Bal paytaxtı Ordu: Hoynat adası, Yason burnu, Boztəpə seyrangahı...ÖZƏL REPORTAJ

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, Turizm Təşviqat və İnkişaf Agentliyinin (TGA) təşkilatçılığı ilə Qara dəniz bölgəsinə etdiyimiz səfərin növbəti ünvanı Ordu şəhəridir. Anadolunun bu gözəl guşəsini qonşu Giresundan cəmi 40 kilometrlik məsafə ayırır.

Turistlərin həvəslə üz tutduqları Qara dəniz sahili boyunca qərarlaşmış Ordu füsunkar mənzərələri, yaşıllıqları, təmiz çimərlikləri, mavi dənizi, xoş auralı arxitekturası ilə göz oxşayır. Üstəlik,  şəhərin başının üstündə günün əksər saatlarında qonaqların ixtiyarında olan kanat xətti də bu məkana əlavə gözəllik verir, insanlara ruh rahatlığı gətirir. Üstəlik, şəhərin başı üzərində qərarlaşmış Boztəpə istiqamətindən start götürən paraşütlər...Qurusu da, dənizi də, sahili də, səması da bir-birindən baxımlı Ordu. 2020-ci il siyahıyaalınmasına görə 230 minə yaxın əhalisi olan Orduda daha çox insanın yaşadığı bildirilir. Ümumilikdə isə mərkəzi Ordu olan Ordu vilayətinin ümumi əhalisi 2024-cü il hesablamasına görə 770 minə yaxındır.

or23.jpg (372 KB)

Giresun fındığı ilə paytaxt statusu qazanıbsa, Orduda fındıqla yanaşı, qoz da populyar məhsullardandır. Amma bu Türkiyənin ən çox bal istehsal edən şəhəri kimi yaddaşlara yazılan Ordu vilayəti min bir dərdin dəvası olan məhsulun çeşidlərinə görə dillər əzbəridir. Arıçılığın geniş yayıldığı Ordu Çindən sonra dünyanın ikinci daha çox bal istehsalçısı statusunu qazanmış Türkiyə üçün önəm kəsb edən “bal paytaxtı”dır. Bu mənada fındıqçılardan sonra balçılar bölgədə ən çox qazanc əldə edən zəhmətkeşlər olaraq sevə-sevə qatlaşdıqları zəhmətlərinin bəhrəsini görürlər. Məlumata görə, son zamanlar Orduda orta illik bal istehsalı 18 min tona çatıb ki, bu da Türkiyənin 15 faizlik bal istehsalı deməkdir. Daha bir statistika: Avropaya bal ixrac edən Ordunun arı pətəklərinin sayı dünyanın 84 ölkəsindən, bal istehsalının miqdarı isə 95 ölkədən çoxdur! Möhtəşəm nəticədir.

or24.jpg (216 KB)

Ordu ilə tanışlıq zamanı Azərbaycan və Gürcüstanın mətbuat nümayəndələrinə bələdçimiz Mustafa Yalçın Yalçınqaya və TGA-nın dəyərli əməkdaşı Özden Vanlıdan əlavə, Ordu turizm idarəsinin müdir müavini Həbibə Baş da məmnuniyyətlə qoşulur və səfər boyunca bizi həvəslə müşayiət edir, Ordu haqqında sevə-sevə heyətimizi məlumatlandırır. Qaradənizin Ordu sərhədi boyunca irəlilədikcə insanın ruhu sakitləşir. Burada yaradılmış ictimai çimərliklər, sahilboyunca uzun velosiped yolları, günəşdən qorunmaq üçün yaradılan şərait, ümumilikdə hər şey hüzur gətirir. Şimalda Qaradəniz, cənubda Tokat və Sivas vilayətləri, qərbdə Samsun, şərqdə Giresunla həmsərhəd olan Ordu vilayəti yağışların miqdarına görə fərqlənir, amma burada yağış sadəcə hüzur deməkdir.   Yeri gəlmişkən, Ordu şəhəri Azərbaycanın Gəncə şəhəri ilə qardaşdır. Ümumilikdə Ordu üz tutmaq üçün səfalı yerləri ilə zəngindir: Hoynat adası, Yason burnu, Ohtamış şəlaləsi, Qaqa gölü, Çavuşlar şəlaləsi, Çambaşı yaylası, Aybastı Cümə axşamı yaylası, Çaka çimərliyi, Keyfalan yaylası, Kabadüz Ablak daşı, Çiseli şəlaləsi və keçilməz kanyonu ilə Boztəpə, daha haralar...Dəniz səviyyəsindən 450 metr yüksəklikdə, Ordunun mərkəzindən 6 km-likdə yerləşən Boztəpədən Qaradənizə və şəhərə, ətraf yaşayış məntəqələrinə yüksəkliklərdən tamaşa etmək üçün unikal məkandır. Ürəyi istəyən avtomobillə deyil, kanatla da qalxa bilər Boztəpəyə. Gecəsi də, gündüzü də çox gözəldir...Kanatın kabinələrindəki növbənöv işıqlar gecə ulduzlara qarışır...  

