"Bakının qonaqları"nın mühakimə saatı yaxınlaşır: Vardanyan - Arutyunyan - Qukasyan...

Separatçı-xuntaçı liderlərin məhkəməsi COP29-dan sonra başlayacaq

Hüquqşünas: “Onlar cinayət dosyeləri ilə tanış olduqdan sonra ədalət məhkəməsinə çıxarılacaqlar”

Gələn ay Qarabağda 24 saatlıq antiterror tədbirlərinin 1 ili tamam olacaq. Bu möhtəşəm əməliyyatın daha bir uğuru əlbəttə ki, separatçı-xunta rejiminin cinayətkar rəhbərlərinin əksərinin ələ keçirilməsi oldu. 

Yada salaq ki, baş prokuror Kamran Əliyev  bildirib ki, artıq 15 nəfərlə bağlı istintaq hərəkətləri başa çatıb: “Hazırda təqsirləndirilən şəxslər, vəkillər və zərərçəkmiş şəxslər cinayət işi materialları ilə tanış olurlar. Tanış olma mərhələsi başa çatandan sonra ittiham aktı məhkəməyə göndəriləcək”.

 Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq “xarici işlər naziri” Davit Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və digərləri   müharibə cinayətlərində ittiham olunurlar. Azərbaycanın hüquq-mühafizə orqanları və istintaqçıları  erməni separatçılarının ötən 30 il ərzində xalqımıza qarşı törətmiş olduğu hərbi cinayətləri detalları ilə araşdırıb. Azərbaycanlılara qarşı soyqırımında, doğma yurd-yuvalarından qovulmasında, əmlaklarının talan edilməsində və s. kimi cinayətlərdə iştirak  ediblər. 

İbtidai istintaqın materialları ilə həmin şəxslərin, həm onlarının müdafiəçilərinin, prosessual qanunverciliklə nəzərdə tutulmuş digər şəxslərin cinayət işi ilə tanış olması mərhələsi başlayıb. Hazırda onlar Bakıda öz məhkəmələrini və haqq elədikləri cəzaları gözləyirlər. Bəs Azərbaycan qanunvericiliyinə görə, məhkəmə prosesi uzağı nə vaxt başlanmalıdır? Prosesin COP29-dan sonraya qalması qanunla mümkünmü, yoxsa? Hüquqi proseduralar nə deyir?

Nazir Bakını tıxacdan qurtarmağı tapşırdı - problemli ərazilər

Natiq Ələsgərov 

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, uzun illər Azərbaycan vətəndaşlarına qarşı törədilən vandalizm, qətl, terrorçuluq və digər hərəkətlər bilavasitə bu separatçı rejimin rəhbərliyi altında baş verib: "44 günlük Vətən müharibəsindən sonra separatçı rejim yenə də Qarabağın bir hissəsində, xüsusən də Xankəndi şəhərində qalmaqla, Azərbaycana qarşı hədələr, təhdidlər səsləndirirdi. Azərbaycan torpaqlarında oturub ölkəmizə qarşı mübarizə aparmaq üçün qanunsuz silahlı dəstələr formalaşdırırdılar. Bununla onlar Azərbaycan xalqına qarşı cinayətkar əməllərdən əl çəkmədiklərini bir daha nümayiş etdirirdilər. Nəticədə ötən ilin 19-20 sentyabrında bir sutkalıq antiterror tədbirləri ilə Azərbaycan torpaqlarında kök salmış separatizm birdəfəlik məhv edilib. Bu separatçı rejimə müxtəlif illərdə rəhbərlik etmiş, Azərbaycan xalqına qarşı döyüşlərdə iştirakçı olmuş, hərbi cinayətlər törətmiş bir qrup şəxs də saxlanılaraq Bakıya gətirildi. Təbii ki, Azərbaycan xalqı separatçılara rəhbərlik etmiş bir qrup şəxsin istintaqının yekunlaşmasını səbrsizliklə gözləyirdi. Bu gün artıq istintaq yekunlaşıb. Separatçılara törətdikləri cinayətlərin dosyesi ilə tanış olmağa, yaddaşlarını təzələməyə zaman verilib. Bu, qanunun tələbidir. Azərbaycan dövləti həmişə ədalətin yanında olub. Separatçıların Azərbaycan xalqına qarşı törətdikləri ağır hərbi cinayətlərə rəğmən onlara qarşı qanunun tələbinə əsasən məhkəmə qurulacaq. Onlar cinayət dosyeləri ilə tanış olduqdan sonra ədalət məhkəməsinə çıxarılacaqlar. O günü  Azərbaycan xaqlı səbirsizliklə gözləyir". 

Natiq Ələsgərov bildirib ki, Azərbaycan qanunlarına görə müttəhimlər və onların vəkillərinə ittiham aktı ilə tanış olmaq üçün işin həcmindən asılı olaraq 1-3 ay zaman ayrılır. 

Elşən MƏMMƏDƏLİYEV, 
“Yeni Müsavat”

06.08.2024 09:40
1045