Ermənistan rəhbərliyi sülh prosesini pozmaqdan ötrü növbəti manevrlərə əl atır; rəsmi İrəvanın qeyri-konstruktivliyi gərginliyi tətikləyir
Rəsmi İrəvan yekun sülh sənədinin imzalanmasından yayınmaq üçün müxtəlif variantlara əl atmaqdadır. Ölkə hakimiyyəti üzdə sülh tərəfdarı kimi görünməyə çalışsa da, əslində məqsədi “nə hərb, nə sülh” prosesinin ömrünü maksimum uzatmaqdan ibarətdir.
Ermənistanın baş naziri Nikol Paşinyan həftəsonu Gümrüdə partiya üzvləri ilə görüşündə Ermənistanda yeni konstitusiyanın qəbulu ilə bağlı danışıb. “Anlamadan konstitusiyanın qəbuluna qarşı nümayişlər keçirirlər. Biz bu məsələni ona görə ictimai müzakirəyə təqdim edirik ki, xalqla birlikdə konstitusiya yaradaq. O konstitusiya bu gün yoxdur. Bu gün soruşsan ki, o konstitusiyada nə yazılmalı, nə yazılmamalıdır, məndə bəzi fikirlər ola bilər. Amma konstitusiya o insanların beynində olmayana qədər mövcud deyil. Çünki əgər insanların beynində deyilsə, 700 min insan gedib buna necə səs verəcək? Yalnız bir halda, o hesab etsə ki, onun sahibidir və onun müəllifidir”, - deyə, Paşinyan vurğulayıb. Konstitusiya İslahatları Şurasının sədri, ədliyyə naziri Qriqor Minasyan isə son olaraq bəyan edib ki, onlar Paşinyanla görüşü gözləyirlər, bundan sonra yeni konstitusiyada hansı dəyişikliklərin nəzərdə tutulduğunu ictimaiyyətə təqdim edəcəklər. O, konstitusiyanın preambulasının müzakirəsinin aparılmadığını qeyd edib. İslahatlar Şurası iki ildir konstitusiya islahatları konsepsiyasının layihəsi üzərində işləyir. Hökumətə göndərilən layihədə istiqlal bəyannaməsi müddəasının çıxarılmasından bəhs edilmir. Ədliyyə nazirinin dediyinə görə, gələcək işləri Paşinyanın təklifi ilə sinxronlaşdırmaq istəyirlər.
Paşinyanı yeni konstitusiyaya məcbur edən müəyyən səbəblər var. Məsələn, Ermənistanın Müstəqillik Bəyannaməsi və Ermənistan Konstitusiyası “Dağlıq Qarabağa birləşmə haqqında 1989-cu il 1 dekabr tarixli deklarasiyaya” əsaslanır. Azərbaycanla sülh danışıqları üzrə müzakirələrin artdığı bir dövrdə təbii ki, konstitusiyada yuxarıdakı məsələni ehtiva edən maddənin dəyişdirilməsi labüd sayılır. Ermənistanın digər hüquqi sənədlərində yer alan bəzi maddələr Azərbaycana qarşı ərazi iddiası olduğundan rəsmi Bakı onların dərhal ləğvini tələb edir. Prezident İlham Əliyev bəyan edib ki, İrəvan bu addımları atmazsa, sülh müqaviləsindən danışmaq mümkün deyil. Paşinyanın və ədliyyə nazirinin açıqlamaları arasında ziddiyyət var. Çünki Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinin xatırlanması və ona istinad edilməsi hazırda aparılan sülh danışıqları və imzalanacaq sülh müqaviləsi ilə üst-üstə düşmür. Belə bir maddənin ölkənin əsas qanununda qalması sabah özü üçün beynəlxalq arenada ciddi problemlərə səbəb ola bilər. Paşinyanın konstitusiya dəyişikliyində məsuliyyəti xalqın üzərinə qoyması da bu məsələdə yaxşı perspektiv vəd etmir. Əgər mümkün dəyişikliklərə xalq referendumda “yox” deyərsə, o halda Paşinyanın indiyədək apardığı sülh və yeni Ermənistan qurmaq təbliğatı iflasa uğrayacaq. Bakının tələbinə ermənilər referendumda “yox” desə, hadisələrin gedişi necə ola bilər?
