Mart ayının 11-dən etibarən Ramazan ayı başlayıb. Oruc tutan şəxslər iftar etmək üçün restoranlara da üz tuturlar. Paytaxtda fəaliyyət göstərən əksər restoranlarda oruc tutan şəxslər üçün xüsusi olaraq imsak və iftar menyuları təklif edilir. Qiymətlər isə menyuya daxil olan çeşidlərə və restoranlara görə dəyişir.
İftar menyularının qiymətləri ortalama olaraq minimum 15 manatdan başlayır. Daha baha olanlar da var. Məsələn, “Günaydın” restoranında iftar menyusu bir nəfər üçün 90 manatdır. Menyuya müxtəlif salat növləri, isti yeməklər, şorba, içkilər, qarnir və desertlər, meyvələr, xurma və s. daxildir.
Mövzu ilə bağlı Publika.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, restoranların bol çeşidli xüsusi menyular təqdim etməsi, iştah qabardan qidalarla süfrələri doldurması dinimiz üçün məqbul hal deyil:
“Məlumdur ki, son illərdə ölkəmizdə Ramazan süfrələrinə fərqli bir baxış formalaşıb. Qonaqpərvər millət olduğumuz üçün bu xarakterə sahib olan insanlar, xüsusilə də sahibkar olduqda, bu duyğunu fərqli şəkillərdə ifadə etməyə çalışır. Lakin Ramazan ayının xüsusiyyətləri, plan və proqramı hansısa bir xalqın mədəniyyətinə uyğun deyil, əslində, səmavi bir kültürə uyğun olaraq öz dəyərlərini təqdim edir. Buradakı hədəf də insanların Ramazan boyunca maddiyatdan, dünyadan, təm-təraqlı məclislərdən, süfrələrdən uzaq durub, yeməyini gündə iki dəfəyə endirib, öz nəfsini tərbiyə etməkdir. Bütün bunları nəzərə alaraq bilməliyik ki, Uca Yaradanın bu ilahi Ramazan məktəbində bizdən görmək istədiyi dəyərlər var”.
İlahiyyatçının sözlərinə görə, Ramazan ayı boyunca daha çox ehtiyac sahibi olan insanların yanında olmaq lazımdır:
“Allahın bizə lütf etdiyi nemətləri onlarla da bölüşək. Biz İslam ümmətinin bu çarpışan halını nəzərə alsaq, mənasını həqiqətən dərk edən insanları belə təmtəraqlı süfrələr qarşısında oturmaq kifayət qədər utandırır. Bu baxımdan, inanıram ki, insanlar zaman keçdikcə əsl Ramazan kültürünə daha dərindən sahib olacaqlar. Bu zaman da təmtəraqlı, göstərişli iftar süfrələrindən ziyadə, işin səmimiyyətinə, ruhun xilasına uyğun addım atacaqlar. Bu sahədə din xadimlərinin də böyük rolu var. Din adamlarının da belə israflı süfrələrdə oturmağa haqqı yoxdur. Bunun kifayət qədər günah tərəfləri də var. Ən azından din xadimi bunu dilə gətirməli, insanlarımızı başa salmalıdır ki, daha sadə və gözəl iftar məclisləri qursunlar. Rəbbimizin mənəviyyat süfrəsindən bəhrələndiyimiz zaman Allah bizi daha çox zənginləşdirəcək”.
Ramazan menyularının qiymətləri ilə bağlı danışan millət vəkili Fazil Mustafa bildirib ki, özəl sektorların gəlir çıxarlarını hesablayıb belə qiymətlər təklif etməsini normal qarşılamaq lazımdır:
“Bu məsələdə kiməsə irad bildirə bilmərik. Əlbəttə, heç bir restoran sahibi istəməz ki, müştəri qaçsın. Yəqin ki, bu qiymətlər müəyyən dərəcədə restoranın çıxarlarını konpensasiya edən qiymətlərdir. Burada insanlar üçün heç bir məcburi və ya yönləndirici amil yoxdur. Çeşidlərin bol olması da restoranların öz seçimidir".
Millət vəkili tövsiyə edib ki, hər kəsin iftar süfrəsini öz evində qurması daha məqsədəuyğun olar. "Öz evində sadə, az çeşidli süfrə qurmaq daha yaxşıdır. Fikrimcə, kollektiv şəkildə iftar etmək istəyənlər də araşdırıb daha məqbul restoranlar tapa bilərlər”, - Fazil Mustafa deyib.
Menyularda müxtəlif növlərdə yemək, məzə, salat, şirniyyat və digər təamların olması sağlamlıq cəhətdən diqqət çəkir.
Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov hesab edir ki, iftar süfrəsində çoxlu təamın yer aldığı qarışıq menyu hazırlamağa ehtiyac yoxdur:
“Bütün gün ac qalan mədəyə birdən-birə çox yemək doldurmaq olmaz. Bu, aqressiv qidalanmadır və bağırsaqlarda şişkinliyə, köpə səbəb olur. Menyularda duzlu olmayan məzələrə, zeytun yağı ilə hazırlanan salatlara üstünlük verilməlidir. Bu da bir nəfər üçün bir çeşid olmalıdır. Bir şəxsə bir porsiya şorba da mütləqdir. Diqqət etmək lazımdır ki, bəzi göyərtilər - məsələn: soğan - mədəni yandıra bilər. Ona görə də bu cür qidaları, əsasən də çox duzlu məhsulları menyuya daxil etmək olmaz. Bəzi məkanlar masaya çoxlu turşu düzür ki, süfrə bol görünsün. Bu, düzgün strategiya deyil. Bunun əvəzinə təbii - pomidor, xiyar, keşniş, vəzəri kimi məhsullar daxil etmək olar. Yaxud elə bu məhsulların hamısının daxil olduğu, zeytun yağı ilə hazırlanmış çoban salatı da yaxşı seçimdir. Ana yemək olaraq isə, məsələn, bir porsiya toyuq və ya balıq ola bilər, bu da restoranın öz seçimlərindən asılıdır. İftar menyuları toy menyularına bənzəməməlidir. Lakin bu təktərəfli olmalı deyil, insan özü də nəzərə almaldır ki, iftarda sağlam qidalansın”.
Mütəxəssis bəzi restoranlarda Ramazan ayı boyunca xurma və suyun pulsuz verilməsinin təqdirəlayiq hal olduğunu deyib: "Bu, daha çox müştərinin cəlb olunması üçün prestijdir. Bəziləri bunu hesabata sayır, lakin saymasalar daha uyğun olar".
Ağa Salamov qeyd edib ki, imsak menyusunda da diqqətli olmaq lazımdır: "Bu menyularda ağartı məhsulları, zeytun, əncir üstünlük təşkil etməlidir. Zeytun və əncirin immunitet sisteminin möhkəmlənməsində rolu böyükdür, gün ərzində də insanı tox saxlayır. Diqqət etmək lazımdır ki, həm iftarda, həm də imsakda rəngli, qazlı içkilərdən istifadə olunmasın. Bu suların tərkibindəki turşu mədənin yanmasına gətirib çıxarır. Bu da bədənin sudan doymamasına səbəb olur. Buna görə saf su daha çox içilməlidir. İmsakda da şorba içilə bilər, bol tərəvəzli salatlar yeyilə bilər. Ən əsası isə zülal tərkibli olduğu üçün yumurta yeyilməlidir. Lakin bu yumurta kənd toyuğunun yumurtası olmalıdır. Həm imsakda, həm də iftarda bu cür sağlam qidalanmaq gün ərzində tox qalmağa və immunitet sisteminin sağlam qalmasına kömək edir".
Bəzi restoranların iftar menyularının qiymətlərini təqdim edirik:
Çaylab restoranı (chailab_lounge) - 20 AZN
Turco Burrito (turcoburrito) - 1 nəfərlik- 39 AZN
Bakı restoranı (bakirestorani) - 20 AZN
Bürc Qala restoranı (burcqala) - 2 nəfər 46 AZN
Pizza İnn (pizzainnbaku) - 24 AZN
Kahkaha restoranı (kahkaha_icerisheher) - 24-27 AZN
Museum İnn Baku (museuminnbaku) - 32 AZN
Mado restoranı (madoazerbaycan) -15.50-20 AZN
Günaydın restoranı (gunaydin.baku) - 90 AZN
Halil İbrahim Sofrası (halil_ibrahim_sofrasi_baku) -35-50 AZN
Salam Aleykum restoranı (salam_aleykum_restoran) -22 AZN
Quzu təndir və kabab restoranı (quzu_tendir_kabab) - 15.99 AZN
La Kükü restoranı (la_kuku_baku)- 2 nəfərlik - 40 AZN
Osmanlı restoranı (osmanli_restorani) - 20 AZN
Milli Book Cafe (millibookcafe) - 2 nəfərlik 29 AZN, 4 nəfərlik - 39 AZN
East town restoranı (east__town) - 25 AZN
Sports Cafe (sportscafe.az) - 21 AZN
Firuzə restoranı (firuzerestoran) - 21 AZN
Nərgiz restoranı (nergizrestoran) - 18 AZN
Ocaq Başı restoranı (ocakbasi.62) - 35 AZN
Qeyd edək ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır.