Baş bankirlərdən SOS! - yeni maliyyə böhranı baş verə bilər

İsrail-HƏMAS, Rusiya-Ukrayna müharibələri qeyri-müəyyənliyi artırır...

İsraillə HƏMAS arasındakı hərbi münaqişə, Rusiyanın Ukraynadakı işğalçı müharibəsi qlobal iqtisadiyyat üçün də ciddi problemlər yaradır. Rusiyaya qarşı sanksiyaların yalnız işğalçıya deyil, bütövlükdə dünya iqtisadiyyatına mənfi təsirlərinin olduğu heç kəsə sirr deyil. İsraillə HƏMAS arasındakı hərbi münaqişə isə bu təsirləri daha da dərinləşdirə, bəzi sahələrdə daha ciddi problemlərə gətirib çıxara bilər. Bütün bunları analiz edən dünyanın aparıcı banklarının rəhbərləri artan geosiyasi qeyri-müəyyənliklərin növbəti maliyyə böhranına səbəb olacağından narahatdırlar. Onların fikrincə, belə qeyri-müəyyənliyin artması sənaye sektorunun sərt monetar siyasət nəticəsində son dərəcə həssaslaşdığı bir vaxtda maliyyə bazarının dayanıqlığını təhlükəyə ata bilər.

"Reuters"ə danışan “Morgan Stanley”nin sədri və icraçı direktoru Ceyms Qormanın fikrincə, növbəti qlobal maliyyə böhranına gətirəcək əsas amil geosiyasi və ya siyasi olacaq. Öz növbəsində “Deutsche Bank”ın baş direktoru Kristian Sevinq bildirib ki, bazarlar əsasən qlobal hadisələrə qarşı dayanıqlıdır, lakin istənilən sükunət yeni hadisələr riskinə qarşı həssasdır: “Mənim ən böyük qorxum odur ki, başqa bir geosiyasi eskalasiya olacaq - və bu, olduqca tez baş verə bilər - və bazarlarda əslində bir anda sükut pozulacaq” .

Dünyanın ən böyük banklarının rəhbərləri həm də daha sərt bank qaydalarının tətbiqinə qarşı çıxıblar.

Maliyyə apokalipsisi. İqtisadçılar 2020-ci ildə yeni böhranın başlanmasını  gözləyirlər

İyul ayında bank sistemi ilə bağlı geniş şəkildə “Bazel son şərti” kimi tanınan böyük bir islahat təklif edildi. Bu, bankları risklərdən qorumaq üçün məcbur kapital ayırmalarının milyardlarla dollar artırılmasını nəzərdə tutur. “Goldman Sachs”ın baş direktoru David Solomon bu yeniliyi tənqid edir: “Sistemin təhlükəsiz və sağlam olmasını istəsək də, mən bu qaydalara baxanda, onların çox uzağa getdiyini düşünürəm. Əgər onlar (qaydalar) yazıldığı kimi həyata keçirilərsə, bu, iqtisadi sistemin artım və inkişaf perspektivlərinə mənfi təsir göstərəcək əlavə sərtləşdirilməsi olacaq”.

ABŞ-da bank tənzimləyicisi bu ilin əvvəlində kiçik banklardan əmanətlərin kütləvi şəkildə geri çəkilməsindən sonra iri kreditorlar üçün daha sərt kapital qaydaları tətbiq etməyi nəzərdə tutan geniş təkliflər açıqlayıb. Öz növbəsində, sektor təmsilçiləri kapitalın əhəmiyyətli dərəcədə artırılması üçün heç bir əsasın olmadığını bildirirlər.

“UBS Group”un sədri Colm Kelleher tənzimləyicinin adını çəkmədən bank sistemində həlli daha vacib olan problemlər olduğunu deyib: “Əlbəttə, mən hesab edirəm ki, bəzi tənzimləyicilərin hazırda kapital məsələsini gündəmə gətirmək cəhdləri yanlışdır. Onlar diqqəti başqa məsələlərə yönəltməlidirlər”.

“Morgan Stanley”dən Gorman isə “siyasətin məqsədinin böyük bankların ölçüsünü məhdudlaşdırmaq” olduğunu deyib: “Amma sistemə təzyiq göstərdiyiniz zaman, ən az rəqabətədavamlı oyunçular geri çəkilir”.  O, siyasi dilemma həll olunmayana qədər növbəti böhranı proqnozlaşdırmağın çətin olduğunu qeyd edib.

