Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə Bakıda hipermarketin qarşısında silahlı insidentlə bağlı məhkəmə araşdırmaları davam edir.
Musavat.com xəbər verir ki, müttəhimlər kürsüsünə Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılov çıxarılıblar. Prosesdə cinayət işində olan sənədlər tədqiq olub. Hadisə yerinə baxış keçirilmə protokolu elan edilib. Həmçinin işdə olan qərarlar açıqlanıb.
Daha sonra təqsirləndirilən Səbuhi Qurbanovun üzərinə keçirilən baxış zamanı aparılan video-çəkiliş məhkəmədə nümayiş olunub.
Səbuhi Qurbanov bildirib ki, həmin çəkiliş 5 mart 2023-cü ildə aparılıb. Qeyd edib ki, çəkiliş zamanı üzərindən tapılan narkotik vəsaitlər ona məxsus deyil.
Vəkili iddia edib ki, çəkilişin aparılması vaxtı ilə diskdə olan tarix düzgün qeyd edilməyib. Bildirib ki, Səbuhi Qurbanov martın 4-də saxlanılıb, üzərinə keçirilən baxış isə martın 5-də olub. Belə çıxır ki, təqsirləndirilən şəxs narkotik vasitəni bir gün üzərində saxlayıb?
Azər Məmmədovun vəkili Pərviz Məmmədov bildirib ki, video-çəkilişlə bağlı müdafiə etdiyi şəxsdə də eyni problem var.
Hakimlər cinayət işində olan sübutların qiymətləndirilməsi haqda qərarlarını açıqlayıblar. Cinayət işi 8 cilddən ibarətdir.
İttihama görə, 2023-cü ilin martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketinə edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə yetirərək orada quraşdırılmış və “Unibank Kommersiya Bankı” ASC-yə məxsus bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilməsi, onun mühafizəsini təşkil edən Rüfət Həşimovun isə öldürülməsi, eləcə də külli miqdarda pul vəsaitinin ələ keçirilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.
Ölmüş təqsirləndirilən Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilmiş olsa da, onun barəsində cinayət yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə iş materiallarından barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.
Cinayətin törədilməsində istifadə edilən “AKS Lancaster-03” markalı yivsiz ov tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı ünvandan “Minta 37” markalı tapança, çoxsaylı döyüş sursatları, “Unibank Kommersiya Bankı” ASC-yə məxsus 16 min 835 manat və 20 min 100 ABŞ dolları məbləğində pul vəsaitləri aşkar edilib.
Məlum olub ki, təqsirləndirilən şəxslərdən Babək İsgəndərov müharibə veteranıdır, Füzuli və Xocavəndin azad olunması medalları ilə təltif olunub.
Digər təqsirləndirilən Rövşən İsmayılov isə hadisədən sonra polisə müqavimət göstərərkən məhv edilən Ruhlan İsmayılovun atasıdır.
Növbəti proses iyunun 12-də davam edəcək.
E.Məmmədəliyev,
Musavat.com