Bakının neft erası nə qədər davam edəcək? - Ekspertdən ilginc açıqlamalar

İlham Şaban: “2050-ci ildə dünya enerji balansında əsas enerji daşıyıcısı olaraq...”

Azərbaycanda, ümumiyyətlə dünyada neft ehtiyatlarının tükənəcəyi barədə illərdir ki, proqnozlar verilir. Dünya iqtisadçılarının proqnozlarına görə, 2040-cı ildə neft ehtiyatları tamamilə tükənəcək. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatından (OECD) bildirilib ki, ölkələrində neftin və neft məhsullarının kommersiya ehtiyatları oktyabrda sentyabr ayı ilə müqayisədə 12,8 mln. barel azalıb. Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir ki, OECD ölkələrində neftin kommersiya ehtiyatları oktyabr ayının yekunlarına görə 2 818 mln. barel təşkil edib, bu da öncəki göstəricidən (illik müqayisə - red.) 45 mln. barel çox, lakin son beşillik ortalama göstəricidən 66 mln. barel, 2015-2019-cu illərin ortalama səviyyəsindən isə 128 mln. barel azdır. 

Dünya Bankı Qrupunun açıqladığı Azərbaycana dair İqlim və İnkişaf Hesabatında (CCDR) isə bildirilir ki, ölkə iqtisadiyyatı ÜDM-in üçdə birini və ixracın 90%-ni təşkil edən neft-qaz sektorundan əhəmiyyətli dərəcədə asılıdır. Mövcud neft ehtiyatlarının azaldığı və daha 25 il kifayət edəcəyinin gözlənildiyi bir şəraitdə kompleks və effektiv dekarbonizasiya səyləri iqtisadiyyatı şaxələndirməyə və yaşıl hidrogen və kənd təsərrüfatı kimi yeni artım drayverlərinə rəvac verəcək.

Qeyd edək ki, Azərbaycanda əsas platformalarda hasil olunan neft ehtiyatları hər il azalır. Qeyd etmək yerinə düşər ki,  Azərbaycanda neft hasilatının pik nöqtəsi 2011-2012-ci illərdə yaşanıb ki, həmin vaxt günə 1 milyon barel neft hasil olunub. Ekspertlərin hesablamalarına görə 2021-ci ildə bu nəticə 30-35 faiz aşağı düşüb. Bildirilir ki, əgər azalma tendensiyası yaxın 10 ildə də davam edərsə, 20-25 il sonra neft ehtiyatlarının bitməsi gözləniləndir. Dövlət Statistika Komitəsi və Dövlət Neft Şirkətinin 2010-cu ilin yekunlarında açıqladığı rəqəmlərə görə, Azərbaycanda neft hasilatı 50,7 mln., 2015-ci ildə aşağı düşərək 41,5 mln. ton olub. Son illərin nəticələrinə nəzər saldıqda isə 2019-cu ildə Azərbaycanda 37,5 mln., 2020-ci ildə 34,6 mln. ton neft istehsal edilib. 

2022-ci ilin yanvar-aprel ayları üzrə operativ məlumatlara əsasən isə Azərbaycanda 11,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 409 min ton az olub. Respublika üzrə neft hasilatının 7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,5 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 2,6 milyon ton təşkil edib. Hesabat dövründə 9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 8,5 milyon tona yaxını konsorsiumun, 448 min  tonu isə SOCAR-ın payına düşür. Neftin (kondensatla birlikdə) ixraca nəqli 2021-ci ilin müvafiq dövrünə nisbətən 501 min ton, yəni 5,3 faiz azdır.

Nəzərə çatdıraq ki, hazırda ölkə üzrə 81 neft-qaz yatağı mövcuddur ki, bunun da 28-i dənizdə, 53-ü quruda yerləşir. Həmin yataqların 18-i dənizdə, 39-u isə quruda olmaqla istismar prosesindədir. Ehtiyatları tükənmiş 7 yataq konservasiya olunub. Bundan əlavə, 9 yataq fəaliyyətsiz fonda daxil edilib, eyni sayda yataqda isə kəşfiyyat işləri aparılır. Mütəxəssislərin proqnozlarına görə, hazırda Azərbaycanın çıxarıla bilən qalıq neft ehtiyatları 1 milyard tondan artıqdır ki, bunun da əksər hissəsi dəniz neft yataqlarının payına düşür. Bununla belə, qurudakı yataqlarda da çıxarılması mümkün olan ehtiyatlar hələ çoxdur. Hazırda qurudakı yataqların 28-i SOCAR-ın “Azneft” İstehsalat Birliyinin balansındadır. Həmin yataqların isə 6-sı konservasiya prosesindədir. Bundan əlavə, ölkənin quru ərazisində yerləşən daha 25 neft-qaz yatağı SOCAR-la yaradılmış birgə müəssisə və əməliyyat şirkətləri tərəfindən istismar olunur. 