“Deutsche Bank” analitikləri bundan proqnozlaşdırmışdılar ki, dünyada artan geosiyasi risklər inflyasiya gözləntilərində kəskin dəyişikliklərə və sonuncu dəfə 1970-ci illərdə müşahidə olunan miqyasda staqflyasiyaya səbəb ola bilər.

Qeyd edək ki, dünyanın aparıcı iqtisadiyyatlarında problemlər getdikcə daha da dərinləşir. Belə ki, ABŞ-da sənaye istehsalı oktyabrda əvvəlki ayla müqayisədə 0,6 faiz azalıb, Federal Ehtiyat Sisteminin açıqladığı məlumatdan aydın olur ki, bu, son on ayda göstəricinin maksimum azalmasıdır. "Trading Economics" analitikləri orta hesabla 0,3 faiz azalma proqnozlaşdırmışdılar.

Yenidən işlənmiş məlumatlara görə, sentyabr ayında ABŞ-da sənaye istehsalı 0,3 faiz deyil, 0,1 faiz artıb.

Beş ərəb ölkəsində dərin maliyyə böhranı yaranıb - AZƏRTAC

Noyabrın 4-də sona çatan həftə üçün ölkə üzrə işsizlik müavinəti alan amerikalıların sayı isə 1.865 milyona yüksəlib. Göstərici ardıcıl səkkizinci həftə artıb və indi təxminən son iki ildə ən yüksək səviyyədədir.

İkinci böyük iqtisadiyyatın sahibi olan Çində isə vəziyyət daha böyük pessimizm yaradır. Ölkənin daşınmaz əmlak sektorundakı problemi hələ də aradan qaldırmaq mümkün olmayıb. Oktyabrda Çinin iri şəhərlərində yeni mənzillərin qiymətləri 0,4 faiz ucuzlaşıb. Honq-Konqun “South China Morning Post” qəzetinin məlumatına görə, bu, Çində mənzil qiymətlərinin 0,5 faiz ucuzlaşdığı 2015-ci ilin fevralından bəri ən kəskin enmədir.

Çinin 70 böyük şəhərində yeni mənzillərin qiymətləri dördüncü aydır ki, ucuzlaşıb. Sentyabrda bu göstərici 0,3 faiz azalıb. Qəzetin məlumatına görə, oktyabr ayında monitorinq aparılan 70 şəhərdən 56-da yeni evlərin qiymətləri ucuzlaşıb. Sentyabrda 54 yaşayış məntəqəsində azalma qeydə alınmışdı.

Bundan əvvəl Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsi yanvar-oktyabr ayları arasında Çində daşınmaz əmlaka investisiyaların ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz azaldığını açıqlamışdı. “South China Morning Post”un məlumatına görə, oktyabr ayında Çinin 100 ən böyük inşaat şirkətinin mənzil satışları illik müqayisədə 27,5 faiz azalaraq 406,7 milyard yuana (təxminən 56 milyard dollar) düşüb. Nəşr həmçinin qeyd edir ki, Pekinin tədbirləri, xüsusən də ipoteka faizlərinin aşağı salınması və ilk ev alarkən ilkin ödənişin azaldılması bazarı canlandıra bilməyib ki, bu da daşınmaz əmlak sektorunda vəziyyətin daha da pisləşməsindən xəbər verir.

"Bloomberg" agentliyi isə yazır ki, Çin daşınmaz əmlak bazarında onilliklərin ən böyük tənəzzülünü aradan qaldırmaq planına ən azı 1 trilyon yuan (137 milyard dollar) xərcləməyə hazırlaşır: “Çin daşınmaz əmlak bazarına dəstək tədbirləri olaraq ucuz mənzillərin tikintisi və "şəhər kəndlərinin" yenidən inkişafı üçün milli proqramlara ən azı 1 trilyon yuan (137 milyard dollar) aşağı qiymətli maliyyələşdirmə (1,65 faiz - 1,75 faiz, baza dərəcəsi 3,45) təmin etməyi planlaşdırır".

Bu, baş nazirin müavini He Lifengın təşəbbüsünün bir hissəsidir. Bu plan sayəsində Çin səlahiyyətliləri daşınmaz əmlak bazarında son onilliklərin ən böyük tənəzzülünü aradan qaldırmağı planlaşdırır.  Ölkənin Xalq Bankı bu pulları mərhələli şəkildə banklar vasitəsilə təmin edəcək. Nəticədə mənzil almaq üçün ev təsərrüfatlarına vəsait daxil olacaq. Lakin hələ ki Çin hökuməti planı açıqlayaraq rəsmi tətbiqinə başlamağa tələsmirlər.

