Başkəndə görə tənqid hədəfinə gələn deputat hər şeyi danışdı - EKSKLÜZİV

“Əslində mənim telekanaldakı çıxışım...” - tarixçi - alim qalmaqala aydınlıq gətirdi

Ermənistanın işğalı altında olan 4 kəndin azad olunmasından sonra digər 4 ekslav kəndimizlə bağlı müzakirələr davam edir. Belə bir durumda Azərbaycanın tarixi ərazisi olan, ötən əsrin 20-ci illərində Ermənistana verilmiş Başkəndlə bağlı da müxtəlif iddialar səslənir. Son günlər Başkənd mövzusu ilə bağlı adı hallandırılan deputat, tarix elmləri doktoru, professor Anar İsgəndərov “Yeni Müsavat”ın suallarını cavablandırıb.

- Anar müəllim, bilirik ki, siz bütün fəaliyyətiniz boyu tarixi faktlara istinad edərək Azərbaycanın qaranlıq səhifələrinə işıq salmısınız və daim milli maraqlardan çıxış etmisiniz. Bu mənada Başkəndlə bağlı dediklərinizin müzakirələrə səbəb olması, açığı, təəccüblüdür. Elə isə nədən belə bir anlaşılmazlıq yarandı?

- Əvvəla, mənim İctimai Televiziyaya verdiyim müsahibənin mahiyyəti nədir? Sual olundu ki, Başkənd haqqında nə bilirsiniz? Mənim də bir tarixçi olaraq məsələyə münasibətim belə olub: Başkəndlə bağlı anklav sözü işlənə bilməz. Nə üçün? Ona görə ki, Başkənd tarixi Azərbaycan torpağıdır. Erməni bura gələnə qədər bura kimin torpağı idi - Azərbaycanın. Erməni bura gələnə qədər Başkənddə yaşayan əhali kimlər idi - azərbaycanlılar. 1783-cü ildə Gürcüstanın böyük bir hissəsi Georgevski müqaviləsinə görə, Çar Rusiyası tərəfindən işğal olunandan sonra həmin ərazi yəni indiki Qazax, Tovuz, Ağstafa, İcevan və Dilican Qazax-Şəmşəddil adlanırdı. Şəmkirin də böyük bir hissəsi, o cümlədən Zəyəm. Rus və Azərbaycan mənbələrində belədir. Bu torpaqlar da Rusiya tərkibinə daxil edildi. 1801-ci ildə Gürcüstan birmənalı olaraq işğal ediləndən sonra Azərbaycanın torpaqları da Rusiyanın tərkibində qaldı, o cümlədən Gədəbəy ərazisi, Başkənd də ora daxil olmaqla. Rəsmi mənbələrdə belədir. 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələrinə və 1829-cu il Ədirnə müqaviləsindən sonra erməni əhali bura köçürüldü. Mənbələrdən bizə məlumdur, Şavrov da bunu yazır ki, o zaman Cənubi Qafqaza 1,3 milyon erməni köçürüldü, onların 1 milyonu türklər, müsəlman yaşayan ərazilərə köçürüldü. Təbii ki, bu ərazilər azərbaycanlılara məxsus idi. Bu köçürülmə zamanı azərbaycanlılara məxsus Başkəndə də ermənilər köçürüldülər. Necə ki, o zaman Şamaxıda, Naxçıvanda, Qarabağda demoqrafik proses pozuldu, Başkənd də həmin ərazilərdən biri idi. Bu tarixi həqiqəti həm Azərbaycan tarixçiləri, onlardan da əvvəl rus tarixçiləri yazıb. Mən də müsahibəmdə Qazax-Şəmşəddil sultanlığını xüsusi vurğulamışam. Amma kimsə Qazaxla Qazax-Şəmşəddili ayıra bilmirsə, bu, tarixçi Anar müəllimin problemi deyil ki. O, həmin məsələyə münasibət bildirmək istəyən insanın problemidir. İkincisi də, burada söhbət ondan gedir ki, hətta gələcəkdə Başkənd məsələsi müzakirəyə çıxarılsa, məsələnin tarixi kökündə bu durur: Başkənd anklav adlana bilməz! Erməni 1828-ci ildə Naxçıvan və İrəvan xanlıqlarının ərazisi hesabına, Çarın fərmanı ilə Erməni Vilayəti yaradıb. Deməli, o vaxta qədər burada erməni olsaydı, təkrar erməni vilayəti yaradılmayacaqdı ki. Erməni yox idi ki, 1828-ci ilin 21 martında Erməni Vilayəti, 1859-cu ildə isə İrəvan Quberniyası yaradıldı. Mənim dediklərimin mahiyyəti bundan ibarət idi.

- Belə görünür ki, sizin çıxışınızdan bir parça yayımlandığı üçün yanlış rəy formalaşıb, eləmi?

