Bakının Xankəndi planı artıq reallaşır: Rus sülhməramlılar çıxarılır

Paşinyan hakimiyyəti Xankəndi və ətraf bölgədə yaşayan ermənilərə “gələcək taleyinizi rəsmi Bakı ilə həll edin” mesajını verir, erməni separatçı-terrorçular üçünsə, bu, “Ermənistana ümid bəsləməyin” məzmunu daşıyır... Mövcud situasiyada erməni separatçı-terrorçular üçün ya təslim olub, amnistiya şansını sınaqdan çıxartmaq, ya da müqavimət göstərib, Azərbaycan ordusunun antiterror əməliyyatları ilə zərərsizləşdirilmək variantları arasında seçim etmək qalıb...

Cənubi Qafqazda “Rusiya erası” demək olar ki, bitmək üzrədir. Böyük ehtimalla Rusiyanın bu regiondakı gələcək taleyini Ukrayna savaşının ilkin nəticələri müəyyən edəcək. Əgər, Rusiya Ukrayna savaşında duruş gətirə bilərsə, Kremlin Cənubi Qafqazdan çıxarılması prosesi də ləngiyəcək. Ancaq indiki situasiyada Ukrayna savaşında addım-addım məğlubiyyətə doğru irəliləyən Rusiyanın tədricən regiondan göndərilməsi qaçılmaz xarakter daşıya bilər.

Hazırda Rusiyanın Cənubi Qafqazda cəmisi iki dayaq məntəqəsi mövcuddur. Onlardan birisi Azərbaycanın Xankəndi və ətraf bölgəsidir. Kreml bu bölgədə Rusiya sülhməramlılarını müvəqqəti də olsa, yerləşdirməyə nail olub. Ancaq rus sülhməramlıların Azərbaycan ərazisində 2025-ci ildən sonra da duruş gətirə biləcəyi o qədər də inandırıcı görünmür.

Məsələ ondadır ki, rəsmi Bakı rus sülhməramlıların Azərbaycan ərazisində qalmasından məmnun olmadığını qətiyyən gizlətmir. Ona görə də, artıq indidən ehtimal etmək olar ki, Azərbaycanın siyasi rəhbərliyi rus sülhməramlıların Xankəndi və ətraf bölgədə dislokasiya müddətini uzatmayacaq. Və rəsmi Bakı hazırda bu prosesə intensiv şəkildə hazırlaşmağa başlayıb.

Bu baxımdan, Azərbaycanın Laçın yolu üzərində nəzarət-buraxılış məntəqəsi qurması böyük əhəmiyyət daşıyır. Çünki bu addımın atılmasından sonra Xankəndi və ətraf bölgədəki erməni separatçı-terrorçularla yanaşı, rus sülhməramlılar da Azərbaycanın tam nəzarəti altına düşüblər. Ən əsasısa, bu nəzarət prosesinin yaxın vaxtlarda erməni separatçı-terrorçuları Azərbaycan hüquq-mühafizə orqanlarına təslim olmaq məcburiyyətində buraxacağı qətiyyən şübhə doğurmur. Və müəyyən müqavimət cəhdlərinə baxmayaraq, bunun ilkin əlamətləri artıq nəzərə çarpır.

553ca3cd-f6e8-4b12-8e68-cdd0639acd79.jpg (258 KB) 

Hər halda, erməni separatçı-terrorçular artıq əvvəlki kimi sərbəst deyillər. Onlara Ermənistan istiqamətindən dəstək demək olar ki, minimum həddə çatıb. Rəsmi İrəvanın ənənəvi dəstəyinin bloklandığı bir şəraitdəsə, erməni separatçı-terrorçuların bölgədə uzun müddət tab gətirə biləcəkləri qətiyyən inandırıcı deyil. Və bu önəmli məqam bölgədə yaşayan erməni azlığının Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesində növbəti mərhələnin də əsas istiqamətlərini təyin etmiş olacaq.

Məsələ ondadır ki, Araik Arutyunyan və onun separatçı-terrorçu dəstəsi təslim olduqdan və ya zərərsizləşdirildikdən sonra Xankəndi və ətraf bölgənin erməni əhalisi ilə rəsmi Bakı arasında birbaşa dialoqa əngəl aradan qaldırılmış olacaq. Rəsmi Bakı hazırda bu prosesə planlı şəkildə hazırlaşdığını qətiyyən gizlətmir. Azərbaycan Prezidenti İlham Əliyevin erməni separatçı-terrorçular könüllü təslim olacaqları təqdirdə, onların barəsində amnistiya variantına baxıla biləcəyinə eyham vurması hazırlıq prosesinin yekunlaşmaq üzrə olduğunu biruzə verir.

Ancaq rus sülhməramlıların himayəsinə arxayın olan erməni separatçı-terrorçular müqavimət göstərməkdə davam edərlərsə, bu halda, Azərbaycan ordusu onların zərərsizləşdirilməsi üçün hərəkətə keçəcək. Azərbaycan Prezidenti İlham Əliyevin bu barədə verdiyi mesaj hər hansı güzəştin olmayacağını təsdiqləyir. Çünki Prezident İlham Əliyev Azərbaycan ordusunun istənilən ərazidə antiterror əməliyyatı keçirtmək imkanında olduğunu sərt şəkildə vurğulamışdı. Bununla da, erməni separatçı-terrorçulara rus sülhməramlılara boşuna güvənməyin onlara fayda verməyəcəyinə eyham vurmuşdu.

