“Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin qurulması naminə böyük birtərəfli güzəştlər paketinə razılaşıb”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli şərqşünas Ruben Melkonyan bildirib.
Onun sözlərinə görə, bu kontekstdə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasından danışmaq mümkün deyil. Əksinə, bu prosesi Türkiyənin tələblərinin yerinə yetirilməsi və onun uzunmüddətli planları üçün geniş imkanların açılması adlandırmaq lazımdır.
“Paşinyanın Ağrı dağı ilə bağlı dedikləri məhz bu məntiqlə nəzərdən keçirilməlidir. Ağrı dağı erməni xalqının simvolu olub və belə də qalır, heç bir müvəqqəti hökumət bunu insanların təsəvvüründən çıxara bilməz”, - deyə faşist ekspert qeyd edib.
O, hakimiyyətin güzəştlərinin Türkiyədən yeni tələblərə səbəb olacağına əmindir.
“Bəli, Türkiyə Ermənistanın müstəqilliyini 1991-ci ildə tanıdı, lakin eyni zamanda bir sıra tələblər irəli sürdü və onlardan yalnız bəziləri açıqlandı. Tələblərin qeyd olunan hissəsini yerinə yetirdikdən sonra sülh içində yaşaya biləcəyinizi söyləmək primitiv yanaşmadır. Tələblər silsiləsi kimlik və erməni dövlətçiliyi məsələlərinə toxunan son dərəcə dərin məsələlərə gedib çıxır. Türkiyənin orada dayanacağına inanmaq sadəlövhlükdür, çünki Ermənistanın xidmət edən dövlətə çevrilməsinə çalışırlar”, - deyə Melkonyan söyləyib.
Onun sözlərinə görə, gələcəkdə azərbaycanlıların Ermənistana “geri qaytarılması” ilə bağlı Azərbaycanın bugünkü tələbləri Türkiyənin tələblər paketində yer ala bilər.
“Strateji mənada Türkiyə və Azərbaycan vahid dövlətdir. Ona görə də Azərbaycanın azərbaycanlıların geri qaytarılması və onların təhlükəsizliyinin təmin edilməsi tələbləri Türkiyənin tələbləri arasında ola bilər. Bu axını dayandıra biləcək heç bir maneə yoxdur” - deyən Ruben Melkonyan yeganə yolun bu tələblərə müqavimət göstərmək olduğunu bildirib.
Musavat.com