Bakını kabab tüstüsündə boğan restoranlar – Cərimələr çıxış yoludur?

Bakı şəhərində fəaliyyət göstərən “Qaradağ”, “Qəbələ Xanlar”, “Araz Terrace", “Bulaq”, “Dükkan”, “Təbiət” adlı ictimai-iaşə obyektləri və restoranlardan havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb. Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektləri və restoran sahiblərini obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etməyə, havanın çirkləndirilməsinə yol verməməyə çağırıb.

Musavat.com xəbər verir ki, ötən ay Bakı şəhərində fəaliyyət göstərən “Kremlin Hall”, “Neptun”, “Meridian Park”, “Leyla Palace”, “Kaman House”, “İmperial”, “Gold Baku”, “Qala Qapısı”, “Köhnə Ciyərxana”, “Fontan”, “Cənnət Gəncə” ictimai-iaşə obyektləri və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilmişdi. Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində akt, protokol tərtib olunub.

Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev bildirib ki, aparılan monitorinq və ölçmə işləri zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu müəyyən edilib.

Onun sözlərinə görə, Xətai rayonu, Lütfi Zadə küçəsində fəaliyyət göstərən “Kremlin Hall” şadlıq sarayından havaya tüstü və iy-qoxunun yayılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər əsasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən monitorinq və araşdırma aparılıb. Araşdırma zamanı sözügedən obyektdə təmizləyici qurğunun quraşdırılmasına baxmayaraq, ona vaxtaşırı xidmət göstərilmədiyi, filtrlərin vaxtında dəyişdirilmədiyi səbəbindən havaya normadan artıq tullantı atıldığı məlum olub. Faktla bağlı şadlıq sarayının rəhbəri Elçin Qubadov barəsində qanunamüvafiq tədbir görülüb və filtrlərin dəyişdirilməsi üçün ona məcburi göstəriş verilib.

Qafar Ağayev qeyd edib ki, ölkə ərazisində il ərzində səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri mütəmadi olaraq aparılır. O, restoran və ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib ki, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etsinlər, havaya normadan artıq tullantı atılmasına yol verməsinlər. Əks halda qanun pozucularına qarşı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, qanunamüvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234-cü maddəsinin tələblərinə əsasən, atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulmasına görə fiziki şəxslər 3 yüz manatdan 700 manatadək məbləğdə, vəzifəli şəxslər 2500 manatdan 4 min manatadək məbləğdə, hüquqi şəxslər 7500 manatdan 10 min manatadək məbləğdə cərimə edilir.

Ölkə ərazisindəki ictimai-iaşə obyektlərində monitorinq və nəzarət tədbirləri davam etdirilir.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

20.05.2024 13:55
1500