"Ermənistan hakimiyyətinin mövqeyi sübut edir ki, Bakının səsləndirdiyi tezislər sadəcə tələb deyil, razılaşmadır".
Musavat.com xəbər verir ki, bunu erməni separatçısı Metaxe Akopyan deyib.
Onun sözlərinə görə, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün bütöv şərtlər paketi irəli sürür - Ermənistan Konstitusiyasının dəyişdirilməsi, azərbaycanlıların Ermənistana geri qaytarılması və Zəngəzur dəhlizi.
"Ermənistan tərəfi cavab olaraq kompromis həll yolu tapmağa imkan verəcək tələblər səsləndirmir. Üstəlik, ötən müddət ərzində heç bir beynəlxalq güc mərkəzi Bakını belə bir mövqeyə görə qınamayıb".
Akopyanın bildirdiyinə əsasən, Ermənistanın baş naziri hakimiyyətə gəldikdən sonra dəfələrlə Konstitusiyanın dəyişdirilməsi və azərbaycanlılarla dinc yanaşı yaşamağın zəruriliyindən danışıb, yəni ilkin olaraq Bakının hazırkı tələblərinin yerinə yetirilməsi üçün ssenari təqdim edilib:
"Bu da Ermənistan hakimiyyətinin Azərbaycan tərəfi ilə müvafiq razılaşmaları olduğundan şübhələnməyə imkan verir".
Musavat.com