Bank kartlarından oğurlanan pulları ödəmək öhdəliyi bankların üzərinə qoyulsun

Bank kartlarından sahiblərindən xəbərsiz pulların oğurlanması adi hala çevrildikcə, banklara inam da sarsılır. Bu işdə bankdakıların məlumatlı olub-olmaması da əhəmiyyətli deyil. Pullar banka etibar olunubsa, banklar da bu etibarı, müştərilərini, nəticə etibarı ilə gəlirlərini qorumaq üçün təhlükəsizlik sistemini mükəmməlləşdirməlidirlər. 

Bir çox kart istifadəçiləri sual edirlər ki, axı bu necə ola bilər?! Cibində kart, əlinin altında telefon, şifrələr ağlında, heç kimlə bölüşməmisən... Amma bir də baxırsan ki, pul yoxdur! Qapını açıb kimsə içəri girməyib, cibinə əl atan olmayıb, amma hesabın boşaldılıb. Bunu nə ilə izah edək? Möcüzə ilə? Cadugərliklə? Yoxsa bank sistemindəki görünməz şər şəbəkəsi ilə?

Mayın 23-25-i arasında nə baş verdiyini bilirsiniz? Gəlin sadalayaq: 4500, 2576, 1413, 698, 606, 574, 240, 239, 202, 150, 122, 100, 95, 90, 66, 57, 1200, 1000, 600, 500, 400, 300, 250, 200, 80, 78, 75, 56, 20 manat pul müxtəlif vətəndaşların kartlarından sadəcə buxarlanıb. Bu artıq fırıldaq yox, bir soyğunçuluq mafiyasıdır. Əgər bu qədər insan eyni gündə, eyni metodla, eyni səssizlik içində soyulursa, burada təsadüf mümkündürmü?

İnformasiya texnologiyaları üzrə mütəxəssis Osman Gündüzün bu xüsusda dediklərini xatırlayaq. Mütəxəssis deyir ki, bu fırıldaqçılar tək deyillər. Onların arxasında bank sistemindəki “təmiz” kadrların silueti var.

Osman Gündüz açıq deyir: "Əgər vətəndaşın kartı, telefonu, kodu özündirsə, və pullar bir neçə dəqiqəyə yoxa çıxırsa, bu sistemin içində “qurd” var, həm də iştahlı qurd!”

Bəs vətəndaş nə etsin? Banklardan üz döndərib evin bir küncündə yataq altı pullarını saxlamağa qayıtsın? Baş verən bank soyğunçuluğu məhz bu reallığı diktə edir!

Maliyyə Nazirliyi, Mərkəzi Bank, Banklar Assosiasiyası hara baxır?!  Vətəndaşın bank kartlarından oğurlanan pullarını ödəmək öhdəliyi bankların üzərinə qoyularsa, oğurluqlar davam edərmi?

İnsanlara deyilir ki,  CVV kodunu paylaşma, OTP-ni vermə. Bunu 10 yaşlı uşaq da bilir. Problem bank sistemində dəlik olmasındadır! Və o dəlikdən hər gün rahat şəkildə pullar oğurlanır. Bu soyğunçuluğu durdurmaq zamanıdır!

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

26.05.2025 11:30
1017