“Havalar dəyişəndə çox pis oluram, başımı yastıqdan qaldıra bilmirəm. Gücüm yoxdur”.
Bunu Musavat.com-a Xalq artisti Ofeliya Sənani deyib. Bir müddət əvvəl infarkt keçirən tanınmış diktor bildirib ki, hazırda qızı ilə birlikdə bağda qalır.
“Qızım olmasa, heç nə edə bilmərəm. O qonşuluqda yaşayır, yeməyimi bişirir, işlərimi görür. Bağ mənə yaxşı təsir edir, hava təmizdir. Ümumən bədənimdə zəiflik var. Evin içində gəzirəm, televizora baxıram. Hər günüm belə keçir. Hərdən də keçmiş günlərimi, televiziyada işlədiyim vaxtlarımı yada salıram. Amma daha yaş keçib, qüvvədən düşmüşəm. Sentyabrda yenidən müalicələrə başlayacağam”.
O.Sənani keçmiş həmkarları ilə telefonla danışdığını deyib.
“Sənət dostlarımla telefonla danışıram. İndi görüşə bilmirik. Roza xanım rayona gedib, Şərqiyyə xanım isə nəvəsi ilə məşğuldur. Sentyabr ayında görüşəcəyik”.
Qeyd edək ki, Xalq artisti bir neçə ay bundan öncə səhhətində problem yarandığı üçün xəstəxanada müalicə alıb. Televiziya aparıcısının 83 yaşı var.
Şahanə Rəhimli
Musavat.com