Bank kartlarına vəsait daxil edərkən nələri qeyd etməliyik?

Bəzi bank kartlarına terminallar vasitəsilə pul daxil edərkən müxtəlif tipli məlumat istəyir. Bəziləri şəxsiyyət vəsiqəsinin fin kodunu, bəzisi doğum tarixini, bəzisi isə sadəcə kartın üstündə olan rəqəmləri tələb edir. Bu nə ilə əlaqədardır? Təhlükəsizlik məsələləri ilə bağlıdırmı? Niyə bəzi banklar müxtəlif forma tələb edirlər?

Bank məsələləri üzrə mütəxəssis Emin Mahmudov Valyuta.az-a bildirib ki, bu, bankların texniki olaraq sistemi vəsaitləri necə qəbul etməsindən asılıdır: "Kart nömrəsindən başqa digər məlumatların tələb olunmasının səbəbi təhlükəsizlik məsələləri ilə bağlıdır. Çirkli pulların yuyulması, terrorizmin dəstəklənməsi, qadağan olunmuş məhsullarının satışının qarşısının alınması üçün müxtəlif vasitələrdən istifadə olunur. Digər şəxsin kartına vəsait daxil edərkən həmin şəxsi tanımalıdır, anonim şəkildə kart nömrəsini yazaraq vəsait daxil etmək olmaz. Həmin şəxsin şəxsiyyət vəsiqəsinin məlumatlarını bilməlidir. Əvvəllər banklarda kassada müştərinin kartına vəsait daxil edərkən şəxsiyyət vəsiqəsi tələb olunurdu. Terminallar inkişaf etdikcə bu tələblər nisbətən azalıb".

Bank məsələləri üzrə mütəxəssis digər səbəblərdən də danışıb: "Ən geniş yayılmış səbəblərdən biri də bankların nisbətən öz işini rahatlaşdırması ilə bağlıdır. Hər kəs diqqətli olmur, bəzən öz kartına vəsait daxil etmək istəyən şəxslər bir-iki rəqəm səhv yazaraq vəsaiti digər şəxsin hesabına əlavə edir. Bu problemlərə bankın müraciət etməsi lazımdır və bankın burada müəyyən vaxtı və enerjsi gedir. Yanlışlıqla kartına vəsait daxil edilən şəxs məbləği qaytarmaqdan imtina edərsə, bəzən bu məsələlər məhkəməyə qədər gedib çıxır. Bu tip hallardan sığortalanmaq üçün yalnız kart nömrəsi ilə deyil, əlavə olaraq bəzi banklar şəxsiyyət vəsiqəsinin məlumatlarını da tələb edirlər. Bu, diqqətsizlik nəticəsində olunan texniki səhvlərin daha az olmasına xidmət edir".

E.Mahmudov bəzən müştərilərin kart nömrəsini daxil edərkən ad-soyadın çıxmasını tələb etdiyini vurğulayıb:

"Bu da müştəri sirrinin qorunması məqsədi ilə həyata keçirilir. Müştəri məlumatlarınının verilməsinin qarşısını almaq məqsədilə bağlı bəzi banklar bu prosesdən imtina edirlər. Təəssüf ki, bu hallarda belə müştərilər tərəfindən müəyyən səhvlər olunur. Buna görə də banklar yalnız kart nömrəsi ilə deyil, əlavə şəxsiyyət vəsiqəsinin məlumatları ilə də kartın düzgünlüyünü yoxlamalıdırlar".

16.01.2024 11:38
2546