Baləli "Qarabağ"ı tənqid etdi: Belə davam edə bilməz - MÜSAHİBƏ

Ötən gün "Qarabağ" Avropa Liqasının əsas mərhələsinin 2-ci turu çərçivəsində "Malmö"nü qəbul etdi. Məlum olduğu kimi təmsilçimiz İsveç klubu ilə dueldən məğlub ayrıldı - 1:2.

Oyundan əvvəl kimə Ağdam klubunun yeniləcəyini desəydin, inanmazdı. Çünki hər kəs Qurban Qurbanovun yetirmələrindən qələbə gözləyirdi. Ancaq oyunun nəticəsi gözlənildiyi kimi olmadı.

Görüşü medianın yaxınlıqdakı sektorda bir sıra tanınmış şəxslər də izləyirdi. Onlar arasında hamının yaxşı tanıdığı meyxanaçı Baləli Rzayev (Maştağalı) da vardı. O, qarşılaşmanı həyəcanla izləyirdi. Bəzən səsini qaldırır, emosiyalarına hakim ola bilmirdi. Matçdan sonra hər kəs kimi məğlubiyyətin üzüntüsünü yaşayırdı.

Elə alındı ki, Baləli ilə həmsöhbət olduq. Məğlubiyyətin onu necə dilxor etdiyini görməmək mümkün deyildi. Fürsətdən istifadə edib söhbətimizi müsahibəyə çevrirmək qərarına gəldim.

- Baləli, gözləyirdin belə nəticəni?

- Təəssüratlarım çox pisdir. Qəbələ gözləyirdim, məğlubiyyət yox. "Malmö" "Qarabağ"dan güclü komanda deyildi. Amma komandamız qalib gələ bilmədi. Belə deyək, alınmadı.

- Belə demək olarmı ki, "Qarabağ" qələbə qazanmağa öyrəşdirdiyi üçün hər kəs hazırda təəssüf içindədir...

- Elə komandalar var ki, onlar "Qarabağ"dan güclüdür. Biz deyə bilmərik ki, gedib İngiltərədə "Tottenhem"i udsun. Hər halda "Malmö"nü burada məğlub etmək olar da...

- Keçən mövsümkü "Qarabağ"la "Malmö" ilə oyunda gördüyümüz arasında fərqlər çoxdur deyirlər...

- Hə, bir az eniş var. Açıq aşkar hiss olunur. Amma bəzən oyun da alınmır...

- "Qarabağ"da qələbə üçün nə çatmadı?

- Yarımmüdafiənin sağ cinahında problem var idi. O mövqeni yaxşı bir oyunçu ilə gücləndirmək lazımdır. Belə çox davam edə bilməz. Elə oyunçular var ki, onları göndərib, daha yaxşılarını gətirmək lazımdır. Transfer eləmirlər. Transfer siyasəti zəifdir. Emmanuel Adday yeni alınıb. O, sol cinahda oynayan futbolçudur, bu dəfə "sağ"da çıxış elədi.

- Ardıcıl 2 məğlubiyyətdən sonra pley-off şanslarını necə dəyərləndirirsən?

- Pley-offa yüksələ bilməyəcəyik. Bu oyunla çətin alınsın. Bu, Qurban müəllimlik (red - "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu nəzərdə tutur.) məsələ deyil. Futbolçuların kefiyyəti o qədər də yaxşı deyil. Hər şey bir kənara, futbolçular döyüşməli, mübarizə aparmalı, can qoymalıdırlar. Bizim futbolçularda döyüşkən ruh yoxdur. Ola bilər ki, legionerlərin sayı çoxdur, mentalitet fərqi var. Bəlkə də onlar bizim kimi düşünmürlər. Amma meydanda milli ruh yoxdur. Futbolçular oyunun sonunda döyüşməli, yeri gələndə dava eləməli idilər. Onu görmədik. Belə olsaydı, nəticə başqa cür ola bilərdi.

- Ola bilərmi ki, "Bayer" ilə tarixi oyunlardan sonra futbolçularda arxayınlıq yaranıb, "ulduz xəstəliyi"nə tutulublar?

- "Bayer"lə oyunlar tarix idi. Amma inanmıram ki, komandaya o qədər təsiri olsun. Çatışmazlıqlar var. Onlar aradan qaldırılmalıdır. Ondan sonra qələbə qazanmaq olar. (publika.az)

04.10.2024 17:02
1889