Bakıda velosiped sürənlər artır, yol çəkilir- bəs qiymətlər necədir?- Reportaj

 

Hazırda Azərbaycanda velosiped sürənlər kifayət qədər çoxalıb. Hətta bu səbəbdən bir çox park və mərkəzi küçələrdə velosiped yollarının çəkilməsi işləri aparılır. Məsələn, “Gənclik” parkı, “Dədə-Qorqud” parkı, “Atatürk” parkı və “Neftçilər” prospektində velosiped yolları çəkilib. Bu yolların çəkilməsi velosiped həvəskarlarını daha da həvəsləndirir. Nəticədə velosiped satılan mağazalarda müştərilər artır.

Yada salaq ki,  İsmayıllıda velosiped istehsal edən “ISMA” zavodu fəaliyyət göstərir. Hazırda həmin zavodda “Toba” brendi adı altında yeni velosipedlər istehsal edilir. Lakin bu velosipedlər həvəskar sürücülər tərəfindən bəyənilsə də, peşəkar sürücüləri o qədər də qane etmir. Buna səbəb velosipedlərin daha çox MTB (yolsuzluq) velosipedi olması və ötürücü sisteminin çox da professional olmaması ilə bağlıdır.

Bəs hansı velosipedlər daha keyfiyyətlidir? Velosipedlərin hansı növləri var? Velosiped bazarlarında qiymətlər necədir?

Peşəkarlar bildirirlər ki, velosipedin qiymətini bahalı edən amillər, onun ehtiyat hissələridir. Bu hissələrə əyləc sistemi, ötürücülər və ulduzlar aiddir. Qiymətə təsir göstərən digər amil isə velosipedin materialının hansı növ maddədən hazırlanmasıdır. Məsələn, polad materialdan olan velosipedin qiyməti ucuz olsa da, alüminium nisbətən daha bahadır. Ən bahalı velosiped isə qiyməti minimum 6000 manatdan başlayan karbon materiallı velosipedlərdir. Ümumilikdə isə Bakıda satılan velosipedlərin qiyməti 200 manatdan 10.000 manatadək dəyişir, hətta bəzən daha artıq qiymətə də satılır.

Musavat.com-un əməkdaşı olaraq araşdırmamız nəticəsində öyrəndik ki, 8-ci kilometr bazarında satılan velosipedlər əsasən Çində  istehsal edilən velosipedlərdir. Bu velosipedlərin qiyməti ölçü və modelinə görə dəyişir. Bazarda  qiyməti 150 manatdan 400-500 manatdək dəyişən velosiped görmək mümkündür.

Son zamanlar Bakıdakı iri elektronika mağazalarında da velosiped satıldığını görürük.  Elektronika mağazalarında isə Rusiya istehsalı olan velosipedlərə üstünlük verilir. Həmin velosipedlərin qiyməti 300  manatdan başlayır. Əksəriyyəti “Shimano” sistemi ilə təchiz olunduğuna görə müştərilər həmin velosipedləri alır və razı qalırlar.Şirkət barədə aşağıda məlumat verəcəyik. İndi isə velosipedlərin növlərinə diqqət edək.  Velosipedlərin 3 növü var. Dağ velosipedləri (MTB), şosse velosipedləri, şəhər velosipedləri. Bazarda apardığımız araşdırmadan məlum oldu ki, alıcılar əsasən dağ velosipedlərinə üstünlük verir. Elə satışda da onları daha çox görmək mümkündür.

Qiyməti daha da baha olan velosipedlərə gəldikdə isə  bu velosipedlər bazarda deyil, əsasən iri ticarət mərkəzlərində, idman mağazalarında tapmaq daha rahatdır.

Adı çəkilən yerlərdə əsasən xüsusi brend velosipedlər satılır. Bu velosipedlər Almaniya və digər ölkələrin istehsalı olan velosipedlərdir və  hazırlanma prosesində yüksək tərkibli alüminiumdan istifadə edilir. Qiymətləri isə  1500 manatdan 6000 manatadək dəyişir. Karbon materiallı velosipedlər isə 6000 manatdan 10000 manatadək dəyişən qiymətlə satılır.

Bəs velosiped alarkən nələrə diqqət etmək lazımdır?

Ümumiyyətlə, velosiped üçün ən keyfiyyətli ehtiyat hissələrini istehsal edən şirkət “Shimano” şirkəti hesab edilir. Bu şirkətin istehsal etdiyi ehtiyat hissələrini velosipedin həmin hissələrində eyniadlı loqodan görərək təyin etmək olar. Təbii ki, bu brendin də saxtaları bazarda var. Ona görə də velosiped alan zaman onun sənədlərini tələb etmək lazımdır. Velosiped satışı ilə məşğul olan iri mağazalarda satılan velosipedin sənədləri də alıcıya təqdim edilir. Burada velosiped haqqında bütün məlumatlara rast gəlmək olur. Eyni zamanda onun təkərinin, ötürücülərinin hansı şirkət tərəfindən istehsal edildiyi də orada qeyd edilir. 

Velosipedə marağın son zamanlarda artmasını sosial şəbəkələrdə də görmək mümkündür. Məsələn, Facebook-da  velosiped sürənlərin xüsusi qrupları var.

Həmin qrupda 300, 400 kilometrlik yolları qət edən velosipedçiləri görmək mümkündür.

Velosiped həvəskarları ən çox ölkədə velosiped yolunun olmamasından şikayətlənirlər. Bildirirlər ki, trasda hərəkət edən zaman da onları avtobus sürücüləri sıxışdırır və bu da bəzi hallarda ciddi xəsarət almaları ilə nəticələnir.

Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimli bildirib ki, velosiped zolağı ilə bağlı işlərin 2027-ci ildə yekunlaşacağı gözlənilir: “Bu layihə özündə üç mərhələni əks etdirir. Nəzərdə tutulan zolağın 2040-cı ilə qədər 251,2 km uzunluğunda olacağı gözlənilir", - deyə o qeyd edib.

BNA sədri onu da deyib ki, velosiped zolaqları hazır olduqca qaydalara da dəyişiklik edilməsi qaçılmazdır. Çünki velosipedi olan hər kəs həmin zolağa daxil ola bilməz. Bunun üçün müəyyən qaydalar müəyyən edilməlidir. O cümlədən velosipedin parametrləri də önəm daşıyır.

Qayda-qanun məsələsinə qaldıqda isə, mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq yol-patrul xidmətinin əməkdaşları tərəfindən yollarda bu cür vasitələrlə, yəni velosipedlər, mopedlər, skuterlərlə və yeni nəsil minik vasitələrilə qayda pozuntusu edən şəxslərə adekvat münasibət göstərilir və hüquq çərçivəsində lazımi tədbirlər görülür.  

İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə uyğun olaraq hərəkətin digər iştirakçıları qismində olan şəxslərə müvafiq hallarda 20 manatdan 100 manat məbləğinədək cərimə nəzərdə tutulub.

Anar Əhməd, Ləman Rüfətqızı
Musavat.com

08.04.2022 17:14
2271