Baş həkimlə köməkçisinin həbsi tələb olundu – məhkəmə işi

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Masallı Rayon Mərkəzi Xəstəxanasının 3 il əvvəl həbs edilən baş həkimi Cəlil Nəzərov və köməkçisi Təranə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 Musavat.com xəbər verir ki, prokuror prosesdə təqsirləndirilən şəxslərin verilmiş ittihamlarla təqsirli bilinmələrini, Cəlil Nəzərovun 12 il 6 ay, Təranə Əliyevanın isə 9 il azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib. Prokuror hər iki şəxsin məhkəmə zalında həbsə alınmasını, Cəlil Nəzərovun üzərinə həbs qoyulmuş əmlaklarının da dövlət nəfinə müsadirə edilməsini istəyib. Bundan sonra məhkəmə müdafiə tərəfinə çıxışa hazırlaşmaları üçün vaxt verilib. Təqsirləndirilən sabiq baş həkim Cəlil Nəzərov hazırda ağır xəstəlikdən əziyyət çəkir. Bu səbəbdən məhkəmə istintaqı dövründə o, həbsdən buraxılıb, barəsində alternativ qəti-imkan tədbiri seçilib. O,  məhkəmə proseslərinə əlil arabasında gəlir.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2021-ci ilin yanvar ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. Cəlil Nəzərov 675 min manat mənimsəməkdə ittiham olunaraq tutulub. O, 2022-ci ilin 15 noyabr tarixində səhhəti ilə əlaqədar azadlığa buraxılıb.

Cəlil Nəzərovun həbsindən sonra Masallı Rayon Xəstəxanasının baş həkimi kreslosu daha iki dəfə boş qalıb. Belə ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Cəlil Nəzərovdan sonra onun kreslosuna əyləşən baş həkim Eşqin Əliyevi tutublar. O,  vətəndaşdan rüşvət alarkən yaxalanıb. Eşqin Əliyev Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma), 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və digər maddələri ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilib. Eşqin Əliyev sonra Masallının baş həkimi vəzifəsinə Rasim Əzizov təyinat alıb. O da qalmaqallı şəkildə işdən çıxarılıb. Belə ki, sosial şəbəkələrdə və mediada baş həkim Rasim Əzizovun marketlərdən birində oğurluq etməsinin görüntüləri sürətlə yayılıb. Bundan sonra xəstəxananın baş həkimi 2021-ci ilin noyabrında işdən çıxarılıb.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

01.05.2024 17:49
855