Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2023-cü ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, Bank dinamik inkişafını davam etdirərək, ölkənin bank sektorunun liderlərindən biri statusunu bir daha təsdiqləyib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın aktivləri 20% artaraq 1,86 milyard manat təşkil edib ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir. Açıqlanmış hesabatdan həmçinin görünür ki, bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir. Belə ki, Bankın məcmu kapitalı 26% artaraq 149,7 milyon manat olmuş və minimum məcmu kapital normasını təxminən 3 dəfə üstələmişdir.
Ötən ilin analoji dövrü ilə müqayisədə Bankın faiz gəlirləri 38%-dən çox artaraq 83,96 milyon manata, xalis əməliyyat mənfəəti 47,5% artaraq 35,64 milyon manata, xalis mənfəəti isə 34,46% artaraq 25,67 milyon manata çatıb.
9 ayın yekunlarına görə, bankın depozit portfelində də inamlı artım müşahidə olunur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın depozit portfeli 27,02% artaraq 1,2 milyard manata çatıb ki, bu da çoxsaylı müştərilərin “Bank Respublika”ya olan inamını bir daha təsdiqləyir.
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumlarından biri olan - Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - "Stabil" proqnozlu "B2" reytinqinə (Moody's) malikdir.
Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.