Ölkəmizdə keçirilən qlobal forumlar dünyada mövqelərimizi necə gücləndirir?
Son bir həftədə Azərbaycan daha iki böyük miqyaslı beynəlxalq foruma ev sahibliyi etdi. Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023" tədbirləri çərçivəsində "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu Zəngilanda keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumun açılış mərasimində iştirak etdi. Foruma 53 ölkədən 200-ə yaxın xarici qonaq və ümumilikdə 400 iştirakçı qatılmışdı.
Oktyabrın 2-də isə paytaxtda Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Prezident İlham Əliyev açılış mərasimində çıxışında bildirib ki, bu gün enerji və nəqliyyat xəritələrinə baxsanız, o cümlədən boru kəmərlərinə nəzər salsanız, görəcəksiniz ki, burada Azərbaycanın izi var. Biz bir sıra layihələrin təşəbbüskarı olmuşuq və tərəfdaşlarımızla birlikdə onları uğurla həyata keçirmişik. Prezident deyib ki, bununla da təkcə bizim bölgənin deyil, daha geniş regionun enerji təhlükəsizliyini təmin etmişik. Bu gün enerji təhlükəsizliyinin hər bir ölkənin milli təhlükəsizliyi məsələsinə bərabər olduğunu, onun vacib elementini təşkil etdiyini vurğulayan dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan etibarlı təchizatçı olaraq beynəlxalq bazarlara enerji nəql edir və Avropa İttifaqı tərəfindən PanAvropa təchizatçısı kimi dəyərləndirilir.
Ekspertlər ölkəmizdə dünyanın çoxlu sayda dövlətlərindən müxtəlif sahələri təmsil edən nüfuzlu şəxslərin, dövlət adamlarının, iş adamlarının qatıldığı forumların keçirilməsinin ənənə halını aldığını bildirirlər. Bu cür forumların Azərbaycan dövlətinin dünyada tanınmasında, nüfuzunun artmasında Azərbaycan reallıqlarının dünyaya çatdırılmasında çox mühüm əhəmiyyət daşıdığı vurğulanır. Bu barədə Milli Məclisin üzvü Aydın Hüseynov “Yeni Müsavat”a şərhində bildirdi ki, son illərdə Azərbaycan çox mühüm irəliləyişlərə nail olub. Ölkəmiz uzun illər Ermənistanın işğalı altında qalan ərazilərini - Qarabağı azad etməklə beynəlxalq ədaləti bərpa etdi, regionda sülhün və təhlükəsizliyin təmin olunmasına əsaslı töhfə verdi. Bu isə Azərbaycanın mövqelərini dünyada daha da artırıb. Eyni zamanda ölkəmizin dünya birliyində mövqelərini möhkəmləndirən faktorlardan biri də Bakıda və digər bölgələrmizdə hər il keçirilən beynəlxalq səviyyəli Forumlardır. Məsələn, Qlobal Bakı Forumu Azərbaycanın beynəlxalq nüfuzunu çox ciddi artırır və beynəlxalq təşkilatlardakı mövqeyini möhkəmləndirir. Bu forum dünyada siyasi dialoqun əhəmiyyətini bir daha vurğulayır. Bu tədbirin BMT tərəfindən dəstəklənməsi təsadüfi deyil: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə ildə bir dəfə keçirilən Qlobal Forumun Azərbaycanda keçirilməsi dünya ictimaiyyətinin Azərbaycana olan hörmətinin, etimadının, ölkəmizin dünya siyasətində, beynəlxalq münasibətlər sistemində yerinə və roluna, habelə siyasi və humanitar dialoqun inkişafına töhfələrinə verilən qiymətin real ifadəsidir. Eləcə də ötən həftə Zəngilanda keçirilən forum, bu həftənin ilk açılışı olan 74-cü Beynəlxalq Astronavtika Konqresi kimi beynəlxalq tədbirlərə Azərbaycanın evsahibliyi etməsi respublikamızın beynəlxalq miqyasdakı yüksək nüfuzunun real ifadəsidir”.
Deputat vurğuladı ki, bu cür tədbirlər dünyadakı aktual məsələlərin, bəşəriyyəti düşündürən mühüm hadisələrin və proseslərin müzakirə olunduğu beynəlxalq platformadır: “Xüsusilə qeyd edilməlidir ki, bu müzakirələrə onlarla ölkədən görkəmli dövlət xadimləri, tanınmış siyasətçilər, diplomatlar, iqsadçılar, iş adamları qoşularaq diskussiya və dialoq aparırlar. Faktiki olaraq Bakı dünyanın gələcək inkişafının və problemlərinin müzakirə edildiyi mərkəzlədən birinə çevrilib. Bu cür tədbirlərin məhz Bakıda keçirilməsi Azərbaycana dünya miqyasında verilən böyük önəmin bariz nümunəsidir. Coğrafi baxımdan Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycanın mötəbər forumlara ev sahibliyi etməsi ölkəmizin dünyada dialoqun qurulmasında mühüm rol oynadığını göstərir. O cümlədən xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, tolerantlığı, dövlətimizin inkişafı barədə vaxtilə yetərincə məlumatı olmayan dünya Azərbaycanı ildən-ilə daha yaxından tanıyır və onun artan gücünün, beynəlxalq nüfuzunun şahidinə çevrilir. Eyni zamanda beynəlxalq forumlar Azərbaycanın üzləşdiyi haqsızlıqları, ölkəmizə qarşı beynəlxalq ikili standartları dünyaya çatdırır. Ola bilsin ki, hansısa tədbir iştirakçısı Azərbaycana dair məsələlərlə bağlı məlumatlıdır. Lakin Bakıya gəlməsi onun təsəvvürlərini tamamilə dəyişir və yeniləyir. Və nəzərə alsaq ki, bu cür forumların iştirakçıları əsasən ictimai rəyə təsir etmək iqtidarında olan insanlardır, o zaman onların əhəmiyyəti daha aydın görünür. Ona görə də əminliklə söyləmək olar ki, Azərbaycanda keçirilən beynəlxalq səviyyəli tədbirlər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından ölkəmiz üçün olduqca mühümdür”.
HAZIRLADI: Etibar SEYİDAĞA