or19.jpg (467 KB)

Ramazan kəndi hüdudlarında yerləşən, sahilin təqribən 100 metrliyindəki Hoynat adası unikal ünvanlardandır. 700 kvadratmetr ərazini əhatə edir. Fatsa sahil yolunda, Hoynat adası səviyyəsində olan tunel adanın adına görə Hoynat tuneli adlandırılıb. Məlumata görə, heç zaman yaşayış yeri olmayan Hoynat vaxtilə dənizçilər tərəfindən anbar və sığınacaq kimi istifadə edilib. Gümüş qağayılar və irəli qarabatanların çoxalma yeri kimi tanınan ada yaşıl libaslı qayalıqları ilə möhtəşəmdir.

Ordu vilayətinin digər gözəl məkanı Yason Burnu yarımadasında da turistləri sehrləyəcək kifayət qədər məqamlar var. Köhnə Ordu-Samsun yolunun üstündə yerləşən Yason Burnu istiqamətində gəmilərin sahilə yan alması da mümkündür. 2008-ci ilin əvvəlində turizmə açıq elan olunan Yason Burnunu təkcə ötən il 90 min yerli və xarici turist ziyarət edib! Gözəl nəticədir. Burada quraşdırılmış oturacaqlarda əyləşib, Qaradənizin ləpələrini, növbənöv quşları, mamırlı daşları seyr eləmək adamı özündən alır. Axşamlar isə sakinlər və turistlər buraya günəşi yola salmaq üçün təşrif buyururlar, ecazkar mənzərə yaranır.

or14.jpg (390 KB)

Yason Burnunun giriş hissəsində Panaya adında monastır-kilsə var. Məlumata görə, bu kilsə 1868-ci ildə bölgədə yaşayan yunanlar və gürcülər tərəfindən tikilib. (Bu barədə bələdçimiz Mustafa Yalçınqayanın videomüsahibəsini təqdim edirik.) Vaxtilə dağılmaq üzrə olan kilsə 2004-cü ildə keçmiş Ordu valisi Kamal Yazıcıoğlunun bərpa işləri ilə əvvəlki vəziyyətinə gətirilib, günbəzi isə Osmanlı üslubunda qurulub.

or4.jpg (224 KB)

Media mənsubları Ordu şəhərinin mərkəzindəki Mərkəzi Altınordu mahalının Səlimiyə məhəlləsində yerləşən tarixi üçmərtəbəli Kahraman Sağra malikanəsini – muzeyi də ziyarət etdilər. Bildirildi ki, bu mülk Ordu Böyükşəhər Bələdiyyəsi tərəfindən bərpa edilib. Yerli xalqın dəstəyi ilə tarixi malikanə fındıqçılıqda istifadə olunan əşyaları bir araya gətirərək fındıq muzeyi kimi istifadə olunmağa başlanıb.

or25.jpg (425 KB)


Bura Fındıq Muzeyi kimi hər kəsin böyük marağına səbəb olur. Fındığın əkindən istehsalına, yığılmasından emal və daşınmasına qədər olan proses, fındığın çətin səyahətinin materiallar vasitəsilə izah edildiyi muzeyi ziyarət edən yerli və xarici turistlərə izah edilir. Ziyarətçilər bu muzeydə hər bir mərhələni addım-addım görmək imkanı əldə etməklə yanaşı, fındıq haqqında da ətraflı məlumat əldə edirlər. Fındıqçılığın inkişafı və təbliğində böyük rol oynamış türk ailəsinin özündən sonra belə bir irs qoyması, malikanəsini dövlətinə əmanət etməsi qürurvericidir. Muzey gün ərzində ziyarətçilərin üzünə açıqdır...  

Elşad Paşasoy,
Musavat.com
Bakı-İstanbul-Giresun-Ordu-İstanbul-Bakı
Foto, video: Müəllifindir

26.08.2024 16:25
876