Təbii ki, bütün bunlar erməni separatçı-terrorçular üçün ayrılmış zamanın o qədər də çox olmadığını göstərir. Hətta hesab etmək olar ki, həmin zaman artıq sona çatmaq üzrədir. Əgər yaxın vaxtlarda könüllü şəkildə təslim olmasalar, onlar antiterror əməliyyatları ilə zərərsizləşdiriləcəklər. Nəticədə rəsmi Bakı ilə erməni sakinlər arasında dialoqun başlanması və qısa müddətdə reinteqrasiya mərhələsinə keçməsi qarşısında elə bir ciddi problem qalmayacaq. Və rus sülhməramlıların bu prosesə əngəl törətmək imkanları məhduddur.

 77a8a08fa6a5dff1f0e83379a22b7a23.jpg (417 KB)

Üstəlik, bu proses eyni zamanda, rus sülhməramlıların Azərbaycan ərazilərindən çıxarılmasını da şərtləndirəcək. Çünki Xankəndi və ətraf bölgənin Azərbaycan cəmiyyətinə reinteqrasiyası başlandıqdan sonra rus sülhməramlılara regionda ümumiyyətlə, hər hansı ehtiyac qalmayacaq. Əksinə, rus sülhməramlıların Azərbaycandan çıxarılması Xankəndi və ətraf bölgədə sabitlik üçün münbit şərait yetişdirmiş olacaq.

Onu da qeyd etmək lazımdır ki, Xankəndi və ətraf bölgədəki erməni separatçı-terrorçular üçün Ermənistandan “dəstək qapısı”nın açıla biləcəyi də qətiyyən real deyil. Çünki hazırda rəsmi İrəvan Ermənistanın mövcudluğunu qorumaq məcburiyyətində qalıb. Ona görə də, rəsmi İrəvan Azərbaycanın tələbləri qarşısında tamamilə aciz durumdadır. Və bu, bölgədə “erməni terrorizmi”nin zərərsizləşdirilməsi prosesində önəmli məqamdır.

İndi ABŞ və Qərbin rəsmi Bakının atdığı addımları dəstəkləməsi də inkaredilməz reallıqdır. Belə ki, Ağ Evdən verilən açıqlamalarda Prezident İlham Əliyevin amnistiya vədi alqışlanır. Yəni, ABŞ və Qərb erməni separatçı-terrorçuları cinayətkar qismində qəbul etdiyini sezdirir. Və bu baxımdan, rəsmi Bakının antiterror əməliyyatlarına başlayacağı təqdirdə, Qərbin reaksiyasının necə ola biləcəyini təxmin etmək çətin deyil.

Nəhayət, rəsmi İrəvanın son açıqlamaları da erməni separatçı-terrorçuların vaxtının çox qalmadığını göstərir. Belə ki, baş nazir Nikol Paşinyan Ermənistanın Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bütün dünyaya artıq dəfələrlə bəyan edib. Və rəsmi İrəvanın buradan geriyə dönüş nöqtəsi tapa biləcəyi də indi real görünmür.

2b76e4d189a0fd6d58d12f09b4eea6ff.jpg (158 KB) 

Digər tərəfdən, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da erməni separatçı-terrorçuların son ümidlərini də qıraraq, məyus edib. Erməni nazir bildirib ki, Ermənistan “Dağlıq Qarabağ”da yaşayan ermənilərin gələcək taleyi ilə bağlı danışıqlar aparmaq üçün mandata malik deyil: “Ermənistan bu məsələ ilə bağlı danışıqlar aparmır və buna cəhd də göstərmir”.

Belə anlaşılır ki, rəsmi İrəvan da dolayısı ilə Xankəndi və ətraf bölgənin gələcək taleyinin məhz rəsmi Bakının verəcəyi siyasi qərardan asılı olduğuna eyham vurur. Əslində, bu, qətiyyən təəccüblü deyil. Çünki rəsmi Bakı Xankəndi və ətraf bölgə ilə bağlı mövzunu Azərbaycanın daxili məsələsi hesab edir. Və Ermənistanı ümumiyyətlə, bu mövzuya yaxın buraxmır.

Bütün bunlar onu göstərir ki, Paşinyan hakimiyyəti Xankəndi və ətraf bölgədə yaşayan ermənilərə “gələcək taleyinizi Bakı ilə həll edin” mesajını verir. Erməni separatçı-terrorçular üçünsə, bu mesaj “Ermənistana ümid bəsləməyin” məzmunu daşıyır. Belə situasiyada erməni separatçı-terrorçular üçün ya təslim olub, amnistiya şansını sınaqdan çıxartmaq, ya da müqavimət göstərib, Azərbaycan ordusunun antiterror əməliyyatları ilə zərərsizləşdirilmək variantları arasında seçim etmək qalıb.

Bu iki variantdan biri reallaşdıqdan sonrasa, rus sülhməramlılar üçün Rusiyaya qayıtmaq qaçılmaz xarakter daşıyacaq. Yəni, rəsmi Bakının rus sülhməramlıların Azərbaycandan çıxarılması ilə nəticələnəcək planı artıq işə salınıb. Və artıq addım-addım icra edilən bu planın Azərbaycanın həm erməni separatçı-terrorçulardan, həm də rus sülhməramlılardan təmizlənməsi ilə nəticələnəcəyi qətiyyən şübhə doğurmur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

05.06.2023 18:41
4058