Oktyabrda Çinin ixracının həcmi illik müqayisədə 6,4 faiz azalaraq 274,83 milyard dollar təşkil edib. Çin Baş Gömrük İdarəsinin məlumatına əsasən artıq altıncı aydır ki, xaricdən  tələbin azalması nəticəsində ölkənin ixracı azalır. “Trading Economics” ekspertlərinin konsensus proqnozu göstəricinin 3,3 faiz azalmasını nəzərdə tuturdu. Sentyabrda ixrac illik ifadədə 6,2 faiz azalmışdı.

Oktyabrda Çinin idxalı gözlənilmədən 3 faiz artaraq 218,3 milyard dollar təşkil edib. Analitiklər orta hesabla 4,8 faiz azalma proqnozlaşdırmışdılar. Sentyabrda idxal 6,2 faiz azalmışdı. Oktyabrdakı artım bu ilin fevralından bəri ilkdir. Ekspertlərə görə, bu fakt Pekinin iqtisadiyyatı dəstəkləmək üçün həyata keçirdiyi tədbirlər nəticəsində daxili istehlakın artdığını göstərir.

Çinin xarici ticarət profisiti bir il əvvəlki 82,35 milyard dollar və sentyabrdakı 77,71 milyard dollarla müqayisədə oktyabrda 56,53 milyard dollara düşüb.

Dünyanın üçüncü böyük iqtisadiyyatına malik Avropa İttifaqında 3-cü rübdə iqtisadi artım sıfıra bərabər olub. Bu zaman ittifaqın aparıcı ölkəsi olan Almaniyada 0,1 faizlik iqtisadi azalma baş verib. Analitiklər 4-cü rübdə Aİ-də iqtisadi azalma, 2024-cü ildə isə resessiya proqnozlaşdırırlar. 

Böyük iqtisadiyyatlardakı problemlər dünyada xammal və enerjidaşıyıcılarına tələbatın azalmasına gətirib çıxarır. Nəticədə qiymətlər azalır. OPEK+ razılaşması iştirakçılarının hasilatı və ixracı rekord həcmdə azaltmasına rəğmən ötən həftədən bəri neft bazarında qiymətlərin ciddi ucuzlaşması qeydə alınmaqdadır. Brent neftinin qiyməti 90 dollar civarından 78 dollara qədər düşüb. Artıq razılaşma iştirakçılarının hasilatın mövcud azaldılması həcminin gələn ilin birinci rübündə də qüvvədə olması barədə müzakirə apardıqlarına dair məlumat yayılır. Lakin bu qərarın qiymətləri 90 dollar civarında saxlayacağı real görünmür: qlobal tələbin azalması, OPEK+ iştirakçısı olmayn ABŞ, Braziliya və digərlərinin hasilatı sürətlə artırması qiymətləri ciddi təzyiq altında saxlayır. Beynəlxalq Enerji Agentliyinin hesablamalarına əsasən, bu ölkələrin hasilatı artırması 2023-cü il ərzində dünya bazarına gündəlik neft təklifini rekord həcmdə - 1,7 milyon barel artırıb. Agentliyə görə, hər hansı gözlənilməz fasilələrin qarşısını almaqla, OPEC-ə daxil olmayan hasilatçılar 2024-cü ildə qlobal artıma yenidən gündə 1,6 milyon barel töhfə verməklə dünya bazarına tədarükü misli görünməmiş 103,4 milyon barelə çatdıracaqlar.

Bu isə o deməkdir ki, OPEK+ ölkələri hasilatı azaltmağa davam edəcəkləri təqdirdə, digər istehsalçılar bazar paylarını rahatlıqla artıracaqlar. 

Hazırda qlobal iqtisadiyyat, xüsusilə də enerji bazarı üçün əsas təhdidlərdən biri də İsraillə HƏMAS arasındakı münaqişədəndır: onun uzun müddətə davam etməsi ərəb dövlətlərinin enerjidaşıyıcıları ixracına məhdudiyyət tətbiq etməsi ehtimalını artırır. Bu isə yalnız neft bazarı deyil, qlobal iqtisadiyyat üçün ciddi problemlər yarada bilər...

Dünya SAKİT,
“Yeni Müsavat”



21.11.2023 09:03
2609