Başkəndin sirri - Ermənistanın anklavlar şantajı

“Azərbaycan öz torpağını əlavə torpaq verməklə azad etmək niyyətində deyil”Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində anklavlar və digər mübahisəli ərazilər məsələsinə də toxunub. Erməni baş nazir Azərbaycanın işğal altındakı 8 kəndinə (Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi-red.) qarşılıq Gədəbəyin Başkənd yaşayış məntəqəsinin və şərti dövlət sərhədində yerləşən bəzi kəndlərin adını çəkməklə ərazi iddiasını ortaya qoyub. 

Paşinyanın fikrincə, əgər anklavlarla bağlı məsələ tərəflərdən biri - Ermənistan və ya Azərbaycan tərəfindən qəbul edilərsə, o zaman çoxlu suallar ortaya çıxacaq. 

“Bu anklavların sərhədlərinin delimitasiyası məsələsi var, bu anklavlara giriş məsələsi var, bu sərhədlərin qorunması məsələsi var, bu ərazilərdə silahlı qüvvələrin olub-olmaması məsələsi var. Anklav nə deməkdir? Oraya çatmaq üçün başqasının ərazisindən keçmək lazımdır, başqasının ərazisindən necə keçmək lazımdır, bu məsələnin hüquqi nüansları nədir və s.”, - baş nazir bildirib. 

Paşinyan deyib ki, Ermənistanın 29 800 kvadrat kilometr ərazisinə Başkənd də (ermənilər Gədəbəydə yerləşən bu kəndə Artsvaşen deyirlər-red.) daxildir: “Heç bir hökumətin Ermənistan Respublikasının suveren ərazisinə son qoymaq hüququ yoxdur. Amma bir vacib detal da var: kim anklavlardan danışırsa, masanın üstünə xəritə qoymalıdır ki, bu anklavın mövcudluğu nəyə əsaslanır”. 

“Azərbaycan 8 kənd məsələsini qaldırır, öz növbəmizdə deyirik ki, bizim də 8 kəndlə bağlı problemimiz var”, - deyən N.Paşinyanın sözlərinə görə, Ermənistanın sərhəddəki Tavuş rayonunun bir sıra kəndləri Azərbaycan tərəfinin nəzarətində qalıb. O, buna misal kimi Berkaber (Bibiş), Aygehovit (Uzuntala), Vazaşen (Lələkənd), Paravakar adlandırılan kəndləri göstərib. 

Beynəlxalq təcrübəyə görə, anklav və eksklavlar məsələsi iki cür həll edilir: 

Ölkələrin qarşılıqlı şəkildə anklav və ekslavlardan imtina etməsi; 

Ölkələrin qarşılıqlı şəkildə anklav və eksklavları mübadilə etməsi. 

Rusiyaya qarşı gedən həmişə torpaq itirir iddiası - 2 rəy

Şəhla Cəlilzadə 

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə bu kəndlərlə bağlı çox diqqətçəkən statistikalar açıqladı: “Azərbaycan Prezidenti dəfələrlə Qazaxın 7 kəndinin və Sədərəyin Kərki kəndinin hələ də erməni işğalı altında olduğunu vurğulamış, bu torpaqların da Ermənistan tərəfindən bizə geri qaytarılmalı olduğunu ifadə edib. Azərbaycanın Ermənistan içərisində qalan anklavları məsələsinin gündəmə gətirilməsində məqsəd dünya və Avropa Birliyinin diqqətinə həqiqətləri çatdırmaqdır. Çünki Ermənistan Azərbaycanın 2021-ci ilin Qaragöl əməliyyatı zamanı 3,5 km irəlilədiyini, 2022-ci ilin sentyabr əməliyyatı zamanı isə daha 7,5 km irəliləyərək strateji yüksəklikləri ələ keçirdiyini, nəticə olaraq 150 km2 Ermənistan ərazisinin guya hazırda Azərbaycanın işğalı altında olduğunu iddia edir. Azərbaycan tərəfi isə bu iddianı rədd edərək bu irəliləyişin neytral ərazidə həyata keçirildiyini bildirir, həmçinin dünyaya 8 kəndlə bağlı reallığı xatırladır. Ermənistan isə dərhal güzgü effektli cavab ilə Azərbaycan içərisindəki Ermənistan anklavını - Gədəbəyin Başkənd kəndini xatırladır. Müqayisə edək: Cənub istiqamətində Kərki kəndi (19 km2), şimal istiqamətində Qazaxın Sofulu (4,4 km2), Bərxudarlı (3,2 km2), Yuxarı Əskipara (8,6 km2), Aşağı Əskipara (9,1 km2), Bağanis Ayrım (4 km2), Qızıl Hacılı (11 km2) kəndləri və Ermənistanın Azərbaycan içərisindəki anklavı: Gədəbəyin Başkənd kəndi (40 km2). Ermənistan Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Qriqoryan hələ 2022-ci ildə bu anklavların ümumi sahəsinin təxminən eyni olduğunu və dəyişdirilməyə ehtiyac olmadığını qeyd edib. Lakin rəqəmlərdən göründüyü kimi, heç də sahələr eyni deyil. Bu gün Ermənistan Baş naziri Paşinyan yeni tezis - anklavların dəyişdirilməsini gündəmə gətirir”.