- Əslində mənim çıxışımın ana xəttini təşkil edən bu idi ki, Başkənd tarixi Azərbaycan torpağı olduğuna görə, o, mübahisə mənbəyi və mübahisə mövzusu ola bilməz və erməninin də ona iddiası ola bilməz. Çünki tarix erməninin iddialarını təkzib edir, qəbul etmir. Tarixi həqiqət odur ki, erməni bu əraziyə ruslar tərəfindən köçürüləndən sonra bu ərazidə məskunlaşıb. Odur ki, erməninin bu gün “Başkənd mənimdir” deməyə haqqı yoxdur. Mənim qısa müsahibəmin mahiyyəti budur. Ancaq mən Başkəndin strateji əhəmiyyəti var, ya yoxdur, bu barədə heç bir mülahizə irəli sürməmişəm. Ona görə ki, məsələnin tarixiliyini izah edəndən sonra onun nə boyda strateji əhəmiyyətə malik olduğu artıq məlum olur. Bunları deyəndən sonra bu kəndin Azərbaycan üçün önəmi barədə danışmağa ehtiyac varmı? Bunu heç kim deyə bilməz. Tarixçinin isə heç vaxt deməyə haqqı yoxdur. O cümlədən mən bu barədə heç nə söyləməmişəm.

- Bəs deputat Rasim Musabəyovun söylədiyi fikirlərə münasibətiniz necədir?

- Mən ömrüm boyu mənbəyə əsaslanan tarixi təbliğ eləmişəm. Çünki rəhbərlik etdiyim kafedra da mənbəşünaslıq, tarixşünaslıq adlanır. Rasim Musabəyovun fikrinə rast gəlməmişəm, oxumamışam. Ancaq əgər Rasim Musabəyov deyibsə ki, Başkəndin strateji əhəmiyyəti yoxdur, yox! Başkənd dünən də, bu gün də, sabah da Azərbaycan üçün ən böyük strateji məkandır. Bu gün də strateji ərazi kimi diqqəti cəlb edir və erməni iddialarının əsasında duran da odur ki, gələcəkdə buranı ələ keçirməklə Azərbaycan üçün təhlükə yaratsınlar. 1992-ci ilin avqustunda Ermənistan hərbi birləşmələri Şınıx ərazisinə daxil olmaqla Gədəbəyi və Tovuzun bir hissəsini təhlükə altına aldılar. Düşmən bir az da güclü olsaydı, böyük bir ərazini işğal edə bilərdi. Ona görə də Başkənd o zaman da, bu gün də ən strateji ərazidir və mən belə hesab edirəm ki, Azərbaycan onu heç vaxt düşmənə verməz. Mülahizəm də ondan ibarətdir ki, gələcək məsələlərin siyasi həllindən asılı olmayaraq, Başkənd strateji ərazidir, strateji nöqtədir və həyati əhəmiyyətli yerdir.

- Anar müəllim, “Yeni Müsavat”a əvvəlki müsahibələrinizdə Ermənistanla sərhədlərin dəqiqləşdirilməsi prosesində hətta 1918-20-ci il xəritələrinə istinad edilməsinin zəruriliyindən bəhs etmisiniz, tarixi faktlara istinad edərək maraqlı fikirlər səsləndirmisiniz. Sülh prosesində bu faktlara istinad etmək olarmı?

- 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransının Ali Şurası Azərbaycanı de-fakto tanıdı. Tövsiyəsi nədən ibarət oldu? 3 respublika - Azərbaycan, Ermənistan və Gürcüstan öz aralarında ərazi mübahisələrini həll etsinlər və de-yure tanınmaq üçün şərait yaratsınlar. O zaman bizim Gürcüstanla 8,9 min kv.km ttp://kv.km/, Ermənistanla isə 7,8 min kv.km ttp://kv.km/ mübahisəli ərazimiz olmaqla 114 min kv km-lik ərazimiz var idi. Ona görə də bu gün əgər Azərbaycanın ərazisi 86,6 min kv km-dirsə, sual olunur: Azərbaycanın torpaqları hara gedib, kim tərəfindən zəbt olunub? Onda bilinir işğal edən, işğala məruz qalan kimdir? Əslində bununla bağlı o dövrdə Paris Sülh Konfransına göndərilən və Adil xan Ziyadxanlının (Azərbaycan Xalq Cümhuriyyəti zamanı xarici işlər nazirinin müavini-E.P.) 3 dildə yolladığı Azərbaycan məqaləsi sübutdur. Çünki bu sübut olmasaydı, Paris Sülh Konfransı nə haqla Azərbaycanı de-fakto tanıyacaqdı? Həmin o sənədlərlə, o xəritə ilə  müəyyən olundu ki, bura tarixi Azərbaycan torpağıdır.

- Təbii ki, o zaman da Başkənd Azərbaycan Xalq Cümhuriyyətinin ərazisinə daxil idi...