Sahib Məmmədov
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında təsdiqlədi ki, Ermənistanda mövcud konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağlı diskussiyalar davam edir: “Amma konstitusiya islahatları hansı məsələləri əhatə etməlidir, dəyişikliklər nədən ibarət olmalıdır, bununla bağlı heç hökumətin daxilində belə konsensus yoxdur. Bu baxımdan baş nazir Paşinyanla, onun ədliyyə nazirinin dəyişikliklərlə bağlı fərqli fikirlərinin olması da bunun göstəricisidir. Yaxud mövcud hökumətdə fərqli fikirlərin olması imitasiya xarakterlidir və əvvəlcədən razılaşdırılıb. Əslində Ermənistanda gözlənilən konstitusiya dəyişikliyində bizim üçün maraq kəsb edə biləcək məsələ "Ermənistanın Müstəqillik Bəyannaməsi"nin preambulasındakı “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının Qarabağ 1 dekabr 1989-cu il tarixli "Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqında" birgə qərarı" ifadəsi, bəyannamənin 11-ci bəndindəki “Ermənistan Respublikası beynəlxalq səviyyədə 1915-ci ildə Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda baş vermiş erməni soyqırımının tanınma məsələsini dəstəkləyir” ifadəsi və hazırkı Ermənistan Konstitusiyasının preambulasındakı “Erməni xalqı Ermənistan dövlətçiliyinin fundamental prinsiplərinə və Ermənistanın Müstəqillik Bəyannaməsində təsbit olunmuş milli məqsədlərə əsaslanaraq...” ifadələridir. Ermənistan tərəfindən qəbul olunmuş “Ermənistanın Müstəqilliyi Bəyannaməsi” və konstitusiyada - hansı ki, Ermənistanda hər iki sənəd ən yüksək hüquqi qüvvəyə malikdir - Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiasının olduğunu bəyan edir". S.Məmmədov qeyd etdi ki, Ermənistanın dövlət atributlarında, konkret olaraq gerbində də Türkiyəyə qarşı ərazi iddiasının açıq işarəsi verilir: “Əgər konstitusiya islahatları zamanı Ermənistanın ali qanunlarında Azərbaycana və Türkiyəyə qarşı hüququ baxımdan əks olunmuş ərazi iddiaları aradan qaldırılmayacaqsa, bu zaman o islahatların bizim üçün hər hansı əhəmiyyəti olmayacaq. Hökumətdaxili diskussiyalardan və açıqlamalardan görünən budur ki, bu məsələ ilə bağlı konkret mövqe yoxdur. Ermənistanda olan siyasi qüvvələrin də əksəriyyəti qətiyyətlə belə dəyişikliyin əleyhinədir. Belə olan halda, mümkündür ki, yeni mətnin layihəsində konstitusiyanın preambulasında dəyişiklik ümumiyyətlə nəzərdə tutulmasın, yaxud bu dəyişiklik layihədə əks olunsun, amma referendumda seçicilər tərəfindən dəstəklənməsin”. Ekspert bildirdi ki, variantlardan hər hansı birinin baş verməsi Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına və sülh prosesinə ciddi zərbə vuracaq və onu mənasız edəcək: “Dövlətə qarşı ərazi iddiası olan başqa bir dövlətlə hansı sülh müqaviləsindən söhbət gedə bilər ki? Mənim qənaətimə görə, bu halda artıq Azərbaycan öz planları ilə getməlidir. Yəni şərti sərhəddə delimitasiya proseslərinin davam edib-etməməsindən asılı olmayaraq, demarkasiya prosesinə başlamalı, sərhəd nişanlarını özünün məqbul bildiyi və beynəlxalq hüququn prinsiplərinə zidd olmayan şəkildə quraşdırmalıdır. Ən azı o hissələrdə ki, Azərbaycan qəti olaraq nə irəli getmək, nə də geri çəkilmək fikrində deyil. Paralel olaraq Azərbaycan Naxçıvanla kommunikasiyanın bərpa olunması istiqamətində işlərini davam etdirməlidir.”
Tural İsmayılov
Politoloq Tural İsmayılov isə bu fikirdədir ki, Ermənistanda konstitusiya dəyişikliyini təkcə revanşistlər yox, Fransa və istismarçı Qərb dairələri də istəmir: “Konstitusiya dəyişikliyi məsələsində də Ermənistan müstəqil siyasi qərarlar almaqda acizdir. Azərbaycanın razılığı alınmadan Ermənistan ərazilərində Aİ mülki missiyası adı altında Qərbin müxtəlif strukturlarını toplayan Ermənistandakı "sorosçu" Paşinyan hakimiyyəti Qərblə əlaqələri dərinləşdirmək adı altında “ikinci Maydan” ssenarisini həyata keçirməyə çalışır. Faktiki olaraq bu gün Qərb Ermənistan ərazilərində Azərbaycan, Rusiya, Türkiyə və İran əleyhinə yeni kəşfiyyat platsdarmları formalaşdırmağa çalışır. Bütün bunların fonunda bu gün Ermənistanın yerləşdiyi geosiyasi durumu təhlil etməyən, Ermənistanın inkişafını istəməyən, Ermənistandan ancaq özünün siyasi məqsədləri üçün istifadə etmək istəyən başda Fransa və ABŞ-dakı ermənipərəst dairələr olmaq üzrə Qərb strukturları bölgəni qarışdırmaq üçün Ermənistanı yenidən qızışdırmağa çalışırlar".
E.PAŞASOY,
“Yeni Müsavat”