Ötən həftə əməkdar artist Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə üzv seçilməsi ilə bağlı yaranan qalmaqal bir neçə gün gündəmi zəbt etdi. AYB üzvlük vəsiqəsinin Elza Seyidcahana xalq yazıçısı Çingiz Abdullayev tərəfindən təqdim olunması, Yazıçı Anarın, eləcə də katiblərinin israrla bu qərarı i dəstəkləməsi müzakirə mövzusu oldu. Beləliklə, ara-sıra bayağı şeirlər yazan müğənni-bəstəkarın AYB-yə üzv olması həm onu, həm də qurumu hədəfə gətirmiş oldu.
Bəzi qələm adamları Elzanın AYB-yə üzv olmasını Yazıçılar Birliyinə həqarət kimi də qiymətləndirdilər. Hətta buna görə AYB üzvlüyündən istefa verənlər də oldu. Belə ki, tanınmış şair, publisist, 1994-cü ildən AYB-nin üzvü olan Mürvət Qədimoğlu Anara istefa ərizəsi ilə müraciət edib.
“Sizdən xahiş edirəm ki, Elza Seyidcahanın üzv olduğu Yazarlar Birliyində qalmağımı özümə, Azərbaycan ədəbiyyatına və Azərbaycan oxucusuna təhqir hesab etdiyimdən, məni AYB-nin üzvlüyündən azad edəsiniz”, - deyə ərizədə qeyd olunub.
Elçin Mirzəbəyli
Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar jurnalist Elçin Mirzəbəyli isə “Elza Seyidcahandan sonra meyxanaçı Baləlini də AYB-yə üzv etmək lazımdır”, - deyə məsələyə daha sərt ironiya ilə yanaşdı. Elçin Mirzəbəylinin fikrincə, AYB tarixində ilk dəfədir ki, kütlənin təşkilatına çevrilmək, onun istəyinə, prioritetlərinə uyğun fəaliyyət istiqaməti seçib: “Elza Seyidcahanın rabitəsiz, qətlə yetirilmiş, "işgəncə"dən əzab çəkən, zarıyan “şeir”lərini illərdir ki, yüzminlərlə, bəlkə də milyonlarla həmvətənimiz müzakirə edir, paylaşır, votsapla bir-birilərinə göndərirlər, amma bu illər ərzində nədənsə yüzminlərlə, milyonlarla azərbaycanlının əsl ədəbiyyat nümunələrini müzakirə etdiyinin, paylaşdığının şahidi olmadım. Kimi dinləyir, oxuyur, müzakirə edir azərbaycanlılar? Söhbət çoxluqdan gedir. Elza Seyidcahan bizim ölkəmizdə çoxluğun, bəlkə də əhalinin 80-90%-nin şairidir. Elza Seyidcahanı “ədəbiyyat fenomeninə” çevirənlər AYB-ni niyə “top atəşi”nə tuturlar ki? AYB, sadəcə, çoxluğun seçimini, zövqünü, daha doğrusu, zövqsüzlüyünü nəzərə alıb. Azərbaycan Yazıçılar Birliyi yaxın tarixində ilk dəfədir ki, kütlənin təşkilatına çevrilmək, onun istəyinə, prioritetlərinə uyğun fəaliyyət istiqaməti seçmək istəyib. Buna da imkan vermirsiniz. Hələ bu harasıdır, Baləlini də AYB-yə üzv etmək lazımdır. Növbəti qurultaylarda bəlkə sədr də seçilə bildi..."
Qeyd edək ki, meyxanaçı Baləli son zamanlar geniş kütlə içərisində ən çox məşhurlaşan meyxanaçılardan biridir. Zaman-zaman söyüşlü, bayağı sözlərdən ibarət meyxanaları ilə tənqidlərə tuş gələn Baləli əsasən “lotu şairəm mən”, “oğru şairəm mən” qafiyələri ilə məşhurdur.
Bəs vaxtilə Rəsul Rza, Süleyman Rəhimov, Səməd Vurğun, Mirzə İbrahimov, Mehdi Hüseyn, İsmayıl Şıxlının rəhbəri olduğu 89 yaşlı qocaman AYB-yə Elza Seyidcahandan sonra “baləlilər” də üzv ola bilərmi? Ümumiyyətlə, AYB-yə üzv olmaq üçün tələblər hansılardır?
Öncə qeyd edək ki, AYB-nin Nizamnaməsində qurumun məqsədi - klassik ədəbi irsin keşiyində durmaq, çağdaş yazıçıların yaradıçılığını müzakirə, təqdim və təbliğ etmək; Yazıçılar Birliyi üzvlərinin yaradıcılığı və müxtəlif ədəbi qurumların, dərnəklərin, məclislərin səmərəli fəaliyyəti və ümumən ədəbi prosesin gedişatı üçün şərait yaratmaq, ölkə ərazisində və onun hüdudlarından kənarda peşəkar Azərbaycan yazıçılarının hüquqlarını qorumaq, Azərbaycan ədəbiyyatının təbliği və tədqiqi sahəsində fəaliyyətin genişlənməsinə kömək etmək, Azərbaycan ədəbiyyatının tərcüməsi, təbliği və Azərbaycan ədəbi dilinin təmizliyinin qorunub saxlanması qayğısına qalmaq, beynəlxalq miqyasda ədəbi əlaqələrin yaranması və genişlənməsi ilə bağlı tədbirlər həyata keçirmək, dünya ölkələrində fəaliyyət göstərən ədəbi-mədəni təşkilatlarla münasibətlər qurmaq, Azərbaycan ədəbiyyatının dünya miqyasına çıxmasına çalışmaq olduğu qeyd edilib.
O ki qaldı AYB-yə üzv olmaqla bağlı tələblərə, qurumun Qəbul Komissiyası aşağıdakı sənədləri tələb edir:
- geniş tərcümeyi hal;
- çap olunmuş kitablar;
- mətbu nəşrlər də göstərilməklə çap olunmuş əsərlərin ümumi siyahısı;
- AYB üzvü olan 3 nüfuzlu ədibin zəmanəti (zəmanət verən şəxslər AYB aparatında işləməməli, AYB-nin ictimai statuslu şuralarında və Qəbul Komissiyasında təmsil edilməməli, eyni zamanda 10 ildən artıq AYB üzvü olmalıdırlar);
- üzvlüyə qəbulla bağlı ərizə;
- AYB üzvünün qeydiyyat vərəqəsi;
- şəxsiyyət vəsiqəsinin surəti;
- 3x4 ölçüdə 3 ədəd rəngli fotoşəkil və üzvlük haqqı (Elza Seyidcahanın dediyindən belə məlum olur ki, bu haqq cəmi 15 manatdır).
Beləliklə, tələblərdə “çap olunmuş kitablar” ifadəsi olsa da Elza Seyidcahan ona məxsus yeganə bir kitabını təqdim etdiyini, kitabına rəy verənlərin də akademik Nizami Cəfərov, şairə Cığatel olduğunu, ərizə yazıb, üzvlük haqqını ödədikdən sonra şairə titulunu əldə etdiyini açıqlayıb. Görünən budur ki, tələblər artıq çox sadələşib. Belə çıxır ki, Baləli də nə vaxtsa meyxanalarını bir yerə toplayıb, kitab çap etdirsə, Elçin Mirzəbəyli demiş, “AYB-yə üzv seçilər, hətta üstəlik, növbəti qurultaylarda sədr də seçilə bilər”...
HAZIRLADI: Xalidə GƏRAY