- Birmənalı olaraq. Yenə deyirəm, 19-cu əsrin ortalarında Çar Rusiyası bu ərazilərə müdaxilə etdi, ermənilər üçün şərait yaratdı. Ancaq kənd Azərbaycan kəndidir. Əgər bu kənd erməni kəndi olsaydı, əvvəlcədən onun adı ermənicə olardı da, Başkənd olmazdı ki. Başkəndin adı sonradan rusun köməkliyi ilə erməni bu əraziyə gələndən sonra dəyişdirilib. Ona görə məntiq də köməyimizə gəlir ki, ilk əvvəl bu kəndin adı Azərbaycana aid olub, burada yaşayan əhali də azərbaycanlılar olub. Əhalinin məşğuliyyəti ilə bağlı Qafqaz Arxeoqrafiya Komissiyasının aktlarında yazılıb: “Əhalinin məşğuliyyəti heyvandarlıq, əkinçilik”. Bu barədə kifayət qədər mənbələr var. Kəndin adı isə 1978-ci ildən dəyişdirilib. Qərbi Azərbaycandakı adların kütləvi şəkildə dəyişdirilməsindən sonra Sovet Rusiyası tərəfindən Ermənistana verilən Başkəndin də adı dəyişdirildi. Bu, gizli tarix deyil, sirr deyil. Hətta bununla bağlı Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin qərarı da məlumdur. Deməli, Azərbaycan adı ləğv olundu və erməni adı qoyuldu. Bu da o deməkdir ki, Azərbaycan kəndidir və sonradan erməniləşdirilib.

- Artıq ikitərəfli anlaşmaya əsasən, 4 kəndin geri qaytarılması razılaşdırıldı. İşğal altındakı digər 4 esklav kəndlərlə bağlı müzakirələr gedir, hətta hansısa kəndlərin Ermənistana verilməsi, Başkəndin mübadilə olunmasının mümkünlüyündən danışanlar var. Siz bu həll modelini ədalətli sayırsınızmı? Məsələ necə həll olunmalıdır?

- Tarixi həqiqət və siyasi qərarlar var. 1915-ci ilin 24 aprelində nə olub ki? Əslində tarix üçün heç nə. O zaman Osmanlı öz təhlükəsizliyini təmin etmək üçün təhlükəsizlik tədbirləri görürdü. Amma siyasi qərarlar necə verilib, parlament hansı qərarlar qəbul edib? Guya 1915-ci ilin 24 aprelində 1,5 milyon erməninin həyatına son qoyulub. O zaman hansı silahlar var idi ki, bir gündə 1,5 milyon ermənini məhv eləsin? Aydın görünür ki, bu, saxtakarlıqdır. Amma görün dünyanın nə qədər dövləti 24 apreli “soyqırımı günü” kimi qəbul edib, amma tarixə getsək, yalançı tarixdir, olmayan bir şeydir. Ona görə bəzən siyasi qərarlarla tarixi həqiqətlər üst-üstə düşmür. Bu gün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalamaq üçün Azərbaycanın öz təklifləri var. Ermənistanın da öz iddiaları var. Gələcək üçün bu məsələlər necə tənzimlənəcək, bundan sonrakı hadisələr göstərəcək. 1939-45-ci illər müharibəsindən neçə il keçir, Yaponiya o zaman SSRİ ilə sülh müqaviləsi imzalamadı, 4 adası ilə bağlı gecə-gündüz vuruşur, çalışır, onun mübarizəsini aparır. Yəni bugünkü Rusiya o adaları nə qədər öz adası kimi təqdim etsə də, tarixdə Yaponiya adaları kimi qalıb. Başqa mübahisəli məsələlər də var. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi necə bağlanacaq və hansı məsələlərdə kimin diktəsi - təbii ki, qalib tərəf Azərbaycandır - necə olacaq, bunu tarix göstərəcək. Amma şəxsən məsələnin mahiyyətini və dünya dövlətlərinin bu məsələyə münasibətini nəzərə almadan, həm də problemlə məşğul olmadan iddia irəli sürəsən, o da yanlışdır. Məsələ nə zaman həll olunur, onun mahiyyətini biləsən. Mahiyyətini biləndən sonra uğurlu yol hansıdır, hansı yol daha sərfəlidir? Təbii ki, Azərbaycanın dövlət başçısı böyük təcrübə sahibidir, Ali Baş Komandanımız qətiyyətinə, cəsarətinə görə nümunəvi dövlət başçısıdır. Öz sözləri ilə desək, qərarı da necə, nə zaman  qəbul etmək lazımdır, o, hamıdan yaxşı bilir. Amma biz də onu başa düşürük ki, qalib tərəf Azərbaycandır və hökmü həmişə qaliblər verir. Bir azdan bu məsələlər necə həll olunacaq, canlı şahidi olacağıq. Həm də problemin tarixini bildiyimizə görə əminik ki, bu məsələ ilə bağlı hansı qərar qəbul olunsa, o, Azərbaycan xalqının maraqlarını təmin edəcək. Başqa cür ola bilməz.   

Elşad PAŞASOY 
“Yeni Müsavat”

01.05.2024 11:00
4771