Yerli ekspertlər  Azərbaycanın neft hasilatının faktiki olaraq cəmləşdiyi “Azəri-Çıraqlı-Günəşli” yatağının ehtiyatının 2030-cu ilə kimi tükənəcəyini bir neçə il əvvəl proqnoz etmişdilər. 

Bu proqnozlar doğrulacaqmı, 2030-cı ilədək neft ehtiyatları tamamilə tükənəcəkmi? Bunun qarşısını almaq mümkün deyilmi? 

İlham Şaban: “Neftin qiyməti bu səbəblərə görə bahalaşır” - 20.12.2020,  Sputnik Azərbaycan

 İlham Şaban

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, 2050-ci ildə yaşıl enerji dünya enerji balansında əsas enerji daşıyıcısı olaraq günəş və külək olsa, bu o deməkdir ki, 2050-ci ildə dünyada olan neft və qaz yataqlarının ümumi ehtiyatlarının cəmi 50 faizi çıxarılmış olacaq: “Yəni yarısı orada qalacaq. 2015-ci ildə BMT-nin böyük əksəriyyət ölkələri imza atdılar ki, dünyadakı iqlim dəyişmələrinin bir səbəbi atmosferə atılan karbon qazıdır. Onun miqdarı artdıqca temperatur yüksəlir. Temperaturun yüksəlməsi isə həm insanların yaşamasına, həm də məhsuldarlığın azalmasına və bir sıra canlı orqanizmlərin bir müddət sonra məhvinə gətirib çıxaracaq ki, bu da növbəti nəsil insanın planetdə yaşayışını diskomfort hala gətirib çıxaracaq. Sonrakı nəsillər üçün yaşayış olacaq ya olmayacaq heç bəlli deyil. Bu baxımdan cari ildə Dubayda keçirilən COP 28 tədbirində ölkələr bunu dəstəklədi ki, həqiqətən də iqlim dəyişiklikləri real faktdır. Bu nağıl deyil. Təxəyyüldən gələn hansısa məsələ deyil. Dünyanın hansı hissəsindən asılı olmayaraq artıq özünü göstərir. Bunun üçün də ilk addımı Avropa atdı. Avropa 2040-cı ildən bütün Avropa Birliyində sənayedə qazın istehlakını dayandırmaq istəyir. Qərar veriblər ki, artıq 2035-ci ildən daxili yanma mühərrikini Avropa Birliyi ölkələrindən 27-də istifadə etməyəcəklər. Ancaq bu addım böyük maliyyə tələb edir. Gərək 44 milyon investisiya qoyasan ki, özünün daxili bazarında tamamilə yaşıl enerjiyə keçəsən”.

Ekspert əlavə edib ki, Azərbaycan dünya bazarında böyük həcmdə neft-qaz hasil etmir: “Biz qiymət bazarında tələbat azalmamış özümüzün nə resursumuz varsa, onu kapitala çevirməliyik. O kapitalı da, gələn gəlirlərin bir hissəsini rasional şəkildə ölkənin inkişafı, digər hissəsini isə insan kapitalına yönəltmək lazımdır. Bununla da, neft-qaz olmadan insanlar özlərini inkişaf etdirə bilsinlər. Mən bundan düzgün yol görmürəm. Bu Avstraliyadan tutmuş, Okeaniyada olan adalara qədər bütün insanlara aiddir, hər kəs çörək pulunu qazana bilməlidir. Bununla ölkəmizin yarıdan çoxunun Abşeron yarımadasında cəmləşməsi, bununla da gözünü neft- qaza dikmək məsələsi bitmiş olar”. 

Gələn il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası -COP 29-un Bakıda keçirilməsi ilə bağlı suala gəlincə, İlham Şaban dedi ki, bunun ölkəmizdə ilk dəfə təşkil olunması  təsadüfi deyil: “Xəzər dənizini əhatə edən beş ölkənin beşinin də iqtisadiyyatları neftə, qaza bağlıdır. Rusiya, Qazaxıstan, Türkmənistan, İran, Azərbaycanın iqtisadiyyatının lokomotivi ənənəvi enerjidir. Bu da hesab edirəm ki, ənənəvi enerji ölkələrinə Xəzərdən, Bakıdan yeni bir çağırış olacaq. Görək bir il ərzində texnoloji, elmi baxımından nə dəyişiklik olacaq ki, məhz Bakıdakı görüşdə də iqlim dəyişikliklərinin  qarşısını almaq üçün çağırışları buradan dünyaya desinlər”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”



26.12.2023 08:50
6242