Vaxt vardı, Bakıdan kənarda, başqa şəhərlərdə, eləcə də, kənd-kəsəkdə yaşayanlar arzu edirdilər ki, keşkə, paytaxtda yaşayaydılar, mədəni şəhər həyatına qaynayıb-qarışaydılar, işə-evə tramvayla, metroyla, trolleybusla, taksiylə gedib-gələydilər.
O zamanlar avtomobil sahibi olmaq fantastika janrına aid idi, hər adama qismət olan şey deyildi, növbəsiz maşın almaq üçün ya gərək əmək qabaqcılı olaydın, ya da futbolçu.
Bakı özü də qapalı şəhər idi, hələm-hələm adamı şəhər qeydiyyatına almırdılar. Bundan ötrü heç əmək qabaqcılı olmaq da kifayət deyildi, amma neftçilərə, “Neftçi”də oynayanlara, bir də dövlət işində orta ranqdan üst pillədə işləyənlərə müstəsna hüquq verilirdi.
Gün keçdi, dövran dolandı, bakılı olmaq istəyənlərin, demək olar ki, hamısının arzusu çin oldu. Bakının böyründə yeddi Bakı boyda şəhər tikildi – Sulutəpədən Ramanıya, Lökbatandan Hövsana qədər. Ancaq bu yaşayış məntəqələri şəhərsalma qaydalarına tam uyğun tikilmədi, küçələri dar və səliqəsizdir, bəziləri hətta dolambadolamdır, amma artıq Bakının özünə birləşmiş o şəhərlərin sahəsi köhnə Bakının sahəsindən böyükdür.
İndi arzu edənlərin, hətta “mən yəqin ki, heç vaxt avtomobil sahibi ola bilməyəcəyəm” deyənlərin də maşını var. Əvəzində tramvay və trolleybus yoxdur. Taksi tapmaq da, o vaxtlar olduğu kimi, müşkül məsələ deyil. Bir zəng, üç dəqiqə, taksi, min, get. Metro isə elə köhnə vaxtlardakı kimi işləyir, fəqət gedişhaqqı 5 qəpik deyil.
Kimin ağlına gələrdi ki, el arasında “konserva qutusu” adlandırılan “Jiquli”lərin, ən çox taksi xidmətində işləyən, ara-sıra da yekə adamları daşıyan “Volqa”ların, bir həftə işləyəndən sonra qəfildən əldən düşən “Moskviç”lərin, bir də “kül başına ay Zapı, səndə yoxdur dal qapı” deyə lağlağı hədəfi olan “Zaporojets”lərin yerinə küçələrdə tezliklə yüz cür fərqli markadan olan lüks avtomobillər şütüyəcək – “Lamborgini”dən “Buqatti”yə qədər.
Oğlanlar vardı, ən böyük arzusu “06” almaq idi, indi “Materassi” sürür, amma narazıdır, deyir, Manafın “Maybax”ından almaq istəyirəm.
Bəli, inkişaf necə sürətlə getdisə, belə oldu.
O vaxtın bakılıları da arzu edirdilər ki, Bakı Moskva, London, Paris, Barselona, İstanbul, Tokio kimi meqapolis olsun. Hətta Bakının Amsterdam kimi qırmızı fənərli küçələri olan şəhər olmasını arzulayanlar da vardı. Birinci elə onların arzusu doğruldu. Namxuda, şəhərin hər tərəfində o cür yerlər var, sadəcə, xalqın mentaliteti küçədə qırmızı fənər yandırmağa izn vermir. Həm də qırmızı işıqlar olmadan da keçinmək olur. Keçinmək demişkən, keçən ilə qədər neçə-neçə ərəb turist elə yerlərdə ürəktutmasından keçinib getdilər.
Səhər işə, axşam evə gedənlərin ən sevimli sözü artıq budur: “Moskvaya dönüb e şəhər. Bir saat da tıxac da qalmaq olar?” Öz arzunuzdur, ta nə istəyirsiniz?
İstanbulun qarmaqarışıqlığından, haray-həşirindən qaçıb Bakıya gələn türk qardaşlardan şəxsən eşitmişəm, “İstanbul – deli şehir” deyəndən sonra əlavə ediblər ki, uje Bakü də öylə oluyor. (Anadolu türkləri “uje”ni çox şirin deyirlər).
Otel-restoran-moll qiymətlərində də, maşallah, Londona çatmış olarıq, hətta 30 manata başa gələn çay dəsgahına görə ötüb keçərik də.
“Qarabağ”ın yaxşı oynadığı günlərdə Bakının Barselonaya döndüyü də olub. Məsələn, Madridin “Atletiko” klubu o vaxt Bakıdan heç-heçə ilə qayıtdığı gün özünü “Kamp Nou”da hiss etmişdi.
“Formula” günlərində Bakı Parisə də oxşayır. 12 il öncə “Eurovision”un finalında isə Liverpul kimi olmuşdu.
Hələ sovet vaxtı paytaxtımızı İtaliyanın Neapoluna bənzətmişdilər, hətta bu iki şəhər qardaşlaşmışdı da. Amma indi Neapol çox gerilərdədir, Bakının tayı-tuşu deyil. Biz yekəlib meqapolis olmuşuq, aqlomerasiyamız da var.
Sadəcə, şəhərimizin elə yerləri var ki, gəzib, görüb, gəlmiş adamlar elə bilər, bura Kəlküttədir. Bərk yağış yağan günlərdə Bakı az qala Hindistanın Çerapunca şəhərinə dönəcəkdi. Yaxşı qurtardıq. Düzdür, həmin günlərdə paytaxtımızı təşər-təşər Venetsiya adlandıranlar da vardı, amma qüsurlu müqayisə idi. Venetsiya həmişə suyun içindədir, Bakı isə qəfildən suya girdi, qanqaraçılıq oldu, amma şəhəri idarə edənlə sudan quru çıxdılar.
Yenə gözəgörünməzə şükür edək ki, doğma, əziz Bakımız Mumbaya, Pattayaya oxşamır, bir də ümid edək ki, Yohannesburqa, Kabula, Dəməşqə dönməsin.