Ekspertlər hesab edir ki, dövlət qurumları, emal müəssisələri paytaxtdan kənarda olmalıdır
Hər dəfə Bakıda tıxacların, sıxlığın azaldılmasından danışılanda ən çox bu təklif səslənir ki, universitetlər Bakıdan köçürülməlidir. Düzdür, regionlarda təhsil ocaqlarının olması həm regional inkişaf, həm də rayondan Bakıya oxumağa gələnlərin öz bölgəsində təhsil alması baxımından vacibdir.
“İstisna etmirəm ki, müəyyən universitetlər paytaxtdan köçürülərək vahid bir kampus yaradılaraq fəaliyyətini davam etdirə bilər”. Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində deyib. Onun sözlərinə görə, bu, Elm və Təhsil Nazirliyinin həyata keçirməli olduğu ciddi bir islahatdır.
“Gələcək illər ərzində bu məsələyə dair Elm və Təhsil Nazirliyi ilə birgə tədbirlər planı hazırlanaraq icra edilə bilər”, - deyə Anar Quliyev qeyd edib. (Bakupost.az)
Maraqlıdır, Bakının dərdi ancaq universitetlərdirmi? Niyə saysız-hesabsız dövlət qurumları da paytaxtdan kənara köçürülmür? Məmurlara əziyyət olar?
Əgər universitetlər Bakıdan köçürülərsə, bəs paytaxt sakinləri olan 10 minlərlə tələbənin rayona getmək, orada yaşamaq, kirayə qayğıları da yaranır axı. Digər tərəfdən, universitet müəllimlərinin əksəri Bakı sakinləridir. Bəs onların yaşamları necə olsun?
Bu baxımdan, Bakıdakı universitetlərin nisbətən şəhərdən kənarda - məsələn, Bayılda, Şıx qəsəbəsində korpuslarının inşası, paralel olaraq da rayonlarda filiallarının yaradılması daha optimaldır. Məsələn, Göyçayda BDU-nun filialı yaradılaraq, bu ətrafda yaşayan və BDU tələbələri olanların orada təhsil alması daha effektiv olmazmı?
Kamran Əsədov
Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı fikirlərini açıqladı. O dedi ki, Bakının 2040-cı ilədək inkişafına dair Baş planında təhsilə aid məqamlar da var: “Paytaxtda nəqliyyat sıxlığını azaltmaq məqsədilə mərkəzdən kənarlarda "Universitet şəhərciyi", yeni bilik-biznes rayonu yaradılacaq. Qala qəsəbəsində və Xocasən gölü ətrafında dövlət və özəl ali təhsil müəssisələri üçün ümumi bilik mərkəzi yaradılacaq. Zirə qəsəbəsində kənd təsərrüfatı və aqrar-sənaye müəssisələrinin işçi qüvvəsi ilə təmin edilməsi üçün peşə təhsili mərkəzi yaradılacaq. Mədəni və sənaye irsi əyləncəli-təhsil parkı yaradılacaq. Hazırda Bakı şəhərində təhsil alanların sayı ciddi şəkildə çoxdur. Gəlin rəqəmlərə baxaq, hazırda Bakı şəhərində 39 ali təhsil müəssisəsi yerləşir və bu universitetlərdə 133.526 tələbə təhsil alır. Bakı şəhərində yerləşən 326 orta məktəbdə 487 min şagird təhsil alır. Təhsilin digər pillələrində, kollec və peşə təhsili müəssisələrində 35 mindən çox tələbə təhsil alır. Uşaq bağçalarında təlim-tərbiyə prosesinə 50 min uşaq cəlb olunub. Pedaqoji heyətin sayı 50 mindən çoxdur (28 min orta məktəbdə, 26 min universitet və kolleclərdə). Əlbəttə ki, bu qədər insanın gün ərzində hərəkəti ictimai nəqliyyatda sıxlığı artıracaq. Ümumiyyətlə, mərkəzi ərazilərdə peşə təhsili müəssisələri və kolleclər olmamalıdır. Və ya niyə Bakı şəhərində təhsilin bütün pillələri üzrə təhsil müəssisələri olmalıdır? Kollec və peşə təhsili müəssisələri yalnız bölgələrdə olmalıdır. Bakı şəhərində yerləşən ali məktəblərin plan yerləri ciddi şəkildə azalmalı, əvəzində həm bölgələrdə yeni universitetlər açılmalı, mövcud universitetlərin plan yerləri artırılmalıdır. Həmçinin bölgələrdə filial statusunda olan universitetlər müstəqil universitet olmalıdır”.
Vüsalə Əhmədova
İqtisadçı-alim Vüsalə Əhmədova da mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, universitetlərin rayonlarda nəinki filiallarının yaradılması, bütövlükdə köçürülməsinin tərəfdarıdır: “Çünki Bakıdakı tələbələrin təhsil almaq üçün rayonlara getməsi rayondakı tələbələrin Bakıya gəlməsindən iqtisadi cəhətdən daha məqbuldur. Bakıda istər kirayə evlərin qiyməti, istərsə də qidalanma xərcləri həddindən artıq yüksəkdir. Ancaq Bakıdan rayonlara üz tutan tələbələr regionlarda rahatlıqla ucuz qiymətə ev kirayələyə və qidalana bilərlər. Tələbə üçün ilkin vacib olan sığınacaq və qidalanmadır. Bakıda kirayə evlərin qiyməti minimum 500 manatdır, hansı ki, rayonlarda bu 60-200 manat arası dəyişir. Regionlarda tələbə yataqxanalarının tikilməsi üçün də şərait mövcuddur. Bakıda bu mümkün deyil. O cümlədən də dövlət qurumları regionlara köçürülməlidir. Bu qurumlar dövlət büdcəsi hesabına maliyyələşir və onların harada fəaliyyət göstərməsi bir o qədər də əhəmiyyət kəsb etmir. Həmçinin emal müəssisələri mütləqdir ki, Bakıdan kənarda qurulmalıdır. İstər universitetlərin, istəsə də dövlət qurumlarının və emal müəssisələrinin Bakıdan kənara köçürülməsi, paytaxtda sıxlığı əhəmiyyətli dərəcədə azalda bilər və regionların iqtisadi inkişafına səbəb olar”.
Nizami Qasımov
Əməkdar memar Nizami Qasımov da mediaya açıqlamasnda universitetlərin köçürülməsi ilə bağlı məsələyə münasibət bildirib: “Kənd Təsərrüfatı Nazirliyi ona aid olan kollec və liseylər niyə Xankəndidə olmamalıdır ki? Kənd təsərrüfatı məssisələri Bakıda niyə olmalıdır? Sənaye ilə bağlı universitetlər - Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti niyə Sumqayıtda olmasın? Avropada universitetlər elə yerdə açılır ki, həmin şəhərdə o sahənin nümunələri var. Məsələn, Almaniyada sənaye universitetlərinin əksəriyyəti Frankfurtdadır.
Azərbaycanda əksər universitetlər Bakıdadır. 2-3 pedaqoji universitet var, niyə? Bunları Naxçıvana, Xankəndinə, Gəncəyə, Sumqayıta köçürmək olar. Bu universitetlərin Bakıdan, ümumiyyətlə, köçürülməsinin tərəfdarıyam. Lakin Bakı ətrafına köçürüləcəksə, burada metro xətti olmalıdır. Əks halda, insanlar öz şəxsi avtomobilindən istifadə edərək universitetlərə getdiyi üçün yenə də tıxac olacaq".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”