Paytaxtın mərkəzində yeni açılmış restoranda qəlyan çəkilməsi nəticəsində yaranan tüstü sakinlərin narahatlığına səbəb olub.
Bununla bağlı Oxu.Az-a sakinlər özləri müraciət ediblər. Onlar qeyd ediblər ki, Səbail rayonu, Nizami küçəsi, 66 ünvanında (Tarqovı) yeni açılmış “The Garden” adlı restoranın fəaliyyətindən narazıdırlar. Bina sakinləri restoranda əsasən qəlyandan istifadə olunduğunu, bu zaman yandırılan kömürün zəhərli tüstüsünün ətrafa yayıldığını bildirirlər. Ərazidə yaşayanlar tüstünün yaşlı, xəstə sakinlərə zərər yetirdiyini vurğulayıblar.
Məsələ ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətinə (RİH) sorğu ünvanladıq. RİH-dən Oxu.Az-a bildirib ki, Nizami küçəsi 66 ünvanında yaşayan sakinlər kollektiv surətdə quruma da müraciət ediblər:
“Sakinlər yaşadıqları binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində “The Garden” adı ilə fəaliyyət göstərən restoranda qaz balonlarından istifadə olunması və tütün məmulatlarından istifadə edilərkən mənzillərə kəskin qoxunun yayılmasını bildiriblər…
Qaldırılan məsələ ilə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş tapşırıqlara əsasən aidiyyəti qurumların, sakinlərin və restoran icarədarının iştirakı ilə sözügedən ünvana yerində baxış keçirilib.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən aparılmış monitorinq zamanı qaz balonlarından istifadə olunması faktı aşkar edilməyib və bu barədə müvafiq akt tərtib olunub. Tütün məmulatlarından istifadə zamanı ətrafa yayılan qoxu məsələsi ilə əlaqədar tərəfimizdən bir müddət əvvəl aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi müraciət olunub və restoran icarədarı ilə profilaktik söhbətlər aparılaraq tütün məmulatlarından istifadə olunmaması ilə bağlı müvafiq tövsiyələr verilib”.