdirilib. Çıxışlar olub. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Prezidentin Kəlbəcər rayonunda xüsusi nümayəndəliyinin rəsmisi Nuranə Babayeva, deputat Ceyhun Məmmədov, deputat Razi Nurullayev, Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin sədri Vüqar Həşimov, Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımov, qətliam şahidlərindən Habil Ələsgərov, Məzahir Abasquliyev, Səlim Mehdiyev, Mahir Cəfərov, əməkdar müəllim Hüseyn Şahbəndəyev çıxış ediblər. Çıxışlarda Kəlbəcər rayonunun, o cümlədən Başlıbel kəndinin işğalı, Başlıbel qətliamının necə baş verməsi, Başlıbel azad ediləndən sonra keçən müddətdə qətliamın tanıdılması istiqamətində aparılan işlər, bundan sonrakı mərhələdə həyata keçirilməli fəaliyyətlər haqda ətraflı söz açılıb.

Eləcə də Kəlbəcərin quruculuğu istiqamətində həyata keçirilən işlər, kəlbəcərlilərin, həmçinin Başlıbel camaatının doğma yurda köçəcəyi günü gözlədikləri, Prezident İlham Əliyevin Başlıbel qətliamını diqqətdə saxlaması, Kəlbəcərin yenidən qurulmasına Prezidentin xüsusi diqqət göstərdiyi barədə ətrafl fikirlər ifadə olunub.   

Məlumat verilib ki, Ermənistan Respublikasının azərbaycanlılara qarşı törətdiyi qətliamlardan biri 1993-cü ilin aprelində Azərbaycanın Kəlbəcər rayonunun Başlıbel kəndində həyata keçirilib. Belə ki, 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər Başlıbel sakini (əlavə olaraq Başlıbelə pənah gətirən 4 nəfər Laçın rayon sakini və mühasirəyə düşən 9 nəfər əsgər) kənd ərazisindəki kahalara sığınıblar. Amma Ermənistan Silahlı Qüvvələrinə girov düşməmək üçün dağlara sığınan qoca, qadın, uşaqlar cəmi 16 gün gizlində qala biliblər. 1993-cü il aprelin 18-də erməni hərbçiləri qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıblar. Başlıbelin işğalı zamanı erməni silahlıları tərəfindən 27 nəfər güllələnib. Ermənistan hərbçilərinin Başlıbel kəndinə daxil olduqları 05 aprel 1993-cü ildən 17 aprel 1993-cü il tarixinədək Başlıbel kəndi ərzisində 6 nəfər qətlə yetirilib. Bunlardan 3 nəfəri 68, 98 və 102 yaşlı qadın, 3 nəfəri isə 53, 72 və 76 yaşlı kişi olub. Həmin müddətdə Başlıbel kəndini tərk edib xilas olmaq istəyən 27, 54, 58, 93 yaşlı 4 qadın, 38, 64, 65, 79 və 103 yaşlı 5 nəfər kişi Kəlbəcər rayonu ərazisində güllələnib. 19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Ermənilər Başlıbel kəndini işğal edən gün II Dünya Müharibəsi iştirakçısı olan bir nəfəri – Hüseyn Hüseynovu diri-diri yandırıblar. Kənd sakini Qənaət Ağamirovu işgəncə ilə qətlə yetiriblər. 5 nəfər Başlıbel sakini isə Kəlbəcər rayonunun müxtəlif ərazilərində girov götürülüb.

18 aprel 1993-cü ildə erməni hərbçilər 62 nəfərin gizləndiyi kahaların yerini müəyyən edib və ərazini mühasirəyə alaraq dinc insanlara qarşı dəhşətli qətliam törədiblər. Aralarında 2 nəfər azyaşlı uşaq, 4 nəfər qadın, 6 nəfər kişi (4 nəfəri ahıl yaşda) düşməndən gizləndikləri kahalarda güllələnib qətlə yetirilib. Sıralarında azyaşlı uşaqlar olmaqla 10 nəfərdən yuxarı dinc sakin yaralanıb. Eləcə də həmin gün 9 nəfər qadın, 2 nəfər azyaşlı uşaq, 3 nəfər ahıl girov götürülüb. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkiliblər. Həmin şəxslərin mühasirə həyatı 113 gün çəkib. 18 apreldə kahalarda qətlə yetirilən 12 nəfərin meyitlərini 24 gün dəfn etmək mümkün olmayıb. Canını qurtarıb Nəbi kahası adlanan kahalarda gizlənən 30 nəfərdən bir neçəsi qətliamdan 24 gün sonra-mayın 12-də gecə gizlində əraziyə gələrək şəhid olmuş insanların cəsədlərini dəfn ediblər.

Mühasirədən çıxaraq dörd sutka piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də mühasirədən çıxa və həyatlarını xilas edə biliblər. Amma 1 nəfər-I və II Dünya Müharibəsi iştirakçısı Ələsgər Kazımov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Kazımov bugünədək itkin sayılır və onun barəsində hər hansı bir məlumat yoxdur.

2020-ci ilin 27 sentyabrında başlanan ikinci Qarabağ müharibəsi 25 noyabrda Kəlbəcər rayonunun və Başlıbel kəndinin də işğaldan azad edilməsi ilə nəticələnib. İşğaldan azad olunmasından sonra Başlıbel kəndində kütləvi qətliam zamanı qətlə yetirilən 12 nəfərin cəsədi 2021-ci il aprelin 24-də ekskumasiya olunraq Bakıya – Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib və müvafiq istintaq hərəkətləri aparılıb. Faciə qurbanlarının meyit qalıqlarından və həmin şəxslərin ailə üzvlərindən götürülmüş DNT analizlərinin, molekulyar-genetik və digər xüsusatların araşdırılması üçün tibbi-kriminalistik ekspertizaların nəticələri onların erməni hərbçiləri tərəfindən güllələnərək qətlə yetirildiyini təsdiqləyib. Faciə qurbanları 2021-ci ilin sentyabrın 3-də mühasirədə qalan kənd sakinlərinin dəfn etdikləri ərazidə torpağa tapşırılıblar. Həmçinin, işğaldan sonra Başlıbel kəndinə səfər edən hüquq-mühafizə orqanlarının əməkdaşlarının səfəri zamanı kəndin tarixi-mədəni abidələrinin, o cümlədən XVII-XVIII əsrin yadigarı olan məscidin dağıdılması müəyyən olunub. Kəndin qəbristanlığı erməni vandalları tərəfindən dağıdılıb, məzarların içərisi dağıdılaraq cəsədlərin üzərində olan qiymətli metallar qarət edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 24 sentyabr 2021-ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı Başlıbeldə törədilən kütləvi qətli vurğulayaraq dünya birliyinin diqqətini Ermənistanın törətdiyi bu müharibə cinayətinə çəkib.

Başlıbel qətliamı Ermənistan Respublikasının dinc azərbaycanlılara qarşı yol verdiyi müharibə cinayətlərindən biridir.

32 illik anım tədbirində “Başlıbelin İnkişafına Dəstək ” İctimai Birliyinin və Başlıbel sakinlərinin dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciəti qəbul edilib. Müraciətdə Ermənistanın Başlıbel kəndində həyata keçirdiyi müharibə cinayətinə beynəlxalq hüquqa əsaslanan ədalətli qiymət verilməsi istənilib.

Musavat.com

 

 

19.04.2025 10:37
90