Bakının 1 addımlığında ucuz evlər: Alanlar ikiqat qazanacaq

Paytaxtın mərkəzində mənzillərin sürətlə bahalaşması və nəqliyyat sıxlığı kimi səbəblərdən şəhərdə yaşayan əhalinin əksər hissəsi Bakıətrafı qəsəbələrə üz tutur. Artıq uzun illərdir ki, Bakının və Abşeron rayonunun inzibati ərazisinə daxil olan əksər qəsəbələr sürətlə böyüməkdədir. Hövsan, Biləcəri, Xırdalan, Binə kimi qəsəbələrin əhalisinin sayı artıq 100 mindən çoxdur. Daşınmaz əmlak almaq istəyən vətəndaşların bir çoxu daha çox Abşeron rayonunun ərazisinə daxil olan qəsəbələrə üstünlük verir. Belə qəsəbələrdən biri də Bakının 15 kilometrliyində yerləşən Məhəmmədidir.

Yenisabah.az saytı Abşeronun bu qəsəbəsində olan əmlak qiymətləri və infrastrukturu araşdırıb. Qeyd edilib ki, Masazır, Xırdalan kimi ərazilərə nisbətən olduqca sakit mühiti və əlverişli infrastrukturu ilə seçilən bu qəsəbə, nəqliyyatın hərəkəti baxımından da olduqca əlverişlidir.

Qiymətlərə gəlincə, Məhəmmədidə istər torpaq, istərsə də evlərin qiyməti xeyli sərfəlidir. Qəsəbənin təmin etdiyi imkanları nəzərə aldıqda, demək olar ki, sıravi vətəndaşlar üçün bu qiymətlər həqiqətən “göydəndüşmə”dir. Lakin bu tendensiya uzun sürməyəcək.

Hazırda Məhəmmədi ərazisində keçəcək Pirşağı-Böyükşor avtomobil yolunun tikintisi davam etməkdədir. Bu yol istifadəyə verildikdən sonra, nəqliyyat xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrinin Bakının mərkəzinə hərəkəti daha tez və rahat təmin ediləcək. Belə olan təqdirdə isə Məhəmmədi qəsəbəsində olan daşınmaz əmlakların qiymətlərinin ikiqat bahalaşacağını deyə bilərik. Hazırkı şəraitdə ev və torpaq almaq niyyətində olanlar üçün bu qəsəbə ən ideal ərazidir. Qəsəbə ərazisində olan əmlaklar ötən ilə nisbətən, bu il belə ciddi dərəcədə bahalaşıb.

“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ərazidə yerləşməsi isə qəsəbəni turizm məkanlarında birinə çevirib. Bu da daşınmaz əmlakın qiymətinə təsir edən amillərdən biridir.

Yerli realtorlar Pirşağı-Böyükşor yolunun istifadəyə verilməsindən sonra, qəsəbədəki daşınmaz əmlakların dəyərinin birəbeş artacağını bildirir. Onların sözlərinə görə, qəsəbə havası, daimi kommunal infrastrukturu, gündəlik paytaxt istiqamətində hərəkət edən marşurtları və ən əsas sakit mühiti ilə qonşu massivlərdən seçilir. Çox güman ki, Pirşağı-Böyükşor yolunun istismara verilməsindən sonra Məhəmmədiyə tələbat pik səviyyədə olacaq.

Onu da qeyd edək ki, sözügedən yolun çəkilməsi ilə əlaqədar qəsəbədə çoxlu sayda ev və torpaq sahələri plana düşüb. Bu da ərazidə daşınmaz əmlakın qiymətinə ciddi təsir göstərib.

Bildirək ki, yol başlanğıcını Böyükşor gölündən götürməklə Məmmədli və Kürdəxanı qəsəbələrindən keçib, Pirşağı qəsəbəsinə qədər uzanacaq. Belə olduqda Məhəmmədidən paytaxta çatmaq üçün 10-15 dəqiqə vaxt lazım olacaq.

03.10.2024 15:58
6583