Avqustun əvvəlindən “Bakıkart” tətbiqi işləmir.
Musavat.com xəbər verir ki, vətəndaşlar tətbiq vasitəsilə balansı artıra bilmirlər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) avqustun 14-də verdiyi açıqlamada bildirilib ki, “BakıKart” tətbiqində yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Lakin iki həftəyə yaxın zaman keçməsinə baxmayaraq, problem hələ də həllini tapmayıb. Vətəndaşlar "BakıKart"a yalnız terminallardan və digər platformalardan ödəniş edə bilirlər. Ödəmə terminallarının hər yerdə olmaması isə kifayət qədər çətinlik yaradır.
Qurumun mətbuat katibi Tural Orucov Musavat.com-a bildirdi ki, texniki məsələlərin həlli davam etdirilir. “Əlavə açıqlama olduğu təqdirdə ictimaiyyətə məlumat veriləcək”,- deyə T.Orucov qeyd etdi.
Xatırladaq ki, AYNA-dan daha öncə bildirilib ki, Azərbaycan vətəndaşlarının “BakıKart” mobil tətbiqində hesabları və oradakı vəsaitləri silinməyib. “Mobil Tətbiqin işi bərpa olunduqdan sonra vətəndaşlar hesablarındakı vəsaitdən istifadə edə biləcəklər", - deyə məlumatda qeyd edilib.
Nigar HƏSƏNLİ,
Musavat.com