Baş həkimlə müavini hakim qarşısına çıxarıldı – hər ikisi həbsdə qaldı

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru Elşən Mustafayevlə müavini Zamin Əliyevin cinayət işi üzrə məhkəməyə hazırlıq iclası keçirilib.

Musavat.com xəbər verir ki, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Bundan sonra Zamiq Əliyevin vəkili vəsatətlə çıxış edib. O, müvəkkilin ev dustaqlığına buraxılmasını xahiş edib.

Elşən Mustafayevin də vəkili də eyni məzmunlu vəsatətlə çıxış edib.

Elşən Mustafayevin səhhətində problemlər olduğunu, bu səbəblə ev dustaqlığına buraxılmasını istəyib. Deyib ki, müvəkkili xəstəlikdən əziyyət çəkir. Bu səbəbdən bir müddət əvvəl təcridxanadan müalicə müəssisəsinə köçürülüb. Hazırda da orada müalicə edilir. İclasda cinayət işi məhkəmə baxışına verilməsi üçün müzakirə edilib, qərar verilməsi məqsədilə hakimlər müşavirə otağına yollanıb. Müşavirədən sonra elan olunan qərara görə, cinayət işi baxışa qəbul olunub. Sədrlik edən təqsirləndirilən şəxslərin vəkillərin vəsatətlərinin təmin edilmədiyini də açıqlayıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Mustafayev Elşən Hümbət oğlu və həmin qurumun direktor müavini işləmiş Əliyev Zamin Sabir oğlunun qanunsuz əməlləri barədə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

İbtidai istintaqla Elşən Mustafayevin vəzifəyə təyin olunduğu 2023-cü ilin aprel ayından etibarən müavini Zamin Əliyev ilə əlbir olub həmin Mərkəzdə işləyən həkimlərin gələcəkdə fəaliyyətinə maneələrin yaradılmaması, pasiyentlərin stasionar müalicə müddətlərinin uzadılması, onların daha keyfiyyətli müalicə almaları üçün xəstə sayı daha az olan şöbələrə və ya tək nəfərlik palatalara qəbul edilməsi, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin xüsusi terapiya proqramına qəbul olunması və digər məqsədlərlə ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Elşən Mustafayev və Zamin Əliyevə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.2-ci (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddələri ilə yekun ittiham elan edilərək barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Proses iyulun 4-ə təyin edilib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

25.06.2024 12:43
1265