Bakının mərkəzində gənc oğlan nişanlısını yumruqladı - DETALLAR

Bakının Nərimanov rayonunda 1996-cı il təvəllüdlü Tural şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı nişanlısı Fidana (adlar şərti göstərilib - red.) xəsarət yetirib.

Hadisə bu ilin fevralın 8-də baş verib.

Tural nişanlısı Fidanı yaşadığı evin qonaq otağında aralarında baş vermiş mübahisə zamanı yumruqlayıb və ona xəsarətlər yetirib.

Hadisəni törədən Turalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O qeyd edib ki, Fidan ilə bir ilə yaxın nişanlı olublar:

"Əvvəllər nişanlım ilə münasibətlərimiz yaxşı olub, amma sonradan pisləşib. Hadisə günü, səhər saat 09:00-da Fidanın yaşadığı evə gəldim.
Evin qonaq otağında Fidan ilə söhbət edən zaman ona vaxt ayırmamağımı əsas gətirərək mübahisə etməyə başladı.

Bu zaman əsəbilərimi cilovlaya bilməyərək yumruq ilə bir dəfə Fidanın baş nahiyəsinə vurdum. Daha sonra Fidanın yaşadığı evdən getdim".

İş üzrə zərərçəkmiş Fidanın sözlərinə görə, hadisə günü Tural ünvanına nalayiq ifadələr işlədib və onu təhqir edib:

"Daha sonra isə yumruqla baş nahiyəmdən vurdu. Mən hadisə barədə polisə müraciət etdim".

Bu cinayət işinə Nərimanov Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tural altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını alıb./Demokrat.az

27.06.2024 20:53
1206