Son aylar əhalinin banklarda olan əmanətlərini geri çəkməsi müşahidə olunur. Demək olar ki, hər ay bu və digər banklardan əmanətlərin geri çəkilməsi xəbərləri gəlir. Məsələn, “Azərbaycan Sənaye Bankı”nın (ASB) depozit portfeli 2024-cü ilin III rübündə 14 milyon manatdan çox azalıb. ASB-nin depozit portfeli ilin əvvəli ilə müqayisədə 3,1% və ya 14,2 milyon manat azalıb və ilin əvvəlindəki 458,6 milyon manatdan 444,4 milyon manata enib.
Ən böyük azalma fiziki şəxslərin bankdakı əmanətlərində müşahidə edilib. Belə ki, bu il əhali bankdan 10 milyon manata yaxın vəsaiti geri çəkib. Belə ki, əhalinin bankdakı müddətli əmanətləri 4,89 milyon manat azalaraq 293,4 milyon manatdan 288,5 milyon manata enib. Fiziki şəxslərin tələbli depozitlərinin həcmi isə ilin əvvəlindəki 16,76 milyon manatdan 11,77 milyon manata kimi azalıb. Başqa sözlə, bu dövrdə əhali 4,99 milyon manat tələbi depozitini geri çəkib. Şirkətlər isə bankdan 6,16 milyon manat tələbli depozitini geri çəkib. Nəticədə sözügedən portfel 114,7 milyon manatdan 108,5 milyon manata enib. Ümumilikdə isə bankın öhdəlikləri 9,1 milyon manat azalaraq 625,8 milyon manata bərabər olub. Bundan əlavə, cəmi aktivləri cari ilin oktyabr ayının 1-nə 745,04 milyon manat olub ki, bu ilin əvvəlinə nisbətən 0,6% və ya 4,2 milyon manat azdır.
Hələ avqust ayında ümumi əmanətlərin həcmində əvvəlki ayla müqayisədə 43.3 milyon manat azalma qeydə alınmışdı.
Bildirilir ki, əhəmiyyətli banklarda depozit faizlərində azalma davam edir. Manat üzrə orta depozit faizi müddətli əmanətlər üzrə 6.0 faizədək azalıb. Müddətsiz depozitlərdə isə faizlər sadəcə simvolik xarakter daşıyır. Bu isə əmanət qoyuluşlarına təsirsiz ötüşmür.
Son dövrlər dollara tələbatın artması da narahatlıq doğurur. Əksər vətəndaşlar əllərində olan milli valyutanı ABŞ əsginasına çevirir. Əksər banklarda bu tendensiya uzun müddətdir ki, davam etməkdədir. Yaxın aylarda ölkədə devalvasiyanın olacağı ehtimalını isə bəzi ekspertlər inkar edirlər.
Akif Nəsirli
İqtisadçı Akif Nəsirli mövzu ilə bağlı “Yeni Müsavat”la fikirlərini bölüşüb: “Bir tərəfdən əhalinin qoyduğu əmanətlərin faiz dərəcələri aşağı düşüb, digər tərəfdən isə ölkədə inflyasiya sürətlənib. Payıza doğru bahalaşma daha çox hiss olunur. İnflyasiyanın təsirləri həmin əmanətlərin faizlərini "yeyir". Belə olan halda ilin sonunda sahibkarın qoyduğu əmanət nominal olaraq artsa da, o, real dəyərini itirir. Bu gün banklara əmanət qoymaq iqtisadi cəhətdən səmərəsiz olub. Ona görə də banklarda qoyulan əmanətləri geri çəkib başqa istiqamətlərə yönəltməyə başlayırlar. Əslində əmanətlərin faiz dərəcəsini aşağı salmaqda bankların kursu ondan ibarətdir ki, onların qarşısında dayanan kredit faizlərini aşağı salsınlar. Ölkədə kredit portfelinin 60-70 faizi banklara qoyulan depozitlərdə formalaşır. Banklara qoyulan depozitlərin faiz dərəcəsi aşağı salınmasa, kredit faizlərinin aşağı salınması mümkün olmayacaq. Ona görə də banklar bu kursu götürüb, kurs isə əks-effekt verməkdədir".
İqtisadçı hesab edir ki, bankların bu kursu düzgün seçilməyib: “Əslində bu məsələdə hökumət müdaxilə etməlidir. Hökumət kommersiya banklarına donorluq etməlidir. Kredit faizlərini aşağı salmaqdan ötrü Mərkəzi Bank kommersiya banklarına donorluq etməlidir. Yəni Mərkəzi Bank kommersiya banklarına ucuz kredit vermək üçün ucuz pul təklif etməlidir. Bunun sayəsində depozit əmanətlərinin kredit portfelində xüsusi çəkisini aşağı salmaq olar və bu halda depozitlərin faiz dərəcəsinin aşağı salınmasına ehtiyac qalmaz. Bank sistemində hər hansı bir irəliləyişləri əldə etmək üçün bank alətlərinin çeşidinin artırılması üçün hökumət imkanları daxilində və ölkənin maliyyə sferasında dayanıqlığını qorumaq şərtilə kommersiya banklarına ucuz kreditlər verməlidir. Ölkə iqtisadiyyatında ciddi rəqabət mühiti yaratmaq lazımdır. Ciddi rəqabət mühiti yaradılmayana qədər maliyyə sferasında atılan hər ciddi addım effektli olmayacaq”.
Əkrəm Həsənov
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov də deyir ki, vətəndaşların əmanətlərini geri almasının səbəbi əmanətlərə tətbiq edilən faizlə bağlıdır: “Ola bilsin ki, digər banklar daha sərfəli şərtlərlə əmanət qəbul etdiyi üçün həmin bankların əmanətçiləri depoziti ora qoymağa üstünlük verir. Azərbaycanda əmanətlər sığortalanır. Əhali etimad etsə də, etməsə də, bu sığortalanma var. Zamanla əmanətçilər depozitləri bankdan geri çəkir. Bu hal il ərzində bir neçə dəfə müşahidə olunur”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”