Siyasi ekspert dünyadakı anklav dəyişiklikləri nümunələrini də xatırlatdı: “Dünyada anklav dəyişimi təcrübələri mövcuddur. Məsələn, 2015-ci ildə Hindistan və Banqladeş 162 anklav ərazisini dəyişdirərək tarixi iddialara son qoydular. Bunlardan 51-i Banqladeşin anklavları, 111-i isə Hindistanın idi. Anklavlarla bağlı bənzər münaqişə Mərkəzi Asiyanın Fərqanə vadisində də var və 2021-ci ildə Qırğızıstan və Özbəkistan anklavların dəyişdirilməsi qərarını alaraq münaqişənin həlli yolunda irəliləmişlər. Azərbaycan və Ermənistanın bənzər anklav ərazilərinin dəyişiminə getməsi mümkündür. Çünki Başkənd Azərbaycan üçün olduqca strateji əhəmiyyət daşıyır və onun Ermənistana geri qaytarılması müzakirə mövzusu belə ola bilməz. Bununla yanaşı, Azərbaycanın Ermənistan içərisində qalan anklavlarının ümumi sahəsi Başkəndin sahəsindən daha çox olduğundan Azərbaycan digər anklavları əvəzinə sərhəddə, Zəngəzur dəhlizi üzərində strateji nöqtədə yerləşən ərazidə, məsələn, Nüvədi kəndini ərazisində iddia irəli sürə bilər. O da vurğulana bilər ki, bu kənd 1929-cu ildə qeyri-qanuni şəkildə Ermənistana birləşdirilib və azərbaycanlıların Ermənistandan 1987-1991-ci illərdəki zorakı deportasiyası zamanı ən son Nüvədi sakinləri evlərini tərk edib. Bu məsələ ilə Azərbaycan-Ermənistan arasında yaradılan delimitasiya və demarkasiya komissiyası məşğul olaraq müvafiq dəyişimlər həyata keçirilə bilər. Azərbaycan Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizini hərbi yolla açmayacağını bəyan etdiyinə görə, kəndlərin mübadiləsi vasitəsindən istifadə oluna və məsələ danışıqlar yolu ilə öz həllini tapa bilər”.

Asif Nərimanlı: Azərbaycan danışıqlar prosesində Fransanın iştirakına imkan  vermir

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlı Azərbaycanın heç bir halda torpaq verib, torpaq geri qaytarmayacağını söylədi: “Paşinyanın Başkənd və şərti dövlət sərhədində yerləşən bir neçə kəndi gündəmə gətirməsi hiyləgər gedişdir. Hər şeydən əvvəl, bununla Azərbaycanın 8 kənd tələbini arxa plana keçirmək istəyir, yəni Qazaxın 7 kəndi və Kərkinin azad edilməsini istəyiriksə, Başkəndi və sərhəddə yerləşən kəndləri qaytarmalıyıq. Eyni zamanda, bu, rəsmi İrəvanın ”güzgü prinsipi" planını tətbiq etmək niyyətindən də xəbər verir. Ermənistan qoşunların sərhəddən “güzgü prinsipi” ilə qarşılıqlı şəkildə geri çəkilməsini təklif edir, bu baş verərsə, Azərbaycanın 44 günlük müharibədən sonra de-fakto bərpa etdiyi sərhəd xətti yenidən dəyişəcək. Bu, Ermənistanın işğal dövründə qanunsuz şəkildə irəli çəkdiyi sərhəd xəttidir. Əgər kəndlərin qarşılıqlı mübadiləsi ilə razılaşsaq, Bibiş, Uzuntala, Lələkənd, Tatlı kəndləri istiqamətindən geri çəkilməliyik. Bu kəndlər birbaşa Azərbaycanın nzəarətində deyil, sadəcə olaraq, ordumuz o istiqamətdə əsas strateji yüksəkliklərə nəzarət etdiyi üçün həmin ərazilərə vizual nəzarət edilir. Bu kəndlərin Ermənistanın tam nəzarətinə keçməsi üçün qoşunlarımız geri çəkilməlidir, belə olduqda “güzgü prinsipi” üçün presedent yaranır. Mübadilə ssenarisi buna hesablanıb, lakin bu, planın ikinci hissəsidir. Ermənistan mübadilə məsələsini gündəmə gətirməklə Bakının 8 kənd tələbinin önündə maneə yaratmaq, bu məsələni gündəmdən çıxarmaq niyyətindədir. Əgər proses istədikləri kimi inkişaf etməsə, o zaman, mübadilə ilə qazanclı çıxmağı planlaşdırırlar. Lakin bu məsələdə fikrimcə həlledici amil hüquq, yaxud hansısa xəritə olmayacaq. Çünki Başkənd, eləcə də Nikolun adını çəkdiyi 4 kənd Azərbaycanın tarixi torpaqlarıdır. Azərbaycan öz torpağını əlavə torpaq verməklə azad etmək niyyətində deyil. 8 kəndin azad edilməsi məqsədilə praktiki müstəvidə hansısa addımın atılması da beynəlxalq hüquqa zidd deyil. Çünki Azərbaycan və Ermənistan arasındakı sərhəd delimitasiya edilməyib, bu edilmədiyi müddətdə sərhəd boyunca kimin harada dayandığı, hansı ərazinin kimə məxsus olduğunun hüquqi tərəfi də açıq olaraq qalır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

14.10.2023 13:08
2121