Azərbaycanın Parisdəki səfiri Leyla Abdullayeva casusluq əməlləri törətməkdə şübhəli bilinən Fransa vətəndaşı Martin Ryanın həbs edildiyini təsdiq edib.
Musavat.com yenisabah.az-a istinadla xəbər verir ki, bu barədə diplomat AFP-yə müsahibə verib.
O qeyd edib ki, Martin Ryan 2023-cü il dekabrın 4-də həbs edilib. Məhkəmə tərəfindən onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Fransanın Bakıdakı səfirliyi həmin şəxsin həbsi barədə dərhal məlumatlandırılıb.
Martin Ryanın atası Riçard isə AFP-yə bildirib ki, ailə artıq onunla danışıb: "Onunla hər dəfə iki dəqiqə olmaqla dörd dəfə danışmışıq. Oğlum deyir ki, onunla yaxşı rəftar olunur və vəkili ilə əlaqə saxlayır".
Xatırladaq ki, "Merkorama MMC"nin baş direktoru Martin Ryan casusluqda ittiham olunur. "Ryan onu məxfi əməkdaşlığa məcbur edən, sonradan Bakıdan qovulmuş Fransanın 2 DGSE (Xarici Kəşfiyyat Baş İdarəsi) agenti tərəfindən istifadə (manipulyasiya) edilib", - yayılan məlumatda bildirilir.
Qeyd edək ki, daha əvvəl qərb mətbuatında yayılmış məlumatlara əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2023-cü il dekabr ayının əvvəlində həyata keçirdiyi araşdırmalar və həbslər nəticəsində Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub. Qısa müddət ərzində bir qismi həmin vaxt və ya əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb. Azərbaycan tərəfi qeyd olunan həbslərlə bağlı hələ ki rəsmi açıqlama verməyib.
Azərbaycan Fransanın iki diplomatını "persona non grata" elan edib, Fransa da buna cavab olaraq Azərbaycanın iki diplomatı barədə analoji addımı atıb.