Mütəxəssis şəhərdəki dözülməz tıxaclarla bağlı çıxış yolları təklif etdi
Bir neçə gündür paytaxtın mərkəzi küçə və prospektlərində axşam saatlarında yaranan nəqliyyat sıxlığının müddəti və sıxlıq olan yolların sayı artıb. Müşahidələr göstərir ki, bu proses martın 3-dən başlayıb və davam edəcəyi ehtimal olunur".
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müraciətində bildirilib. “Təhlillər onu deməyə əsas verir ki, Ramazan ayı ilə əlaqədar bəzi vətəndaşlar şəxsi nəqliyyat vasitələrindən daha çox istifadəyə, xüsusilə də mərkəzi küçə və prospektlərdə yerləşən ictimai iaşə obyektlərində təşkil olunan iftar məclislərində iştirak etməyə üstünlük verirlər. Pik saatlarda yaranan nəqliyyat sıxlığının müddəti bu səbəbdən artmağa başlayır və nəticədə şəhərin digər yollarına da (şəhərə giriş-çıxış yolları) təsir edir”, - deyə müraciətdə qeyd olunub.
Mərkəz tərəfindən nəqliyyat intensivliyini artırmaq məqsədilə 38 küçə və prospekt üzrə svetoforlara “yaşıl dalğa” əmri verilib. Zəruri tədbirlərin görülməsi üçün mütəmadi yol polisi əməkdaşları ilə informasiya mübadiləsi aparılıb.
Adil Nəbiyev
Nəqliyyat sahəsi üzrə ekspert, beynəlxalq dərəcəli təlimçi Adil Nəbiyev mövzunu “Yeni Müsavat”a şərh edərkən qeyd etdi ki, “yaşıl dalğa” əmri tıxacı daha da artırıb: “Hesab edirəm ki, müdaxilə olmasa, nəticə daha yaxşı olar. ”Yaşıl dalğa" əmrinin verilməsi bir tərəfdə yolu açırsa, digər tərəfdə hərəkəti iflic edir. Bu müdaxilələr əks-təsir göstərir. Tıxacın qarşısını almaq üçün böyük prospektlərdə reversiv işıqforlardan istifadə etmək olar. Səhər və axşam pik saatlarda bir zolağı əks tərəfə vermək olar. Məsələn, Rusiyada bütün böyük prospektlərdə bu işıqforlardan quraşdırılıb. Meqapolislərdə bu çox yaxşı effekt verir. Amma təəssüf ki, Azərbaycanda ortada işıq dirəkləri olduğu üçün qarşı zolağa çıxmaq mümkün deyil. Bu növ işıqforlar hərəkəti canlı nizamlayıcı olmadan tənzimləyir. Məsələn, Neftçilər prospektində olan işıqforların hamısı 90 saniyə qoyulduğu üçün tıxac yaranır. Ümumiyyətlə, Azərbaycanda işıqforlar düzgün tənzimlənmir. Hətta işıqforları süni intellektlə idarə etmək olar. Canlı tənzimləyicinin müdaxiləsi isə çox zaman əks-təsir göstərir. Qara Qarayev prospektindən Heydər Əliyev prospektinə çıxan yol, Babək prospektinin Moskva prospekti ilə birləşməsi də hər gün bağlanır. Ən çox problem müdaxilə olunan prospektlərdə yaranır. Bir sözlə, müdaxilənin xeyirdən çox, ziyanı var. Hərəkət avtomatik formada tənzimlənməlidir. Demək olar ki, hər sahədə inkişaf olsa da, nəqliyyat sahəsində problemlər bitmir. Sanki tıxac bəzi şəxslərə sərf edir".
A.Nəbiyevin sözlərinə görə, müəyyən edilmiş standartlardan kənara çıxılmamalıdır. Belə ki, işıqforların lazımsız yerlərdə quraşdırılması da ciddi problemlər yaradır: “Bəzi yerlərdə işıqforların çox olması yaxşıdır, tıxac olsa da, qəzaların sayını azaldır. Məsələn, 8 Noyabr prospektində quraşdırılan işıqforlar qəzaların qarşısının alınmasına müsbət təsir göstərib. Amma vaxtını düzgün tənzimləməyəndə bu problem yaradır. Fikrimcə, problemlərin həll olunmamasının əsas səbəblərindən biri də bəzi şəxslərin öz yerində olmamasıdır”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”